Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2686/2025 12.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin nümayəndəsi X3 iştirakı ilə, Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən EQ 28972225 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X6 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən EQ 28972225 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayətlə müraciət edərək qərarın ləğv edilməsini və xeyrinə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ28972225 saylı qərarı əsasən AR İXM-nin 346.4-cü maddəsi ilə təqsirli bilərək 80 manat cərimə olunmuşdur. Hesab edir ki, qərarlar əsassızdır və ləğv edilməldiir. Cərimənin tətbiq edilməsinə əsas kimi, xx.xx.2025-ci il tarixdə, Bakı şəhəri, Təbriz küçəsində, “Metropark” ticarət mərkəzinin qarşısında, ikinci cərgədə avtomobili cəmi 15-20 saniyə saxlamağı olmuşdur. Bildirir ki, o, taksi fəaliyyəti ilə məşğul olur. Həmin vaxt maşında olan müştərini çatma nöqtəsinə düşürmüşdür. Yolun sağdan birinci zolağı parkinq zolağıdır və orda nəqliyyat vasitələri ilə dolu olmuşdur. Yəni, o, sağ zolaq boş olduğu halda ikinci zolaqda maşın saxlamamışdır. Bu səbəbdən, tərəfindən AR İXM-nin 346.4-cü maddəsinin tələbləri pozulmamışdır. Buna görə də, ona 80 manat məbləğində inzibati cərimə və 2 cərimə balı növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 28972225 saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən X6 şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, şikayəti əsaslıdır. Məhkəmədən şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin nümayəndəsi X5 inzibati xəta hadisəsini özündə əks etdirən fotogörüntünü məhkəməyə təqdim edərək X6 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğuna görə şikayətin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: DİN BDYPİ-nin X2 xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X6 “BYD QİN PLUS Plug-İN Hibrid” minik markalı, **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə dayanma və durma qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4cü maddəsi ilə təqsirli bilinərək 72 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxsi dinləyib, iş materiallarını nəzərdən keçirib belə qənaətə gəlir ki, A.Bayramov tərəfindən inzibati xətanın törədilmədiyi bildirilsə də, şəxs bu barədə məhkəməyə əsaslı dəlil təqdim edə bilməmişdir. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə – səksən manat məbləğində cərimə edilir. “Yol hərəkəti” haqqında Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən: 29) nəqliyyat vasitəsinin dayanması – adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxt ərzində nəqliyyat vasitəsinin hərəkətsiz vəziyyətə gətirilməsidir; 31) nəqliyyat vasitəsinin durması – əgər nəqliyyat vasitəsi digər yol istifadəçisi və ya hər hansı maneə ilə toqquşmanın qarşısını almaq və ya hərəkət qaydalarının göstərişlərini yerinə yetirmək səbəblərindən başqa digər səbəblərə görə hərəkətsiz vəziyyətə gətirilmişdirsə və onun dayanması adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxtla məhdudlaşmırsa, nəqliyyat vasitəsi durmuş hesab edilir; 52-ci maddəsinə əsasən: İ. Nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində - yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması qadağandır. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X6 öz şikayət ərizəsində inzibati xəta törətmədiyini irəli sürmüşdür. X1 inzibati xətanı törətməməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmiş və şikayət ərizəsində və çıxışında qeyd etdiyi halları əsaslandırmamışdır. Halbuki iş materiallarında olan fotoşəkillərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, X6 istifadəsində olan “BYD QİN PLUS Plug-İN Hibrid” minik markalı, **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2025-ci il tarixdə idarə etdiyi zaman yolun hərəkət hissəsinin kənarında - ikinci cərgədə saxlamış və avtomobilin arxa sağ qapısı açıq vəziyyətdədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilməmişdir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Məhkəmə Azərbaycan Respublikası İXM-in 135-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün digər əsasların mövcud olmamasını nəzərə alaraq nəticəyə gəlir ki, X4 şikayəti təmin edilməməli, Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş EQ 28972225 nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 137- ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş EQ 28972225 nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev
Məhkəmə qərarları › İş №3(005)-2686/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2686/2025
12.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver