Məhkəmə qərarları › İş №3(005)-2672/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2672/2023

26.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2672/2023 26.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi Şikayət vermiş şəxs X1 iştirakları ilə, X2 Azərbaycan Respublikası FHN-nin X7 Xidmətinin 3-cü ərazi DYNİ-nin tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X7 Xidmətinin 3-cü ərazi DYNİ-nin tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, o yeni tikilmiş (novastroyka) Bakı şəhəri Heydər Əliyev prospekti 83/85 ünvanında yerləşən (bundan sonra -Bina) mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin (bundan sonra MMMC) X8dir. MMC 03 yanvar 2019-cu il tarixində Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş və hazırda hüquqi şəxs kimi fəaliyyət göstərən qeyri kommersiya təşkilatıdr. X4 Nazirliyinin X7i Xidmətinin 3-cü ərazi DYNİ -nin əməkdaşları ilə bağlıdır. X7i şöbəsinin inspektoru daxili xidmət kapitanı Nurlan Qədimov 10 avqust 2023cü il tarixində ona qarşı qərəzli və əsassız şəkildə Bina ilə bağlı mövcud nöqsanları əks etdirərək Yanğın-texniki müayinə aktı tərtib etmişdir. Həmin Yanğın-texniki müayinə aktına istinadən barəsində xx.xx.2023-cü il tarixli MN № ******* saylı protokol tərtib edilmiş və 100 (yüz) manat məbləğində cərimə yazılmışdır. Tələbnamədən də göründüyü kimi ondan Binanı yanğına qarşı elektrik naqillərinin izolyasiya müqavimətlərinin yoxlanılmasını həyata keçirmək və sairə bu yöndə yanğına qarşı tədbirlərin görülməsi tələb olunmuşdur. AKT tərtib edilməmişdən öncə tikinti şirkətinin nümayəndəsilə binaya, binanın həyətinə müştərək baxış keçirilməli mövcud qüsurlar araşdırılmalı, razılaşdırılmış şəkildə imzalanmalıdır. Aktda tikinti şirkətinin nümayəndəsinin adı və imzası olmalıdır. Bina MMCyə təhvil verilmədiyi üçün o binaya cavabdehlik daşımır. Məsul şəxs deyil. Haqqında danışılan Yanğın-texniki müayinə aktı FHN-nin əməkdaşı Nurlan Qədimov tərəfindən özbaşına yazılaraq poçtla onun ünvanına göndərilmişdir. Aktın aşağı hissəsində (mətnin sonunda) qələmlə “İmza etməkdən imtina etdi” ifadəsi yazılmışdır ki, bu doğru deyil. Bina PİLOT layihəsi olaraq Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin göstərişi ilə "xxxx" MMC tərəfindən Dövlət büdcəsinin pul vəsaitləri hesabına inşa edilmişdir. Və təbii ki, Bina tikilərkən onun yanğına qarşı bütün avadanlıqlarla təmin edilməsin məqsədilə Dövlət büdcəsindən müvafiq vəsaitlər ayrılmışdır.Həmin vəsaitlər MMMC-yə yox, Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti və "xxxx" MMC-yə ayrılaraq verilmişdir. Bu səbəbdən də, Bina istismara verilərkən Nərimanov Rayon İcra Hakimiyyəti və "xxxx" MMC Binanı yanğına qarşı bütün qurğu və avadanlıqlarla (avtomatik yanğınxəbərverici, odsöndürən balonlar və s.) təmin etməli, elektrik naqillərinin izolyasiya müqavimətinin yoxlanılmasını həyata keçirməli və sairə bu tip yanğına qarşı tədbirlər görməlidirlər. 10 avqust 2023-cü il tarixli tələbnaməyə cavabdehliyi binanı inşa edən tikinti şirkəti, "xxxx"A MMC daşıyır.Nərimanov rayon İcra Hakimiyyəti və onun tabeliyində olan "xxxx"A MMC Binanı yanğına qarşı bütün qurğu və avadanlıqlarla təchiz etməli, Binanın yanğına qarşı bütün tələb və normativlərə cavab verməsini təmin etməli, FHN isə təftiş apararaq görülən işlərin standartlara cavab verilməsinə əmin olduqdan sonra tikinti şirkəti ilə qarşılıqlı hazırlanmış təhvil- təslim Aktına əsasən yeni tikilini balansına salmalı və daha sonra Bina istmara verilməlidir. Binanın yanğın təhükəsizlik normativlərinə cavab vermədiyini FHN-nin MMMC-yə ünvanladığı 17 aprel 2019-cu il 37/8-00044 saylı məktubu da təsdiq edir. Binanın həyətinin 50%-i “SOCAR” a (Geofizika və Geologiya idarəsi) məxsusdur ki, onlar müstəqil təşkilat olaraq öz sahələrindən istifadə edərək iş saatlarında həmin ərazidə avtomobillərini park edirlər. İnşa edilən binanın həyəti, dar küçəsi standartlara uyğun deyilsə məsuliyyət Bakı Tikinti və Şəhərsalma İdarəsi , Ekologiya Nazirliyi, şəhərin arxitektoru və FHN-nin üzərinə düşür. Çünki bina tikilməmişdən qabaq adları qeyd edilən idarələr normativ standartları nəzərə almalı və bunun əsasında rəy verilərək binanın tikintisinə icazə verilməlidir. Bina MMMC-yə təhvil verilmədiyi halda, MMMC-in X8 kimi mən yanğın təhlükəsizliyi qaydaların pozulmasıyla bağlı heç bir inzibatı xəta törətməmişəm. MMMC binanın sahə mülkiyyətçiləri tərəfindən müştərək yaradılmış bir cəmiyyətdir və cəmiyyətin üzvləri, yəni sakinlər öz vəsaitləri hesabına FHN-nin yanğına qarşı avadanlıq və qurğularının alınmasına narazıdırlar. Məhkəmə iclasında iştirak edən X3 şikayətin məzmununa uyğun çıxış edərək aktın onun iştirakı olmadan yazılması və məlumatlandırılmamasını nəzərə alaraq barəsində olan Azərbaycan Respublikası FHN-nin X7 Xidmətinin 3-cü ərazi DYNİ-nin tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərara xitam verilməsini xahiş etmişdir. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, inzibati xəta haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə qeyd edilən şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası FHN-nin X7 Xidmətinin 3-cü ərazi DYNİ-nin tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 (yüz) manat miqdarında şərti cərimə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli X1 İXM-nin 518.1-ci maddəsində ilə təqsirli bilinərək cərimə olunmasına dair Azərbaycan Respublikası FHN-nin X7 Xidmətinin 3-cü ərazi DYNİ-nin tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarı ləğv edilməli, işə yenidən baxılması Azərbaycan Respublikası FHN-nin X7 Xidmətinin 3-cü ərazi DYNİ-nə tapşırılmalıdır. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X3 tərəfindən yaşayış sahəsində yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulması və ya yerinə yetrilməməsi ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. İXM-nin 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 inzibati xətanın mövcudluğu ilə razılaşmadığı halda, inzibati orqan heç bir araşdırma aparmadan X3 barəsində xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edərək onun hüquqlarını pozmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X3 barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. X3 inzibati xətanın mövcudluğu ilə razı olmadığından iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası FHN-nin X7 Xidmətinin 3-cü ərazi DYNİ-nin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X1 İXM-nin 518.1-ci maddəsi ilə cərimə olunmasına dair xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, X3 barəsində işə yenidən baxılması Azərbaycan Respublikası FHN-nin X7 Xidmətinin 3-cü ərazi DYNİ-nə tapşırılmalıdır. Qeyd olunanlara əsasən və İXM-nin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası FHN-nin X7 Xidmətinin 3-cü ərazi DYNİ-nin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X1 İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə cərimə olunmasına dair xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və işə yenidən baxılması Azərbaycan Respublikası FHN-nin X7 Xidmətinin 3-cü ərazi DYNİ-nə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar