Məhkəmə qərarları › İş №3(005)-2702/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2702/2023

26.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2702/2023 26.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi Şikayət vermiş şəxs X1 vəkili və nümayəndəsi Vəkil, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi X4 iştirakları ilə, X1 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şikayət vermiş şəxs X2 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş hesab edilmiş, barəsində 1500 AZN məbləğində inzibati cərimə tətbiq edilmişdir. miibahisələndirilən qərar "xxxx" MMC-yə məxsus "Papa John's" restoranlar şəbəkəsinin "Gənclik Mail" filialında AQTA tərəfindən həyata keçirilən plansız yoxlama nəticəsində qəbul edilmişdir. Yoxlamanın səbəbi kimi onlara müştərilər tərəfindən zəhərlənmə faktı ilə bağlı müraciət göstərilsə də, bununla bağlı çoxsaylı cəhdlərinə baxmayaraq hər hansı sənəd təqdim edilməmişdir. Ümumiyyətlə ehtimal olunan zəhərlənmə halının “Papa John'sa məxsus hər hansı restorandan alınan qida nəticəsində baş verməsi ağlabatan deyil. Belə ki, restoranlar şəbəkəsində gündəlik 15000 insan qidalanır və hər kəsə eyni ərzaqlardan hazırlanmış məhsullar təklif olunur. Nəticədə real zəhərlənmə faktı baş verdiyi halda bunun bir neçə epizodla yekunlaşması mümkün ola bilməzdi. Həmçinin, restorana zəhərlənmə faktı ilə bağlı hər hansı şikayət daxil olmamışdır. "xxxx" MMC tərəfindən yoxlamaya əsas olan və zəhərlənmə faktını təsdiq edən sənədlərin təqdim edilməsi üçün AQTA-ya və AR Ədliyyə Nazirliyinə yazılı müraciət edilsə də, heç bir cavab əldə edilməmişdir. Bununla da AQTA tərəfindən həyata keçirilən plansız yoxlama ümumiyyətlə qanunsuz olmuş və nəticələrinin heç bir qüvvəsi yoxdur. Bundan əlavə, inzibati orqan mübahisələndirilən qərara əsas olmuş protokolların müzakirə edilməsi və yekun qərarın qəbul edilməsi məqsədilə barəsində inzibati xətaya dair icraat aparılan şəxsin işlədiyi "xxxx" MMC-və bildiriş göndərmiş və xx.xx.2023-cü il saat 17:00-a AQTA-nın BRB-nə dəvət etmişdir. Lakin aidiyyəti şəxslər inzibati orqanda olarkən artıq müvafiq qərarın qəbul edildiyi məlum olmuş, yəni, müzakirə formal xarakter daşımış və onların mövqeyi nəzərə alınmamışdır. Nəticədə mübahisələndirilən qərar, barəsində inzibati xətaya dair icraat aparılan şəxsin iştirakı olmadan qəbul edilmişdir. Restoranda soyuducudan yox soyuducu kameradan (4 kv.m sahəsi olan otaq) istifadə olunur. Soyuducudan fərqli olaraq soyuducu kamera kifayət qədər böyük sahəyə malikdir və fərqli məhsulların saxlanması üçün ayrı-ayrı rəf və qablardan istifadə olunur. Yəni, soyuducuda müxtəlif ərzaqların bir yerdə saxlanmamasını şərtləndirən hallar soyuducu kamerada sahə çoxluğu səbəbindən aradan qalxır. Bununla da, inzibati orqan məsələyə ətraflı yanaşmadan, qaydaların tələbini və soyuducu ilə soyuducu kamera arasındakı əhəmiyyətli fərqi nəzərə almadan yanlış nəticəyə gəlmişdir. Ranch sousun və eləcə də bütün digər sousların saxlanılması soyuducuda xüsusi rəfdə həyata keçirilir və temperatur rejimi tam olaraq qorunur. İnzibati orqanın istinad etdiyi temperatur artıq istifadə zamanı açıq olan qabdakı sousun temperaturunun ölçülməsi zamanı qeydə alınmışdır. Nəzərə alsaq ki, həmin sous sobadan çıxmış isti pizzaların üzərinə vurulur, həmin proses zamanı sousun temperaturunun qalxması normal haldır və məhsulun saxlanılması ilə heç bir əlaqəsi yoxdur. Bütün xəmir və hazır pizza qutularının üzərində məhsulun hazırlanma tarixi qeyd olunan markalanma mövcuddur, lakin, digər tərəfdən söhbət etiketlənmədən gedirsə, hesab edirik ki, inzibati orqanın pizza xəmirlərinin və pizza qutularının üzərində etiket məlumatlarının qeyd edilməli olması ilə bağlı tələbi qanunsuz və əsassızdır. Məhkəmə iclasında iştirak edən X1 vəkili və nümayəndəsi Vəkil şikayətin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, inzibati orqan mübahisələndirilən qərara əsas olmuş protokolların müzakirə edilməsi və yekun qərarın qəbul edilməsi məqsədilə barəsində inzibati xətaya dair icraat aparılan şəxsin işlədiyi "xxxx" MMC-yə bildiriş göndərmiş və xx.xx.2023-cü il saat 17:00-a AQTAnın BRB-nə dəvət etmişdir. Lakin aidiyyəti şəxslər inzibati orqanda olarkən artıq müvafiq qərarın qəbul edildiyi məlum olmuş, yəni, müzakirə formal xarakter daşımış və onların mövqeyi nəzərə alınmamışdır. Nəticədə mübahisələndirilən qərar, barəsində inzibati xətaya dair icraat aparılan şəxsin iştirakı olmadan qəbul edilmişdir. O, eyni zamanda qeyd edilən qərarda istinad olunan pozuntuların qanunsuz və əsassız olduğunu bildirdi. Bütün bunları nəzərə alaraq barəsində olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarın ləgv olunaraq işə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi X5 məhkəmə iclasında çıxış edən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin xx.xx.2023-cü il tarixli MN ******* saylı qərarını müdafiə edərək X1 vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətin təmin olunmamasını məhkəmədən xahiş etdi. Belə ki, agentliyin mail adresinə vətəndaş müraciət edərək gənclik molda yerləşən papa cons restoranında natemizlik, pizzaların keyfiyyətsiz olmasını qeyd etmişdir. Bu şikayət əsasında plandankənar yoxlama təyin edilmiş, müvafiq pozuntular əsasında qərar qəbul olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 1500 (bir min beş yüz) manat miqdarında cərimə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli X1 İXM-nin 447.0.4-cü maddəsində ilə təqsirli bilinərək cərimə olunmasına dair Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarı ləğv edilməli, işə yenidən baxılması Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinə tapşırılmalıdır. İşdə olan mail ünvana göndərilmiş şikayətdən göstərilir:salam. Mən gənclik mallda yerləşən papa cons fas food restoranından şikayət etmək istəyirəm.Çox natemizlik, pizzalar keyfiyyətsiz. Orada olan pizzaların dadına özünüzdə baxın zəhmət olmasa. Xahiş edirəm restoranlarda yoxlamanı güclendirəsiniz.Belə olmaz.Öz pulumuz ilə özümüzü zeherleyirik ele bil. İşdə olan çıxarışdan görünür ki, "xxxx" MMC-də plandankənar yoxlamanın keçirilməsi göstərilmişdir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən araşdırılma səthi, inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Belə ki, vətəndaşın mail ünvana şikayəti əsasında yoxlama aparılsada, şikayət vermiş şəxsin özünün izahatı alınmamış, barəsində qərar qəbul etmiş şəxsə öz sübut və dəlillərini təqdim etmək imkanı yaradılmamışdır. İXM-nin 447.0.3 maddəsinə əsasən- standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə- fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. İXM-nin 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 inzibati xətanın mövcudluğu ilə razılaşmadığı halda, inzibati orqan heç bir araşdırma aparmadan X2 barəsində xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edərək onun hüquqlarını pozmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X2 barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. X2 inzibati xətanın mövcudluğu ilə razı olmadığından iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X2 İXM-nin 447.0.4-cü maddəsi ilə cərimə olunmasına dair xx.xx.2023-cü il tarixli, MN ******* saylı nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, X2 barəsində işə yenidən baxılması Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinə tapşırılmalıdır. Qeyd olunanlara əsasən və İXM-nin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X2 İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə cərimə olunmasına dair xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və işə yenidən baxılması Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar