Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2684/2025 05.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsin nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “Mango” geyim mağazasında ayaqqabının üzərindəki qiymət kağızında qiymətinin 105,99 manat göstərilməsinə baxmayaraq kassada 119,99 manata satılmışdır. Məhkəmə iclasında Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndəsi X2 bildirmişdir ki, xx.xx.2025ci il tarixdə vətəndaş Namazova X3 müraciət edərək xx.xx.2025-ci il tarixdə “Metropark” ticarət mərkəzində yerləşən “Mango” geyim mağazasından ayaqqabı aldığını, kassaya yaxınlaşanda qiymət fərqinin olduğunun müəyyən edildiyini, səbəb kimi avronun məzənnəsinin dəyişilməsi ilə izah edildiyini qeyd etməklə, “Sandals Zasos” markalı ayaqqabının üzərində olan etiketin və satış çekinin şəklini təqdim etmişdir. Agentlikdə araşdırma aparılarkən həqiqətən də etiketdə ayaqqabının qiymətinin 105,99 manat olmasına baxmayaraq satış çekinə əsasən 119,99 manata satıldığı müəyyən edilmişdir. İstehlakçılarının hüquqlarının pozulması faktı aşkar edildiyinə görə hüquqi şəxs Şəxs barəsində qanuna müvafiq olaraq Azərbaycan Respublikası İXM-in 447.0.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir və hüquqi şəxs tərəfindən törədilmiş inzibati xəta üzrə inzibati tənbeh tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsin nümayəndəsi (vəkili) Vəkil1 bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən “Metropark” ticarət mərkəzində yerləşən “Mango” geyim mağazasında bilavasitə vitrində və rəflərdə olan malların üzərində qiymətlər “119,99 AZN” olaraq qeyd olunsa da, mal anbardan gətirildiyi üçün endirim dövründən malın üzərində “105,99 AZN” qalmışdır. Yəni, alıcı, müştəri mağazaya daxil olub malları nəzərdən keçirərkən həmin ayaqqabının üzərindəki qiymətin 119,99 manat olmasını görmüşdür. Bu isə İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsində göstərilən, istehlakçıların hüquqlarının pozulması, yəni mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılması halını istisna edir. Belə ki, satıcının alıcı Nümayəndə aldadılmasında subyektiv cəhətdən qəsdi olmamışdır. Ona görə ki, həmin vaxt həqiqətən ayaqqabının dəyəri 119,99 manat olmuşdur. Mağazada aparılan videoçəkilişdən görünür ki, Nümayəndə hər hansı bir narazılıq ifadə etməmiş, ayaqqabının qiyməti ilə əlaqədar tərəflər arasında hər hansı narazılıq olmamışdır. Əgər vitrində ayaqqabının qiyməti 119,99 manat göstərilibsə bu halda İXM-in 447.0.1-ci maddəsinin tərkib hissəsinin (aldadılma) olması faktı yoxdur. İş materiallarına əlavə edilməsi üçün xx.xx.2025-ci il saat 16-17 radələrində “Mango” geyim mağazasında Nümayəndə iştirakı ilə qeydə alınmış videogörünüləri (3 faylda) təqdim edərək hüquqi şəxsin barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X5 izahatında bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən “Metropark” ticarət mərkəzində yerləşən “Mango” geyim mağazasında satıcı işləyir. Nümayəndə şəxsən tanımasa da, videogörüntülərə baxandan sonra həmin müştəriyə onun xidmət göstərdiyi müəyyən edilmişdir. Aysel xanım xx.xx.2025-ci il tarixdə mağazaya təxminən 1-2 saat ara ilə iki dəfə gəlmiş, mağazada vitrində olan və qiyməti 119,99 manat qeyd edilmiş ayaqqabını seçərək bəyənmiş, lakin ayaqqabının 37 ölçüsü satış rəfində olmamışdır. İkinci dəfə gələndə Aysel xanıma başqa müştəri üçün sifariş əsasında gətirilən, 37 ölçüdə istədiyi ayaqqabını təklif etmişdir. Aysel xanım razılaşdığı üçün anbardan daxil olan və kassadakı rəfdə saxladıqları digər ayaqqabını təqdim etmişdir. Bu ayaqqabı satış rəfində olmamış, anbardan daxil olduğuna görə üzərindəki qiymət etiketi dəyişdirilməmiş qalmış, ona görə ayaqqabının üzərində 105,99 manat qeyd olunmuşdur. Bir daha qeyd edir ki, “Sandals Zasos” markalı ayaqqabının vitrindəki qiyməti 119,99 manat idi. Aysel xanım məhsulun qiyməti barəsində mübahisə etməmiş, qiymətlə bağlı mağazaya hər hansı şikayət etməmişdir. Məhkəmə iclasında şahid Nümayəndə izahatında bildirmişdir ki, xx.xx.2025-ci il günorta saatlarından sonra “Metropark” ticarət mərkəzində yerləşən “Mango” geyim mağazasında “Sandals Zasos” markalı ayaqqabını bəyənmiş və satış rəfində onun qiymətinin 105,99 manat olduğunu görmüşdür. Elə həmin yerdə də ayaqqabının və qiymət etiketinin şəklini çəkmiş, digər ayaqqabılara baxmaq üçün başqa mağazalara gedib, bəyəndiyi olmadığı üçün yenidən “Mango” geyim mağazasına qayıtmışdır. Onun istədiyi 37 ölçüdə və istədiyi rəngdə digər müştəri üçün sifarişlə gətirilmiş ayaqqabını kassadakı rəfdən razılaşaraq almış, ödəniş edərkən məhsulun qiymətinin satış vitrinində olan eyni ayaqqabının etiket qiymətindən 14 manat baha olduğu məlum olmuşdur. Bu barədə soruşduqda avronun məzənnəsinin qalxması ilə əlaqədar qiymət dəyişikliyi edildiyi bildirilmişdir. Suallara cavab olaraq qeyd etmişdir ki, satın aldığı ayaqqabının etiketində ümumiyyətlə qiymət qeyd edilməmişdir. Onun şəklini çəkdiyi və Agentliyə göndərdiyi qiymət kağızı məhz satış vitrinindən götürdüyü ayaqqabının qiymətidir, dəqiqliklə baxılarsa mağazanın döşəməsindən də başa düşmək olar ki, kassada çəkilmiş şəkil deyildir. Ümumiyyətlə “Mango” geyim mağazasında tez-tez alış-veriş edir və belə hallara tez-tez rast gəlir. Bu kimi hallardan bezdiyinə görə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə şikayət etmişdir. Şikayət etməkdə məqsədi 14 manat fərqi geri qaytarmaq deyil, belə halların aradan qaldırılması üçün tədbir görülməsini təmin etmək olmuşdur. Hətta məhkəmə iclasına gəlməmişdən əvvəl xx.xx.2025-ci il tarixdə “Gənclik Mall” ticarət mərkəzində yerləşən “Mango” geyim mağazasında eyni ayaqqabını maraqlanarkən satış rəfində hazırda qiymətin 109,99 manat olduğunu müəyyən etmiş və fotosunu çəkmişdir. Qeyd olunan fotoşəkilləri məhkəməyə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il saat 12:59-da mobil telefonla fotoşəkli çəkilmiş ayaqqabının etiket kağızının üzərindəki qiymətdən görünür ki, “Sandals ZAZOS” adlı məhsulun qiyməti 105,99 manat kimi qeyd edilmişdir. xx.xx.2025-ci il tarixli satış qəbzinin surətindən görünür ki, “Sandals ZAZOS” adlı məhsula görə 119,99 manat ödəniş edilmişdir. xx.xx.2025-ci il saat 13:37-də mobil telefonla fotoşəkli çəkilmiş ayaqqabının etiket kağızının üzərindəki qiymətdən görünür ki, “Sandals ZAZOS” adlı məhsulun qiyməti 109,99 manat kimi qeyd edilmişdir. Videogörüntülərdən görünür ki, həmin görüntülər xx.xx.2025-ci ildə Nümayəndə “Metropark” ticarət mərkəzində yerləşən “Mango” geyim mağazasından alış-veriş etməsini özündə əks etdirir. Videogörüntü ilə Nümayəndə kassanın rəfindən ayaqqabının götürülərək təqdim edildiyi, sonuncunun onun ödənişini etdiyi görünsə də, videogörüntüdə səs olmadığına görə satıcı ilə aralarında nə kimi söhbətlərin olduğunu eşitmək, eləcə də satış rəflərindəki, habelə kassadakı rəfdən götürülmüş ayaqqabının etiketi üzərində olan qiymətləri görmək mümkün deyildir. xx.xx.2025-ci il tarixli imza və möhürsüz arayışdan görünür ki, Şəxs MMC-nin əməkdaşı tərəfindən elektron poçt vasitəsilə qiymət dəyişikliyi barədə xx.xx.2025-ci il tarixli idarədaxili bildirişlər göndərilmiş və qiymətin 119,99 manata dəyişdirilməsi barədə cədvəl bildirişə əlavə edilmişdir. Bildiriş və cədvəl arayışın məzmununa uyğundur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 447.0.1-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulmasına, yəni mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə - fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin 447.0.1-ci maddəsində “az miqdarda” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanununun: 13.1-ci maddəsinə əsasən satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (qida məhsulları barəsində isə; həm də qida və enerji dəyəri, tərkibi, miqdarı, keyfiyyət göstəriciləri, istehsal tarixi, yararlılıq müddəti, tərkibindəki allergenlər, mənşəyi), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. 18.0-cı maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədilə özündə aşağıdakı tələbləri ehtiva edir: 18.0.5. malların (xidmətlərin, işlərin) mənşəyi, kəmiyyəti və keyfiyyəti, yararlılıq müddəti, satış şərtləri, qiyməti barədə yalan və (və ya) natamam məlumatlar verməklə, yaxud haqsız, qeyri-dəqiq və gizli reklam vasitəsilə satıcılar və (və ya) reklamverici, reklam yaradıcısı, reklam istehsalçısı, reklam yayıcısı, rəqəmsal platforma təsirçisi və reklam agenti tərəfindən istehlakçıların (istifadəçilərin) aldadılmasının qarşısının alınmasını; 21-ci maddəsinə əsasən bu Qanunun pozulmasına görə təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın: 2.1.5-ci bəndinə əsasən satış qiyməti – mal vahidinə (kəmiyyətinə) qoyulmuş son qiymət məzənnəsidir. 4.15-ci bəndinə əsasən ticarət obyektlərinin vitrinlərində pərakəndə satış qiymətləri göstərilməklə ancaq satışda olan malların nümunələri qoyulur. 5.27-ci bəndinə əsasən istehlakçıya göstərilən xidmətlər, onların qiymətləri, şərtləri, eləcə də malların satışı ilə əlaqədar tətbiq edilən xidmətlərin formaları (əvvəlcədən sifariş, malların evə və digər təyinat yerinə çatdırılması və s.) haqqında da düzgün məlumat verilməlidir. 5.30-cu bəndinə əsasən satılan malların qiyməti, həmçinin müqavilə şərtləri qanunla güzəşt və imtiyaz tətbiq edilən istehlakçılar istisna olmaqla, bütün istehlakçılar üçün eyni olmalıdır. 5.31-ci bəndinə əsasən satışda olan bütün malların üzərində malın adı, növü və qiyməti göstərilməklə, dəqiq tərtib edilmiş qiymət kağızı, qiymət kağızının arxa tərəfində isə maddi məsul şəxsin imzası (və ya təşkilatın möhürü) və onun doldurulma tarixi olmalıdır. 17.15-ci bəndinə əsasən satış yerində (piştaxtalarda, vitrinlərdə və s.) malların qoyulması, onların nümunələrinin nümayiş etdirilməsi və ya satılan mallara dair məlumatların (malların təsvirlərinin, kataloqlarının, fotoşəkillərinin və s.) təqdim edilməsi qiymətin və pərakəndə alqı-satqı müqaviləsinin digər mühüm şərtlərinin göstərilibgöstərilməməsindən asılı olmayaraq ümumi oferta sayılır, lakin satıcının müəyyən malların satış üçün nəzərdə tutulmadığını aşkar müəyyənləşdirdiyi hal istisna təşkil edir. Məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Məhkəmə tərəflərin çıxışlarını və şahidlərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinin tərkibinin olması tam sübuta yetirilir. Belə ki, məhkəmədə inzibati xəta haqqında iş üzrə icraata baxılarkən müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında, “Metropark” ticarət mərkəzində “Mango” geyim mağazasının satış rəfində “Sandals Zasos” markalı ayaqqabı üzərindəki qiymət kağızına əsasən 105,99 manat olmasına baxmayaraq Nümayəndə 119,99 manata satılmış, bununla da istehlakçıya 14 manat maddi ziyan vurulmaqla o, mal satan tərəfindən malın hesabına dair az miqdarda aldadılmışdır. İnzibati хəta ilə bağlı işin materialları, işin faktiki halları, tədqiq edilmiş sübutlar, şahidlərin izahatları, xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, ona əlavə edilmiş qiymətə və satış çekinə dair fotoşəkillərdə qiymət fərqinin olması Şəxs MMC-nin istehlakçının hüquqlarını pozduğunu, istehlakçını maraqlandıran malın qiyməti zəruri və düzgün məlumat verməkdən ibarət olan qanunla müəyyən edilmiş öhdəliyini yerinə yetirmədiyini təsdiq edir. Məhkəmə Şəxs MMC-nin müdafiə xarakterli dəlillərinə münasibət bildirməyi zəruri hesab edərək qeyd edir ki, Nümayəndə izahatı və məhz onun təqdim etdiyi fotoşəkillərlə mağazanın satış rəfində olan məhsulun qiymətinin 105,99 manat olduğu, ona satılan məhsulun üzərində isə ümumiyyətlə qiymətlə bağlı etiketin olmadığı müəyyən edilir. Digər bir dəlilə münasibətdə isə qeyd edilməlidir ki, qiymət dəyişikliyi barədə MMC tərəfindən idarədaxili bildiriş göndərildikdən sonra satıcı müvafiq dəyişikliyi tam icra etməklə məhsulu satış rəfinə müvafiq dəyişikliyə uyğun yerləşdirməli və istehlakçıya həmin qaydada təqdim etməli idi. Lakin Nümayəndə məhkəmə iclasında təqdim etdiyi xx.xx.2025-ci il tarixli fotoşəkildən müəyyən olunur ki, “Mango” geyim mağazasında həmin vaxtda eyni məhsulun təxminən iki ay əvvəldən ünvanlanmış bildiriş üzrə qiyməti 119,99 manata dəyişdirilməmiş, satış rəfində 109,99 manatdan satışa çıxarılmışdır. Göründüyü kimi hüquqi şəxs öz əməlinin hüquqazidd xarakterini dərk etmiş, onun istehlakçıların hüquqların pozulmasından ibarət olan zərərli nəticələrini qabaqcadan görmüş, belə nəticələrin baş verməməsi üçün zəruri tədbirlərin görülməsini, qanuna və qaydalara əsasən satışda olan bütün malların üzərində malın adı, növü və qiyməti göstərilməklə, dəqiq tərtib edilmiş qiymət kağızının olmasını təmin etməmiş, şüurlu surətdə bu nəticələrin baş verməsinə yol vermişdir. İnsan və vətəndaş hüquqları və azadlıqları, iqtisadi maraqları, idarəçilik qaydalarının qorunması, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısını almaq üçün qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlik prinsipləri təmin edilməli, dövlət orqanları isə öz növbəsində inzibati xətaların törədilməsinin qarşısının alınması, buna kömək edən səbəbləri və şəraitin aşkar edilməsi, aradan qaldırılması, qanunlara ciddi əməl etmək üçün tədbirlərin icra edilməsini təşkil etməlidirlər. Qeyd olunmalıdır ki, qəsdən törədilən inzibati xəta və ya ehtiyatsızlıqdan törədilənin inzibati xətaya görə qanunvericiliklə müəyyən olunmuş qaydada prosedur qaydalar gözlənilməklə dövlət məcburetmə tədbirləri tətbiq edilir və göstərilən hər iki hal inzibati xəta törədən şəxs barəsində yaranmış arzuolunmaz hüquqi nəticələrə, yəni inzibati xəta törədən şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq etməsinə səbəb olur. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 447.0.1-ci maddəsi ilə təqsirli bilinməli və inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-3.6-cı maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında hüquqi şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xəta haqqında iş üzrə məsrəf yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 31, 40, 43, 48-51, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 4000 (dörd min) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Musayev
Məhkəmə qərarları › İş №3(005)-2684/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2684/2025
05.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver