Məhkəmə qərarları › İş №3(005)-268/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-268/2025

04.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-268/2025 04.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi İnzibati protokol tərtib edən DİN-nin Baş X10 İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, DİN-nin Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş EQ seriyalı 24758674 nömrəli, xx.xx.2024cü il tarixli protokola dair tərtib olunmuş “İnzibati tənbeh vermə haqqında” qərarından verilmiş şikayət barədə X4 ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 DİN-nin Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş EQ seriyalı 24758674 nömrəli, xx.xx.2024-cü il tarixli protokola dair tərtib olunmuş “İnzibati tənbeh vermə haqqında” qərarının icrasına xitam verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. X1 şikayətini onunla əsaslandırmışdır ki, Baş X10 İdarəsinin barəsində EQ2478674 saylı, xx.xx.2024-cü il tarixli qərarı çıxarılmışdır. Ona sms gələn kimi dərhal Baş DYP-ua şikayət etmiş lakin şikayətinə bu günə kimi cavab gəlməyib. Dəfələrlə telefonla əlaqə saxlasa da bildirilb ki, guya onun şikayəti araşdırılır. Şikayətinə baxılmadığı üçün, xx.xx.2025-ci il tarixdə Nərimanov rayon DYPŞ getmiş və xx.xx.2024 tarixli qərarı almışdır. Qərarda göstərilir ki, guya Bakı şəhəri, Səbail rayonu, Bül-Bül-Ü.Hacıbəyov küçələrinin kəsişməsində İXM-nin 327.2-i maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətmişdir. Həmin ərazidə hər hansı xüsusi texniki vasitə olmamışdır, əgər varsa bu haqda sənədlər və həmin vasitənin sertifikatları məhkəməyə təqdim edilməlidir. Xüsusi texniki vasitə adı altında təqdim edilmiş guya ki, cihaz inzibati orqanın növbəti kələyidir. Həmin küçədə yalnız TŞ kamerası var. Xüsusi texniki vasitə ilə çəkilmiş fotoşəkillərin üzərində isə dəqiq tarix və saat yazılmalıdır. Ona aid çəkilmiş fotoşəkillərdə isə tarix və saat yazılmayıb. Fotoşəkillərin üzərində tarix və saat olmadığı üçün onların nə vaxt çəkilməsi sirr olaraq qalır. Qərarın müəyyən etdi hissəsində gah yazılıb ki, inzibati xəta xx.xx.2024-cü il tarixdə, saat 23:13-də baş verib, gah da yazılıb ki, inzibati xəta xx.xx.2024-cü il tarixdə, saat 16:27-də Səbail rayon ərazisində baş verib. Qərarda 2 cür saat yazılıb. Belə çıxır ki, bu saatların biri DYP əməkdaşı tərəfindən qəsdən əl ilə yazılıb. Halbuki xüsusi texniki vasitə ilə çıxarılan qərara müdaxilə, ona düzəliş etmək yolverilməzdir. DİN-nin Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş EQ seriyalı 24758674 nömrəli, xx.xx.2024-cü il tarixli protokola dair tərtib olunmuş “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv olunaraq icrasına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı şəhər BPİ-nin X10 İdarəsinin nümayəndəsi X5 məhkəmə iclasında çıxış edərək, X6 tərəfindən inzibati xətanın törədilməsini, Abdul Mehtiyevin yolayırcını keçərkən “Yol Hərəkəti haqqında Qanun”un 75-ci maddəsinin 2-ci bəndinin tələblərinə əməl etmədiyini, tərtib olunmuş inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərarın əsaslı olduğunu bildirdi və şikayətin təmin olunmamasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - DİN-nin Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş EQ seriyalı 24758674 nömrəli, xx.xx.2024cü il tarixli protokola dair tərtib olunmuş “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X6 xx.xx.2024-cü il tarixdə saat 23:13-də Səbail rayonu, Bülbül-Ü.Hacıbəyov küçəsində “Toyota Corollaah” markalı **-MA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Məhkəmə qeyd edir ki, elektron sənəd şəklində qərarın qəbul edilməsi mümkün olan maddələri tənzimləyən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasım, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə iclasında inzibati icraat aparan orqanın nümayəndəsi haqqında icraat aparılan Abdul Mehtiyevin yolayırcını keçərkən “Yol Hərəkəti haqqında Qanun”un 75-ci maddəsinin 2-ci bəndinin tələblərinə əməl etmədiyini bildirsə də, məhkəməyə təqdim etdiyi fotoşəkillərdən Abdul Mehtiyevin idarə etdiyi Toyota Corolla markalı avtomobilin yolayrıcını keçmə qaydalarını pozması görünmür. Həmin fotoşəkillərlə haqqında icraat aparılan şəxsin başqa istiqamətdən gələn avtomobillərin qarşısını kəsməsi (yəni tıxac yaratması) sübuta yetirilmir. Yol Hərəkəti haqqında Qanunun 75-ci maddəsinin 2-ci bəndinə əsasən əgər yolayrıcında, o cümlədən yolun hərəkət hissələrinin kəsişmə yerində, yaxud yolayrıcından və ya kəsişmə yerindən bilavasitə sonra tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya 1.25 nişanlanması ilə işarələnmiş kəsişmə yerinə daxil olması qadağandır. Qeyd edilənin maddənin tələbinə görə sürücünün digər istiqamətlərdən gələn nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacağı yolayrıcına daxil olması qadağandır, belə bir maneənin olmadığı halda daxil olmaq qadağan edilmir. Təqdim edilmiş fotoşəkillərlə məhz bu maneənin yaranması sübuta yetirilmir. Haqqında icraat aparılan şəxsin yaxınlığında digər istiqamətlərdən gələn hər hansı avtomobil yoxdur, hər hansı avtomobilin qarşısını kəsmir, yalnız arxasında ağ rəngli başqa avtomobil var, Abdul Mehtiyevin avtomobili isə yolların kəsişmə yerini ümumiyyətlə keçmişdir. A.Mehtiyevin vəsatətinə uyğun olaraq Bakı şəhəri, Səbail rayonu, Bül-Bül-Ü.Hacıbəyov küçələrinin kəsişməsi ünvanında xüsusi texniki vasitənin quraşdırılıb-quraşdırılmaması, müsbət halda bu vasitənin sertifikatı və metroloji sınağı barədə sənədlər təqdim etmək təklif edilsə də, inzibati orqanın nümayəndəsi bu haqda məhkəməyə hər hansı sənəd təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə olunmuş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X6 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində DİN-nin Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş EQ seriyalı 24758674 nömrəli, xx.xx.2024-cü il tarixli protokola dair tərtib olunmuş “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 11, 40, 43, 48-52, 118 və 145 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X3 İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 100 manat cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında DİN-nin Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş EQ seriyalı 24758674 nömrəli, xx.xx.2024-cü il tarixli protokola dair tərtib olunmuş “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardadın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar