Məhkəmə qərarları › İş №3(005)-2681/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2681/2021

10.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2681/2021 10.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin böyük icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin rəhbəri Şəxs vəkili fərdi fəaliyyət göstərən Vəkil iştirakları ilə, "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X2 Bakı Kommersiya Məhkəməsinin 17.06.2021-ci il tarixli, 2-2(113)-2841/2021 nömrəli icra sənədinin icrası ilə bağlı borclu "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 21 oktyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı Kommersiya Məhkəməsinin 17.06.2021-ci il tarixli, 2-2(113)- 2841/2021 nömrəli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən cəmi 17866 manat məbləğində vasait tələbkar “HilalLTD” müəssisəsinini xeyrinə qərəzli olaraq ödənilməmişdir. Nəticədə rəhbəri Şəxs tələbkara olan borcun ödənilməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Nəticədə, borclu "xxxx" MMC-nin rəhbəri ri Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokola əlavədən görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2841/2021 nömrəli, 17.06.2021-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən cəmi 17837 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" Müəssisəsinin xeyrinə ödənilməlidir. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 29 manat məbləğində vəsait borclu "xxxx" MMC-dən tutularaq tələbkar "xxxx" Müəssisəsinin xeyrinə ödənilməlidir. İcra sənədi şöbənin icraatına 11.08.2021-ci il tarixdə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün tələbkara və müvafiq məhkəməyə göndərilmişdir. İcra sənədinin icra olunması məqsədi ilə “Elektron İcra” İnformasiya Sistemindən borclu "xxxx" MMC-nin adına tələbin yönəldilə biləcəyi daşınar və daşınmaz əmlak aşkar edilməmiş, vergi məlumatlarında borclu "xxxx" MMC-nin "xxxx" ASC-də, "xxxx" ASC-də, "xxxx" QSC-də bank hesablarının olduğu müəyyən edilmiş və həmin bank hesablarına inkasso sərəncamı tərtib edilərək icra olunması üçün müvafiq banklara göndərilmiş, lakin bank hesablarında pul vəsaitinin olmaması müəyyən edilmişdir. İcra sənədinin icrası ilə bağlı “Elektron İcra” İnformasiya Sisteminin vergi məlumatlarından əldə edilmiş məlumata əsasən borclu "xxxx" MMC-nin rəhbərinin Şəxs olduğu göstərilmişdir. İcra sənədinin icrası ilə bağlı borclu "xxxx" MMC-nin rəhbəri Şəxs dəfələrlə icra məmuru tərəfindən telefon və sms bildiriş vasitəsilə şöbəyə dəvət olmasına baxmayaraq, şöbəyə gəlməkdən imtina etmişdir. İcra sənədi üzrə borclu "xxxx" MMC-nin rəhbəri Şəxs tərəfindən icra sənədi üzrə borc məbləğindən hazırki tarixədək heç bir ödəniş edilməmişdir. Bununla da borclu "xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədi üzrə tələbləri müəyyən edilmiş müddətdə icra etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən borclu "xxxx" MMC-nin rəhbəri Şəxs vəkili Vəkil izahatında göstərdi ki, sözügedən icra sənədi ilə bağlı Nərimanov rayon İcra şöbəsindən borclu "xxxx" MMC-nin hüquqi ünvanına hər hansı bildiriş, o cümlədən icraata başlamaq haqqında qərar daxil olmamışdır. İnzibati xəta haqqında iş üzrə məhkəməyə təqdim edilmiş sənədlərdən də görünür ki, icra məmuru icraata başlamaq haqqında qərar qəbul edib müvafiq bildiriş tərtib etsə də, həmin sənədləri "xxxx" MMC-nin rəhbəri Şəxs göndərməmişdir. Həmçinin, həmin sənədlərin borclu "xxxx" MMC-nin rəhbəri Şəxs göndərilməsi və çatdırılması barədə iş materiallarında da hər hansı məlumat yoxdur. İcra məmuru həmin sənədlərin çatdırılmasına dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Halbuki, icra sənədi üzrə icra məmurunun ilkin hərəkətləri icraata başlamaq haqqında qərar qəbul etməkdən və müvafiq bildirişlə birlikdə həmin qərarı könüllü icra barədə xəbərdarlıq etməklə borclunun ünvanına göndərməkdən ibarətdir. Bununla belə, icra məmuru könüllü icra bərədə bildirişi və icraata başlamaq haqqında qərarı borcluya rəsmi qaydada göndərməsə də, inzibati xəta haqqında işin materiallarından görünür ki, icra məmuru tərəfindən "xxxx" MMC ilə bağlı müxtəlf kredit və qeyri-kredit təşkilatlarına sorğular göndərilmiş, borclu hüquqi şəxsin bank hesablarında və mülkiyyətində hər hansı pul vəsaitinin və əmlakın olmaması dəqiqləşdirmişdir. "xxxx" MMC ölkədə fəaliyyət göstərən yüzlərlə digər hüquqi şəxslər kimi, uzun müddət davam edən koronavirus pandemiyası səbəbindən fəaliyyəti iflic olmuş, hər hansı iqtisadi fəaliyyət göstərə bilməmişdir. Uzun müddət ərzində davam edən bu fəaliyyətsizlik sonda ona gətirib çıxarmışdır ki, vergi orqanına müraciət olunaraq "xxxx" MMC-nin fəaliyyəti rəsmi qaydada müvəqqəti dayandırılmışdır. Göründüyü kimi məhkəmə qətnaməsinin icra edilməməsində "xxxx" MMC-nin qərəzi yoxdur. Buna baxmayaraq "xxxx" MMC-dən pul tutulmasına dair adı çəkilən məhkəmə qətnaməsinin icrası ilə bağlı müvafiq tədbirlər görülür. "xxxx" MMCnin rəhbəri Şəxs yazılı izahatını məhkəməyə təqdim etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, (070-050) ***-**-** nömrəli nömrələr "xxxx" MMC-nin rəhbəri Şəxs tərəfindən istifadə olunur və 06.10.2021-ci il tarixdə icra sənədinin icrası ilə bağlı həmin nömrəyə sms bildiriş göndərilmişdir. Həmin bildirişi aldıqdan sonra o, "xxxx" MMC-nin rəhbəri Şəxs nümayəndəsi kimi Nərimanov rayon İcra şöbəsində olmuşdur. Yekunda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Vəkil tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin rəhbəri Şəxs yazılı izahatından görünür ki, inzibati xəta haqqında iş üzrə məhkəməyə təqdim olunmuş sənədlərdən məlum olur ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2841/2021 nömrəli, 17.06.21-ci il tarixli icra sənədini əsas götürən icra məmuru borclu "xxxx" MMCdən 17837 manat məbləğində pul vəsaitinin tutulması barədə icra icraatına başlamışdır. Sözügedən icra sənədi ilə bağlı Nərimanov rayon İcra şöbəsindən borclu "xxxx" MMC-nin hüquqi ünvanına hər hansı bildiriş, o cümlədən icraata başlamaq haqqında qərar daxil olmamışdır. İnziabti xəta haqqında iş üzrə məhkəmə səndələrindən də görünür ki, icra məmuru adıçəkilən qərarı qəbul edib müvafiq bildirişi tərtib etsə də, həmin sənədlərin rəhbəri olduğu hüquqi şəxsin ünvanına göndərilməsi və çatdırılması barədə iş materiallarında hər hansı məlumat yoxdur. İcra məmuru həmin sənədlərin çatdırılmasına dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Halbuki, icra sənədi üzrə icra məmurunun ilkin hərəkətləri icraata başlamaq haqqında qərar qəbul etməkdən və müvafiq bildirişlə həmin qərarı könüllü icra barədə xəbərdarlıq etməklə borclunun ünvanına göndərməkdən ibarətdir. Göründüyü kimi, icra məmuru sonrakı icra hərəktlərinə davam etmiş, son nəticədə isə bu pozuntu borclu hüquqi şəxsin rəhbəri kimi Şəxs hüquqlarının pozulması ilə davam edərək hazırda məhkəmədə müzakirə olunan inzibati xəta haqqında protokolun tərtibi ilə nəticələnmişdir. Bununla belə, icra məmuru könüllü icra bərədə bildirişi və icraata başlamaq haqqında qərarı rəsmi qaydada göndərməsə də, inzibati xəta haqqında işin materiallarından görünür ki, onun tərəfindən "xxxx" MMC ilə bağlı müxtəlf kredit və qeyri-kredit təşkilatlarına sorğular göndərilmiş, borclu hüquqi şəxsin bank hesablarında və mülkiyyətində hər hansı pul vəsaitinin və əmlakın olmamasını dəqiqləşdirmişdir. Qeyd olunmalıdır ki, "xxxx" MMC ölkədə fəaliyyət göstərən yüzlərlə digər hüquqi şəxslər kimi, uzun müddət davam edən koronavirus pandemiyası səbəbindən, fəaliyyəti iflic olmuş, hər hansı iqtisadi fəaliyyət göstərə bilməmişdir. Uzun müddət ərzində davam edən bu fəaliyyətsizlik sonda ona gətirib çıxarmışdır ki, vergi orqanına müvafiq müraciət əsasında "xxxx" MMC-nin fəaliyyəti rəsmi qaydada müvəqqəti dayandırılmışdır. Bununla belə, "xxxx" MMC-dən pul tutulmasına dair adıçəkilən məhkəmə qətnaməsinin icrası ilə bağlı tərəflərindən müvafiq tədbirlər görülür. İzahata əlavə edilmiş mədaxil orderinin surətindən görünür ki, 27.10.2021- ci il tarixdə “AccsessBank”-ın Nərimanov filialı vasitəsi ilə tələbkar "xxxx" müəsissəsinə 500 manat pul köçürülmüş və pul köçürmələri hər ay davam etdiriləcəkdir. Hesab edir ki, məhkəmə qeyd etdiyi məzmunda izahatını mütləq nəzərə alıb inzibati xəta haqqında protokolla bağlı sübutlara tam, obyektiv və hərtərəfli araşdırma aparmaqla qiymət verəcək, inzibati protokolu tərtib edən orqan tərəfindən inzibati icraat qaydalarına əməl olunub-olunmaması tam yoxlanılacaq, iqtisadi çətinliklərdən asılı olaraq fəaliyyətini müvəqqəti dayandırmış hüquqi şəxsin rəhbərinin əməlini yüngülləşdirən halların olub-olmaması və bu səbəbdən inzibati məsuliyyətdən azad olunma imkanı kifayət qədər nəzərdən keçiriləcəkdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin rəhbəri Şəxs İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirildiyindən, o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında icra işinin materiallarına əsasən müəyyən olunur ki: Bakı Kommersiya Məhkəməsinin 17.06.2021-ci il tarixli, 2-2(113)-2841/2021 nömrəli icra sənədindən görünür ki, 17737 manat məbləğində əsas borc, 100 manat cərimə olmaqla, ümumlikdə 17837 manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" MMC-dən "xxxx" müəssisəsinin xeyrinə tutulmalıdır; “İcraata başlamaq haqqında” 11 avqust 2021-ci il tarixli qərardan və həmin tarixli e196278/2021-15-19-003 nömrəli bildirişin surətindən görünür ki, borclu "xxxx" MMC-yə icraata başlama haqqında qərarın surəti göndərilmiş və MMC Bakı Kommersiya Məhkəməsinin 17.06.2021-ci il tarixli, 2-2(113)-2841/2021 nömrəli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin 06.10.2021-ci il tarixli, 16630- 196278/21-15-19 nömrəli məktubundan görünür ki, "xxxx" MMC-nin rəhbəri Şəxs Bakı Kommersiya Məhkəməsinin 17.06.2021-ci il tarixli, 2-2(113)-2841/2021 nömrəli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; “SMS bildirişin” göndərilməsi barədə 06.10.2021-ci il tarixli çıxarışdan görünür ki, "xxxx" MMC-nin rəhbəri Şəxs Bakı şəhəri Nərimanov rayon İcra şöbəsi tərəfindən Bakı Kommersiya Məhkəməsinin 17.06.2021-ci il tarixli, 2-2(113)-2841/2021 nömrəli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə bildiriş göndərilmişdir. Məhkəmə iclasında icra işinin materialları ilə müəyyən edildi ki, Bakı Kommersiya Məhkəməsinin 17.06.2021-ci il tarixli, 2-2(113)-2841/2021 nömrəli icra sənədi üzrə vəzifəli şəxs "xxxx" MMC-nin rəhbəri Şəxs tərəfindən icra sənədinin icrası ilə edilmiş hərəkətsizliklərin məhkəmə qərarının icrasına maneçilik kimi qiymətləndiriləcəyi və bu barədə inzibati protokolda müvafiq qeydlər aparılaraq baxılması üçün müvafiq məhkəməyə təqdim olunacağı nəzərinə çatdırılmışdır. Qeyd olunanlar, yəni borclu vəzifəli şəxs tərəfindən icra sənədinə əsasən onun üzərinə qoyulan tələblərin icra olunmaması onun tərəfindən icra sənədinin üzrsüz səbəbdən və qərəzli olaraq icra edilməməsi kimi qiymətləndirilməsinə əsas verir. Məhkəmə, "xxxx" MMC-nin rəhbəri Şəxs icra sənədindən məlumatsız olması barədə izahatına tənqidi yanaşır və həmin izahatın inzibati məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilməsi nəticəsinə gəlir. Belə ki, iş materiallarından da göründüyü kimi, bildiriş, icraata başlamaq haqqında qərar "xxxx" MMC-nin hüquqi ünvanına göndərilmiş, eyni zamanda həmin MMC-nin rəhbəri Şəxs xəbərdarlıq olunmuş, həmçinin 06.10.2021-ci il tarixdə “SMS bildiriş”lə ona icra sənədi barədə məlumat verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi özünün bir çox qərarlarında məhkəmə aktlarının vaxtında icra edilməməsini ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsinin təmin edilməməsi kimi qiymətləndirmişdir. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İXM-in 528.1-ci maddəsinin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Hazırki iş üzrə borclu vəzifəli şəxs icra məmuru tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, icra sənədi üzrə tələbləri qərəzli olaraq yerinə yetirməmişdir. İXM-in 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin “Qeyd” hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə vəzifəli şəxs "xxxx" MMC-nin rəhbəri Şəxs əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri vardır və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar, həmçinin əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur. Beləliklə də, məhkəmə hesab edir ki, vəzifəli şəxs "xxxx" MMC-nin rəhbəri Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli və inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında İXM-in 32 və 33-cü maddələrinə müvafiq olaraq vəzifəli şəxs "xxxx" MMC-nin rəhbəri Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, "xxxx" MMC-nin rəhbəri Şəxs icra sənədinin icrasını qərəzli olaraq təmin etmədiyini, Azərbaycan Respublikası adından çıxarılmış məhkəmə qərarının icra edilməməsini, həmçinin inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq hesab edir ki, "xxxx" MMC-nin rəhbəri Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1200 (min iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar