Məhkəmə qərarları › İş №3(005)-2677/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2677/2023

21.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2677/2023 21.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1984-ci il tarixdə Şamaxı rayonu, Məlikçobanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Şamaxı rayonu, Məlikçobanlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 333.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsi DYPİ tərəfindən xx.xx.2023-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir . Təqdim edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 09:10 radələrində «BMW» minik markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən müəyyən olunmuşdur ki, sürücü nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edir. Bununla əlaqədar barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzinbati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs təqdim etdiyi etiraz ərizəsində qeyd olunur ki, guya ki, o xx.xx.2023-cü il tarixində, saat 09:10-da Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə ona məxsus “BMW 530 minik” markalı, **-TM-*** dövlət qeydiyyatlı nişanlı nəqliyyat vasitəsini idarə edərkən sərxoş vəziyyətdə olmuşdur. Göstərilən inzibati xəta haqqında protokol əsassız şəkildə tərtib edilmişdir, onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1- ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməmişdir, sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməmiş və iş üzrə icraata aşağıdakı səbəblərdən xitam verilməlidir. xx.xx.2023-cü il tarixində, saat 09:10-da o Ziya Bünyadov prospekti ilə hərəkətdə olarkən Bakı şəhər DYPİ Yol patrul xidmətinin inspektoru, polis sıravisi X1 göstərişi ilə idarə etdiyi “BMW 530 minik” markalı, **-TM-*** dövlət qeydiyyatlı nişanlı nəqliyyat vasitəsini saxlamışdır. DYP əməkdaşı yaxınlaşıb sənədləri yoxladıqdan sonra, sərxoş vəziyyətdə olub-olmamagını yoxlamaq üçün xüsusi texniki vasitəni ona tərəf uzadaraq nəfəsindən nümunə götürdü və aparatda heç nə yazılmamasına rəğmən ona içkili olduğunu bildirdi. Şəxs DYP əməkdaşına bildirdi ki, o, Şamaxı rayonu, Məlikçobanlı kəndində qeydiyyatda olmaqla, orada yaşayır və usta işləyir. Hazırda da Heydər Əliyev prospekti 189 ünvanında yerləşən mənzildə işləmək üçün rayondan çıxaraq ora gedir. Təbil ki, Şamaxı ilə Bakı arasındakı 120 km-!ik məsafəni sərxoş vəziyyətdə nəqliyyat vasitəsi idarə edərək gəlməmiş və işə də içkili getmir. DYP əməkdaşına tələsdiyini və onu buraxmasını tələb etdikdə isə, bildirdi ki, o zaman gəl protokolda qeyd apar, onu buraxaq. DYP əməkdaşı onun savadsızlığından istifadə edərək, ona protokolda sərxoş vəziyyətdə olmağını etiraf edən ifadə yazdırdı. Dərhal DYP əməkdaşına iradını bildirdikdə isə, cavab olaraq dedi ki, burda heç bir problem yoxdur, artıq protokol qaralanıb, sərxoşluğunu etiraf et, sənə rəsmi xəbərdarlıq edəcəyik, sonra isə gedəcəksən. Polis məmurunun ona yalan danışmayacağını güman edərək razılaşmış və ifadəsinin altından imza edən kimi, polis məmuru dərhal onun maşınında sürücü yerinə əyləşərək, maşını cərimə meydançasına aparmış və sənədlərini də götürmüşdür. Daha sonra ona isə bildirdilər ki, Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinə yaxınlaşmağı, orada məsələni həll edərək, sənədlərini və nəqliyyat vasitəsini geri götürmək lazımdır. DYP əməkdaşının onu aldatdığını və sərxoş vəziyyətdə olmasa da, onu belə qeydiyyata alaraq inzibati xəta haqqında protokol tərtib etdiyini görən kimi, tanıdığı vəkilə zəng etmiş və ona dərhal tibbi müayinədən keçməyini məsləhət görmüşdür. O, oradan birbaşa sərxoşluq vəziyyətinin tibbi müayinəsi üçün Nizami metrostansiyası yaxınlığında yerləşən tibb məntəqəsinə getmiş və yoxlamadan keçərək xx.xx.2023-cü il tarixli, 2H8524 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” Aktını aldım. Göstərilən Aktın 12-ci bəndinin a yarımbəndində verilmiş rəydə “alkoqol sərxoşluğu vəziyyəti yoxdur” - “ayıq” tibbi təchizi qoyulmuşdur. Akt inzibati xəta haqqında protokolun tərtib olunduğu gün saat 11:45-də tərtib olunmuşdur. Aydın məsələdir ki, 2 saatdan bir az artıq müddətdə əgər o sərxoş idisə, sərxoşluq vəziyyəti keçmiş ola bilməzdi. Göstərilən tibbi müayinə aktını da götürərək Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinə yaxınlaşmış, lakin orada onun işinə baxan polis məmurları ümumiyyətlə Aktı qəbul etmədilər və sənədləri məhkəməyə göndərəcəklərini, dərdini məhkəmədə deyə biləcəyimi bildirdilərDaha sonra isə material baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatına daxil olmuşdur.Bir daha məhkəmənin nəzərinə çatdırıram ki, barəmdə AR İXM-nin 333.1-ci maddəsinə əsasən tərtib edilmiş inzibati xəta haqqında protokol əsassızdır və protokol tərtib olunan vaxt sərxoş vəziyyətdə olmamışdır. Bunu xx.xx.2023-cü il tarixli, 2H8524 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” Aktı da sübut edir. İnzibati xəta haqqında protokol tərtib edilərkən AR İXM-nin 100-cü maddəsinin tələbləri pozulmuşdur. İnzibati xətanın xüsusi texniki vasitələrdən istifadə olunmaqla aşkar edilməsinə baxmayaraq onun göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar ona təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXM-in 333.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə saat 09:10 radələrində «BMW» minik markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobili ayıq vəziyyətdə idarə etmişdir. Onun həmin günü ayıq olmasını təsdiq edən həkim müayinəsinin nəticəsi olan xx.xx.2023-cü il tarixli akt mövcuddur. Həmin sənədi məhkəməyə təqdim etmişdir və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində İXM-in 333.1ci maddəsində nəzərdə inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, xx.xx.2023-cü il tarixli, 2/18524 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı”ndan görünür ki, Şəxs həmin tarixdə ayıq olmuşdur (müayinənin vaxtı saat 11:45). “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 20-ci maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının səhiyyə müəssisələri yolnəqliyyat hadisələri nəticəsində zərər çəkənlərə yardım göstərilməsini təmin edir, nəqliyyat vasitəsini idarə edən şəxslərin alkoqoldan, narkotik vasitələr, psixotrop maddələrdən və güclü təsir göstərən digər maddələrdən istifadə nəticəsində sərxoş vəziyyətdə olub-olmadıqlarını müəyyən edir, onların uçotunu aparır, nəqliyyat vasitələrini idarə etməyə yararlılıq haqqında arayış verirlər; 83-cü maddəsinin İİİ hissəsinə əsasən müəyyən edilmiş hərəkət sürəti həddini aşmaq, texniki cəhətdən nasaz nəqliyyat vasitələrinin istismarı faktını və nəqliyyat vasitələrinin alkoqol və ya güclü təsir göstərən digər maddələrin istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi halları müəyyənləşdirmək üzrə nəzarəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşları yalnız xüsusi cihazlar vasitəsi ilə həyata keçirirlər (narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi üçün aparılan tibbi müayinə dövlət narkoloji-tibb müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir). Belə halları müəyyənləşdirmək üçün başqa üsullardan istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın: 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. 2.5-ci bəndinə əsasən şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polis əməkdaşları tərəfindən İXM-in 406-cı maddəsinə uyğun olaraq protokol tərtib edilir. İXM-in: 333.1-ci maddəsinin qeyd hissəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75.0.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir; 75.0.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 76.2-ci maddəsinə əsasən bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 209 saylı, xx.xx.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.5-ci bəndinə şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polis əməkdaşları tərəfindən İXM-in 406-cı maddəsinə uyğun olaraq protokol tərtib edilir. Bundan başqa, İXM-in: 69.1-ci maddəsinə əsasən işin nəticəsində maraqlı olmayan yetkinlik yaşına çatmış şəxslər inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında iştirak etmək üçün icraatında inzibati xəta haqqında iş olan vəzifəli şəxs tərəfindən hal şahidi kimi dəvət olunurlar. Hal şahidlərinin sayı iki nəfərdən az ola bilməz; 69.2-ci maddəsinə əsasən şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər; 69.3-cü maddəsinə əsasən hal şahidlərinin inzibati xəta haqqında iş üzrə icraatda iştirak etmələri protokolda qeyd edilir. Məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2023-cü il tarixli, 2/18524 nömrəli nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı”na əsasən Şəxs hadisə günü ayıq olmuşdur. Yəni Şəxs xx.xx.2023-cü il tarixdə sərxoşluq vəziyyətinə dair fərqli nəticələr müəyyən edən alkotester cihazı ilə müayinə olunmağa dair protokol və həkim müayinəsi aktı kimi sübutlar mövcuddur ki, bu da öz növbəsində Şəxs hadisə günü sərxoş olması faktını şübhə altında qoyur. İXM-in: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Belə olduğu halda, məhkəmə hesab edir ki, Şəxs İXM-in 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair məhkəməyə təqdim olunan sənədlər ziddiyyətli olmaqla onun sərxoş olmasını şübhə altına alır, buna görə də məhkəmə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələri onun xeyrinə həll edərək, şəxsin təqsirsiz olması və onun əməlində İXM-in 333.1-ci maddəsinin tərkibinin olmadığı qənaətinə gəlir. Bu səbəbdən də, yəni Şəxs əməlində İXM-in 333.1-ci maddəsinin tərkibi aşkar edilmədiyindən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata həmin hissədə xitam verilməlidir. İXM-in: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 333.1-ci maddəsinin tərkibi aşkar edilmədiyindən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 53, 114.2.1, 115, 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin tərkibi olmadığından, barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixdə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar