Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2685/2025 14.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, X2 Etibar qızının katibliyi, Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 529.1-1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən tərtib olunmuş 14 may 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol görə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)-4922/2025 saylı qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən tərtib olunmuş 14 may 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə Şəxs oğlunun şikayəti baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. 14 may 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vəzifəli şəxs Şəxs tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar X3 Xidmətinin xx.xx.2025-ci il tarixli, 3-17-5/2- 29051/2025 nömrəli məktubunda nəzərdə tutulmuş tədbirlər görülməmiş, nəticədə Şəxs oğlu tərəfindən Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs protokola etiraz edərək, “Bakı Neft Qaz X4” QSC barəsində də analoji maddə ilə icraat başlanıldığını, həmin icraata Nərimaonv Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(005)-1679/2025 saylı qərarı ilə xitam verildiyini, həmin qərardan verilmiş şikayətin Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1938/2025 saylı qərarı ilə dəyişdirilmədən saxlanıldığını, qeyd edilənləri nəzərə alaraq, hazırki icraata da xitam verilməsini xahiş etdi. Qeyd etdi ki, Əmək Müfəttişliyi tərəfindən iddia edilən qərar müəssisəyə və ya tərəfinə daxil olmamış, bu barədə İcra şöbəsindən məlumat almışlar və dərhal cəriməni icra etmişlər Məhkəmə iclasında iştirak edən X3 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X5 protokolu müdafiə edərək, vəzifəli şəxsin inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Qeyd etdi ki, həmin sənədin hüquqi şəxsə çatdırılmasını təsdiq edən hər hansı xəbərnamə mövcud deyildir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-nin: 3-cü maddəsinə əsasən Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 529.1-1-ci maddəsinə əsasən, Bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, iş materiallarında olan sənədləri, o cümlədən 14 may 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin 07 aprel 2025-ci il tarixli məktubunu hərtərəfli, tam və obyektiv tədqiq edərək hesab edir ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Preyudisiya prinsipinin tətbiqi və işin faktiki hallarının qiymətləndirilməsi: Məhkəmə, şikayətçi tərəfindən təqdim edilmiş və işin hallarının araşdırılması üçün fundamental əhəmiyyət kəsb edən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, 3(005)-1679/2025 nömrəli qanuni qüvvəyə minmiş qərarını nəzərə alır. Həmin qərarla, eyni faktiki hallara, yəni Əmək Müfəttişliyini müvafiq göstəriş məktubunun icra edilməməsi iddiasına əsaslanan və hüquqi şəxsin özü barəsində başlanmış inzibati xəta haqqında işin icraatına, təqsirliliyi sübuta yetirilməməsi əsası ilə xitam verilmişdir. Həmin qərardan verilmiş apellyasiya şikayəti isə Bakı Apellyasiya Məhkəməsinin 3(103)- 1938/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə təmin edilməmiş və dəyişdirilmədən saxlanılmışdır. İnzibati Xətalar Məcəlləsində birbaşa təsbit edilməsə də, hüququn ümumi prinsiplərindən olan res judicata (həll edilmiş iş) və onunla sıx bağlı olan preyudisiallıq institutu, eyni faktlar üzrə təkrar mübahisələrin qarşısını almaqla hüquqi müəyyənliyi təmin edir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir (“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 11 noyabr 2021-ci il tarixli Qərar). Bu baxımdan, məhkəmə hesab edir ki, bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş hallar digər işə baxılarkən təkrarən sübuta yetirilmədən qəbul edilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 iyun 2025-ci il tarixli qərarı ilə “Bakı Neft Qaz X4” QSC-nin əməlində İXM-nin 529.1-1-ci maddəsinin tərkib əlamətlərinin sübuta yetirilmədiyi təsdiq edilmişdir. İXM-nin 18.2-ci maddəsinə əsasən, hüquqi şəxs inzibati məsuliyyətə məhz onun vəzifəli şəxsi tərəfindən hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilən inzibati xətaya görə cəlb edilir. Əgər hüquqi şəxsin özünün əməlində xəta tərkibi olmadığı məhkəmə qaydasında təsdiqini tapmışdırsa, həmin əməlin törədilməsində ittiham olunan vəzifəli şəxsin (hüquqi şəxsin rəhbərinin) məsuliyyətə cəlb edilməsi hüquqi məntiqə və ədalət mühakiməsinin prinsiplərinə ziddir. Çünki, vəzifəli şəxsin məsuliyyəti törəmə xarakter daşıyaraq, hüquqi şəxsin məsuliyyətindən ayrı təsəvvür edilə bilməz. Hüquqi şəxs barəsində icraata xitam verilməsi, faktiki olaraq, inzibati xəta hadisəsinin və ya tərkibinin mövcud olmadığını təsdiqləyir. Təqsirsizlik prezumpsiyası və sübutetmə yükü: İXM-nin 8-ci maddəsi ilə təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipi, inzibati məsuliyyətə cəlb edilən şəxsin təqsirinin səlahiyyətli orqan tərəfindən mübahisəsiz sübutlarla təsdiqlənməsini tələb edir. Bütün aradan qaldırıla bilinməyən şübhələr şəxsin xeyrinə həll edilməlidir. Hazırkı işdə, səlahiyyətli orqan Şəxs sözügedən məktubun çatdırılmasını təsdiq edən hər hansı mötəbər, etibarlı və qanuni yolla əldə edilmiş sübut təqdim etməmişdir. Bu halda, İXM-nin 76.1-ci maddəsinin tələblərinə uyğun olaraq, şəxsin təqsirini təsdiq edən faktiki məlumatlar mövcud deyil. Buna görə də, İXM-nin 53.2-ci maddəsinə əsasən, təqsirliliyi sübuta yetirilmədikdə, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Hazırkı iş üzrə Şəxs-yə İXM-nin 529.1-1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Həmin normanın dispozisiyasına görə, İXM-nin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsi inzibati məsuliyyətə səbəb olur. İXM-in 150.5.1ci maddəsi, öz növbəsində, vəzifəli şəxsin işlədiyi, oxuduğu və ya əmək haqqı aldığı müəssisə, idarə və ya təşkilatın inzibati cərimə tətbiq etmə haqqında qərarın surətini aldıqdan sonra həmin cəriməni vəzifəli şəxsin əmək haqqından və ya digər gəlirlərindən tutmaq öhdəliyini müəyyən edir. Göründüyü kimi, İXM-nin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın obyektiv cəhəti, yəni hüquqazidd əməl, qərarın icrası ilə bağlı tədbirlərin görülməməsində ifadə olunan hərəkətsizlikdir. Bu hərəkətsizliyin hüquqazidd xarakter daşıması üçün isə müvafiq hüquqi faktın, yəni Xidmətin inzibati cərimə tətbiq etmə haqqında qərarın icrasını təmin etmək məqsədilə Şəxs-yə ünvanlanmış məktubunun sonuncuya İXM-nin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada rəsmi qaydada verilməsi sübuta yetirilməlidir. Məhz bu təqdimetmə faktı hüquqi şəxs üçün qanunla müəyyən edilmiş vəzifəni yaradır və bu vəzifənin icra edilməməsi inzibati xəta tərkibinin yaranmasına səbəb olur. İXM-in 57.1-ci maddəsi imperativ qaydada müəyyən edir ki, inzibati xətalar haqqında işlər üzrə sənədlər, o cümlədən icra ilə bağlı məktublar, ünvan sahibinə “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır və ya səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən təqdim edilir. Həmin Məcəllənin 57.2-ci və 57.5-ci maddələri isə sənədin məhz ünvan sahibinə və ya müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verildiyi vaxtdan rəsmi qaydada verilmiş hesab olunmasını təsbit edir. Məhkəmə, İXM-nin 18.3-cü maddəsinin ("hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş ... vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir") təfsirini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2023-cü il tarixli Qərarı kontekstində həyata keçirir. Həmin Qərara əsasən, bir xətaya görə hər iki subyektin (hüquqi və vəzifəli şəxsin) məsuliyyətə cəlb edilməsi, yalnız o halda mümkündür ki, vəzifəli şəxsin hüquqazidd əməli hüquqi şəxsin nəzarətsizliyi və ya yol verməsi nəticəsində baş versin. Bu, o deməkdir ki, hər iki subyektin məsuliyyəti üçün ümumi bir hüquq pozuntusu faktının mövcudluğu şərtdir. Əgər məhkəmə qərarı ilə hüquqi şəxsin əməlində xəta tərkibinin olmadığı müəyyən edilibsə, deməli, vəzifəli şəxsin məsuliyyətə cəlb edilməsi üçün də hüquqi əsas aradan qalxır. Nəticə olaraq, məhkəmə hesab edir ki, X1 barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar, preyudisial əhəmiyyətə malik məhkəmə qərarına zidd olmaqla, təqsirsizlik prezumpsiyası prinsipini pozmaqla və təqsiri sübuta yetirən mötəbər sübutlar olmadan qəbul edilmişdir. Bu səbəbdən, İXM-nin 134.1.3 və 135.1.5-1-ci maddələrinə uyğun olaraq, mübahisələndirilən qərar ləğv edilməli və İXM-nin 53.2-ci maddəsinə əsasən, təqsirliliyi sübuta yetirilmədiyi üçün iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Şəxs İXM-nin 529.1-1-ci maddəsi nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilmədiyindəN, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən, məhkəmə, Azərbaycan Respublikası İXM-nin 18, 53.1.2, 105.1, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim: Kamal Babayev
Məhkəmə qərarları › İş №3(005)-2685/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2685/2025
14.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver