Məhkəmə qərarları › İş №3(005)-2700/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2700/2020

13.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2700/2020 13.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abbaslı Pərvanə Etibar qızının katibliyi, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs Məmmədov Əsgər Adıgözəl oğlu və onun nümayəndəsi- X1, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Gigiyena və Epidemiologiya Mərkəzi» Publik Hüquqi şəxsinin nümayəndəsi X1 iştirakları ilə, Məmmədov Əsgər Adıgözəl oğlunun Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Gigiyena və Epidemiologiya Mərkəzi» Publik Hüquqi şəxsinin xx xxxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Məmmədov Əsgər Adıgözəl oğlu şikayət ərizəsi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Gigiyena və Epidemiologiya Mərkəzi» Publik Hüquqi şəxsi tərəfindən barəsində tərtib olunmuş xx xxxxxxx 2020-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, Nərimanov rayonu, Əhməd Rəcəbli 3/12 ünvanında yerləşən “Teatro“ mehmanxanasının sahibkarıdır. “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi“ PHŞ əməkdaşının tərtib etdiyi protokola əsasən inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. Həmin qərar əsasında o, 3000 (üç min) manat məbləğində cərimə olunmuşdur. Protokolun tərtib edilməsinə səbəb isə “Sanitariyaepidemiologiya salamatlıq haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydalarının pozulması ilə əlaqədar olmuşdur. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən 3000 manat məbləğində cərimə olunması ilə bağlı qərar çıxarılmışdır. Lakin mehmanxana hal hazırda və protokolun tərtib edildiyi zamanda fəaliyyət göstərməyib müştəri xidmətini həyata keçirməmişdir. Sahibkarı olduğu mehmanxananın fəaliyyət göstərmədiyi bir zamanda karantin qaydalarının pozulması əsası ilə onun cərimə olunması qanunvericiliyin tələblərinə ziddir. Buna görə də tərtib edilmiş protokol ləğv edilməlidir. Qərar ona poçt vasitəsi ilə xx.xx.2020-ci il tarixdə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs Məmmədov Əsgər Adıgözəl oğlu və onun nümayəndəsi X2 şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. Qeyd etmişlər ki, mehmanxana faktiki olaraq heç bir fəaliyyət göstərməyib. Karantin rejimi dövründə mehmanxana onsuzda böyük itkiyə məruz qalaraq maddi zərər görmüşdür. Heç bir inzibati xətaya yol verilməyib. Tərəflərindən epidemiya əleyhinə rejimin, sanitar-gigiyena və karantin qaydalarının tələbləri pozulmamışdır. Qaydalarla müəyyən edilmiş bütün tələblərə əməl edirlər. Sonda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Gigiyena və Epidemiologiya Mərkəzi» Publik Hüquqi şəxs tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Gigiyena və Epidemiologiya Mərkəzi» Publik Hüquqi şəxsinin nümayəndəsi X3 çıxış edərək bildirmişdir ki, mütəxəssislər gedib həmi mehmanxanaya baxış keçirmişlər və nəticə də epidemiya əleyhinə rejim, sanitar-gigiyena və karantin qaydalarının pozulması faktı aşkar edilmişdir. Bu səbəblə də barəsində AR İXM-nin 211.1-ci maddəsi ilə protokol və onun əsasında qərar qəbul edilmişdir. Mehmanxanaya mütəxəssislər baxış keçirərlən müəyyən etmişlər ki, orada termometr işlək vəziyyətdə olmamış, işçilər tibbi maskadan istifadə etməmişlər. Bu barədə akt tərtib olunub və tərəflər imzalamışdır. X4 özü etiraf etmişdir ki, termometr işlək vəziyyətdə deyil. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, onların foto və ya videoçəkiliş etmələrinə icazələri yoxdur. Bu səbəblə də baxış keçirilərkən heç bir foto və ya videoçəkiliş etməmişlər. Odur ki, verilmiş şikayət ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Gigiyena və Epidemiologiya Mərkəzi» Publik Hüquqi şəxsinin inzibati tənbeh vermə haqqında xx xxxxxxx 2020-ci il tarixli MN nömrəli ******* nömrəli qərarından görünür ki, Məmmədov Əsgər Adıgözəl oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və 3000 (üç min) manat məbləğində cərimə edilmişdir. AR NK-in 2020-ci il 8 avqust tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş “Koronavirus” (COVİD-19) pandemiyası dövründə AR mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nın icrasına dair aparılan nəzarət nəticələri barədə tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Nərimanov rayonu, Əhməd Rəcəbli 3/12 ünvanında yerləşən “Teatro“ mehmanxanasına keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, mehmanxanada termometr olsa da işlək vəziyyətdə olmamış, döşəmədə işarələr lobbidə qoyulsa da digər yerlərdə qoyulmayıb, işçilər tərəfindən fərdi qoruyucu maskalardan istifadə edilməməsi, mehmanxana daxilində xüsusi karantin otağı ayrılmamış, mehmanxana üzrə təmizlik və dezinfeksiya tədbirlərinin aparılması cədvəli qeyd olunsa da gündəlik qeydlər aparılmamış, son tarix xx.xx.2020-ci il tarix qeyd olunmuş, istifadə olunmuş və təmiz yataq dəstləri, dəsmalları ayrı-ayrılıqda yerləşdirilmiş, lakin təmiz yataq dəstləri üçün ayrılmış yerdə təmizlik işləri aparılmamışdır. (kənar çirkli avadanlıqlar yerləşdirilmişdir) İnzibati qanunvericiliyin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsinə əsasənepidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xətalar haqqında iş üzrə icraatın aparılması, qərarın qəbul edilməsi inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilməmişdir. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr, vəzifəli şəxslər və vətəndaşlar: təsdiq edilmiş sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl etməli; sanitariya-epidemioloji salamatlığın təmin edilməsinə, xəstələnmə hallarının qarşısının alınmasına və azaldılmasına, ətraf mühitin sağlamlaşdırılmasına yönəldilən sanitariya-gigiyena tədbirləri və epidemiya əleyhinə tədbirlər görməli; dövlət sanitariya nəzarətini həyata keçirən vəzifəli şəxslərin tələblərinə əməl etməli; dövlət sanitariya nəzarətini həyata keçirən orqanlara və idarələrə sanitariyaepidemioloji vəziyyət, radiasiya şəraiti və qəzalar haqqında dəqiq və dolğun məlumat verməlidirlər. Həmin Qanunun 25-ci maddəsinə əsasən dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar yoluxucu, parazitar, peşə xəstəliklərinin və kütləvi qeyri-yoluxucu xəstəliklərin, o cümlədən radiasiya amili ilə bağlı olan xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almaq, habelə belə xəstəliklər əmələ gəldikdə onları ləğv etmək üçün vaxtında tədbirlər görülməsini təmin etməlidirlər. Həmin Qanunun 38-ci maddəsinə əsasən Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinə, o cümlədən qüvvədə olan sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməməsi, epidemiya əleyhinə tədbirlərin görülməməsi, Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji xidməti orqanları və idarələri vəzifəli şəxslərinin rəylərinin, qərarlarının və göstərişlərinin yerinə yetirilməməsi ilə əlaqər vətəndaşların hüquqlarına və cəmiyyətin mənafeyinə toxunan qeyri-hüquqi, təqsirli hərəkət sanitariya sahəsində hüquq pozuntusu sayılır. Sanitariya sahəsində hüquq pozuntularına yol vermiş vəzifəli şəxslər və vətəndaşlar inzibati, cinayət və mülki-hüquq məsuliyyətinə cəlb edilə bilərlər. Göründüyü kimi, xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və həmin tarixli akt əsasında qəbul edilmiş inzibati qərarda “Teatro” mehmanxanasında girişdə hərarətin ölçülməsi üçün təmassız termometr işlək vəziyyətdə olmaması, işçilərin iş prosesində qoruyucu vasitələrdən istifadə etməmələri, 2 metrlik ara məsafəsi üçün işarələrin qoyulmaması, karantin otağının aparılmaması və təmizlik işinin görülməməsi göstərilsə də, lakin inzibati xəta hadisəsinin törədilməsini təsdiq edən sübutlar əldə edilməmiş (fotoşəkil, videogörüntü), həmçinin şikayətə məhkəmədə baxılması zamanı təqdim edilməmişdir. Belə olan halda, Məmmədov Əsgər Adıgözəl oğlu tərəfindən karantin rejimi qaydasının pozuntusuna yol verilmədiyi müəyyən olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsasdır. Beləliklə, Məmmədov Əsgər Adıgözəl oğlunun şikayətində irəli sürülən dəlillər öz təsdiqini tapmış, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərarlarla müəyyən edilmiş xüsusi karantin rejimi qaydalarının Məmmədov Əsgər Adıgözəl oğlu tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə pozulmasına dair sübut əldə edilməmiş, habelə məhkəmədə şikayətə baxılarkən də təqdim edilməmişdir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından, Məmmədov Əsgər Adıgözəl oğlunun Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Gigiyena və Epidemiologiya Mərkəzi» Publik Hüquqi şəxsinin xx xxxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayət təmin edilməli, qeyd olunan qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət ərizəsi təmin olunsun. Məmmədov Əsgər Adıgözəl oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinib 3000 (üç min) manat cərimə edilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Gigiyena və Epidemiologiya Mərkəzi» Publik Hüquqi şəxsinin xx xxxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar