Məhkəmə qərarları › İş №3(005)-2687/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2687/2025

28.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2687/2025 28.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 Etibar qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Nümayəndə, Zərərçəkmiş şəxsin nümayəndəsi X2 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Nümayəndə tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 23 iyul 2025-ci protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 23 iyul 2025-ci İnzibati xəta haqqında” protokoldan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2677/2024 saylı, xx.xx.2024-cü il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2518/2023 saylı, xx.xx.2023-cü il tarixli və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4309/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədləri üzrə Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin nümayəndəsi X4 çıxış edərək bildirmişdir ki, universitet 2016-cı ildə fəaliyyətini dayandırıb, sonradan bildiyinə görə Təbriz 29 ünvanında qanunsuz fəaliyyət göstərib. Artıq neçə ildir ki, Təfəkkür Universiteti tərəfindən məhkəmə qərarı icra edilmir. Bununla bağlı bütün sorğular verilmiş, tədbirlər görülsə də, nəticə əldə edilməmişdir. Məhkəmə yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və icra məmuru məhkəmə iclasına gəlməmiş və bu barədə heç bir məlumat verməmişdir. Məhkəmə qeyd edilən şəxslərin iştirakı olmadan məhkəmə prosesinin davam etdirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2518/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Elm və Təhsil Mərkəzi "Təfəkkür” Universitetindən 13650 manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 175 manat pulun 85 manatı, cəmi 13735 (on üç min yeddi yüz otuz beş) manat məbləğində pul tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi nəzərdə tutulmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4309/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Elm və Təhsil Mərkəzi "Təfəkkür” Universitetindən 11200 (on bir min iki yüz manat) manat pul, mənəvi ziyana görə 200 (iki yüz) manat və 153.60 (yüz əlli üç manat, altmış qəpik) manat dövlət rüsumu iddiaçı X1 ödənilməsi nəzərdə tutulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6992/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin apellyasiya şikayəti qismən təmin edilməsi, hazırkı mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 noyabr 2023-cü il tarixli qətnamənin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı Zərərçəkmiş şəxs cavabdeh Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə qarşı “pulun ödənilməsi tələbi barədə” iddiasının qismən təmin edilməsi, cavabdeh Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetindən 13.650 (on üç min altı yüz əlli) manat məbləğində pul tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi, iddia ərizəsinin verilməsi üçün iddiaçının ödədiyi dövlət rüsumunun əvəzi - 85 (səksən beş) manat cavabdeh Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetindən tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi nəzərdə tutulmuşdur. Bir neçə sənədin bir icraatda birləşdirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2518/2023 saylı xx.xx.2023-cü il tarixli , Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4309/2023 saylı xx.xx.2023-cü il tarixli icra və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2677/2024 saylı xx.xx.2024-cü il tarixli sənədlərinə əsasən Nərimanov rayon icra şöbəsinin icraatında olan icra sənədləri ümumi icraatda 49249/2024 № ilə birləşdirilmişdir. Məhkəmədə tədqiq edilmiş “İcraata başlamaq haqqında” 10.01.204-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2025-ci il tarixli qərarlardan və həmin tarixli bildirişlərdən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2518/2023 saylı xx.xx.2023-cü il tarixli , Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4309/2023 saylı xx.xx.2023-cü il tarixli icra və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2677/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədlərinin Şəxs tərəfindən könüllü icra edilməsi barədə borcluya məlumat verilmişdir. Elektron icra sistemindən edilmiş çıxarışdan görünür ki, Elm və Təfəkkür Universiteti fəaliyyətini müvəqqəti dayandırmışdır. Elektron icra sistemindən edilmiş çıxarışdan görünür ki, Elm və Təfəkkür universitetinin bütün hesabları üzərinə həbs qoyulmuşdur. Hüquqi məsələlər Azərbaycan Respublikası İXM-nin: 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən, Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Hazırkı inzibati xəta haqqında iş üzrə icraatın predmeti, Şəxs Elm və Təhsil Mərkəzi "Təfəkkür” Universitetinin rəhbəri qismində, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədib-törətməməsi məsələsinin müəyyən edilməsindən ibarətdir. İXM-nin 528.1-ci maddəsinin dispozisiyası, inzibati məsuliyyətin yaranması üçün iki fundamental şərtin mövcudluğunu tələb edir: icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi, yaxud icra məmurunun digər qanuni tələblərinin yerinə yetirilməməsi. Hər iki halda, əməlin hüquqi tərkibinin mövcudluğu üçün təqsir elementinin, xüsusilə də üzrsüz səbəbin olması zəruri şərtdir. İXMnin 3-cü maddəsi də imperativ qaydada müəyyən edir ki, yalnız inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş və bu əməlin törədilməsində təqsirli hesab edilən şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Məhkəmə, icraatın obyektiv tərəfini təhlil edərək müəyyən edir ki, Bakı Apellyasiya Məhkəməsinin və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarları mövcuddur və bu qərarların icrası ilə bağlı icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarlar qəbul edilmiş, borclu tərəfə könüllü icra üçün müddət müəyyən edilmişdir. Həmin qərarların icra edilmədiyi faktı da mübahisəsizdir. Lakin, inzibati məsuliyyətin yaranması üçün yalnız əməlin obyektiv cəhətinin mövcudluğu kifayət deyildir, həmçinin subyektiv cəhətin, yəni təqsirin olması mütləqdir. İcra sənədləri üzrə borclu fiziki şəxs Şəxs deyil, Elm və Təhsil Mərkəzi "Təfəkkür” Universiteti adlı hüquqi şəxsdir. Şəxs isə həmin hüquqi şəxsin nümayəndəsi qismində çıxış edir. İş materiallarından və zərərçəkmişin nümayəndəsinin izahatından göründüyü kimi, "Təfəkkür” Universiteti 2016-cı ildən etibarən fəaliyyətini tamamilə dayandırmışdır. Fəaliyyət göstərməyən, heç bir təsərrüfat əməliyyatı aparmayan və gəlir əldə etməyən bir hüquqi şəxsin maliyyə öhdəliklərini icra etməsi obyektiv olaraq qeyri-mümkündür. Bu fakt iş materiallarına əlavə edilmiş, elektron icra sistemindən edilmiş çıxarışdan da aydın şəkildə görünür. İcra məmurunun təqdim etdiyi sənədlərdən görünür ki, Universitetin bank hesablarına həbs qoyulsa da, bu hesablarda hər hansı bir pul vəsaiti mövcud deyil. Eyni zamanda, icra məmuru tərəfindən hüquqi şəxsin hər hansı digər əmlakının (daşınar və ya daşınmaz) aşkar edilməsi, onların üzərinə həbs qoyulması və satışa çıxarılması istiqamətində hər hansı bir real icra hərəkətinin aparılmasına dair iş materiallarında heç bir sübut yoxdur. Əksinə, sistem üzrə hüquqi şəxsə məxsus heç bir əmlakın aşkar edilmədiyi müəyyən olunur. Belə olan halda, məhkəmə qərarının icra edilməməsi borclunun iradəsindən və hərəkətlərindən deyil, onun icra üçün heç bir maddi imkanının olmamasından irəli gəlir. Məhkəmə qərarının icrası üçün obyektiv imkanlar mövcud olmadıqda, borclunun nümayəndəsinin bu qərarı icra etməməsi "üzrsüz səbəb" kimi deyil, məhz "üzrlü səbəb" kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu öz qərarlarında dəfələrlə qeyd etmişdir ki, tətbiq edilən tənbeh ədalətli olmalı, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hazırkı halda, obyektiv imkansızlıq şəraitində olan bir şəxsi məsuliyyətə cəlb etmək ədalətlilik prinsipinə zidd olardı. Konstitusiya Məhkəməsi Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarı məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı İXM-nin 528.1-ci maddəsinin tətbiqi ilə bağlı məsələlərə toxunaraq, bu xətanın uzanan xarakter daşıya biləcəyini və müəyyən hallarda təkrar məsuliyyətin mümkünlüyünü qeyd etmişdir. Lakin həmin Qərarın məntiqi ondan ibarətdir ki, təkrar məsuliyyət yalnız o halda yarana bilər ki, borclu tərəfindən icradan yayınma davam etsin və bu yayınma qərəzli olsun. Hazırkı işdə isə icra etməmənin qərəzli olması, yəni borclunun real imkanı ola-ola qəsdən icradan yayınması sübuta yetirilməmişdir. Beləliklə, məhkəmə qənaətə gəlir ki, Şəxs hərəkətlərində İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin subyektiv cəhəti, yəni təqsir (üzrsüz səbəbdən icra etməmə) mövcud deyildir. İcra sənədinin icra edilməməsi onun qərəzli hərəkətlərinin deyil, borclu hüquqi şəxsin fəaliyyətinin tamamilə dayanması və hər hansı bir əmlakının olmaması kimi obyektiv səbəblərin nəticəsidir. Qeyd edilənlərə əsasən, İXM-nin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, Şəxs əməlində İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığı qənaətinə gələrək, iş üzrə icraata xitam verilməsini tam əsaslı və qanunauyğun hesab edir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar