Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2704/2021 27.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci X4 sahə rəisi X1, müdafiəçi - Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1960-cı ildə Masallı rayonunun Ərkivan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci X4 sahə rəisi X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 26 oktyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün inzibati xəta törədən şəxslə birlikdə məhkəməyə gətirilmişdir. Həmin protokoldan görünür ki, Şəxs 26.10.2021-ci il tarixdə saat 22:00 radələrində Nərimanov rayonu, A.Neymətulla 32 ünvanında tikintiyə və söküntüyə mane olmuş və polis əməkdaşlarının qanuni tələbini pozmaqla PŞ-nə getməkdən imtina etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri X5 İdarəsinin 17-ci X4 sahə rəisi X3 tərtib olunmuş protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, ailədə 4 qardaşdırlar, 30 il müddətinə Rusiya Federasiyasında sahibkarlıq fəaliyyəti ilə məşğul olub əldə etdikləri pulla ünvan 3 ünvanında sahəsi 100 kv.m olan obyekt almışlar. Həmin obyekti söküntü işləri aparan "xxxx" MTK onlardan 95 kv.m.sahəsi olan obyekt qiymətinə almaq istədikdə o, buna etiraz etmiş və razılaşmamışdır. Ona görə də, həmin ərazidə digər obyektlərdə söküntü işləri getsə də, onun obyektinə toxunulmurdu. 26.10.2021-ci il tarixdə MTK-ya məxsus ekskavator obyekti sökmək istədikdə buna etiraz edərək bildirmişdir ki, onunla MTK arasında hələ razılaşma əldə olunmayıb və söküntü əsassızdır. Bundan sonra, həmin MTK tərəfindən polis çağrılmışdır. Polis əməkdaşları onu israrla şöbəyə aparmaq istədikdə o, polis əməkdaşlarına vəziyyəti izah etmiş və onlardan xahiş etmişdir ki, obyektinin söküntüsünə mane olmasına və fikrini söküntünü aparan şəxslərə izah etməsinə imkan yaratsınlar. Buna baxmayaraq polis əməkdaşları heç bir səbəb olmadan onu şöbəyə gətirməkdə israr etməklə mülkiyyətinin toxunulmazlığının pozulmasına şərait yaratmışlar. O, polis əməkdaşlarının tələbinə tabesizlik və ya onlara qarşı hər hansı müqavimət göstərməmişdir. Sadəcə polis əməkdaşlarına bildirmişdir ki, obyektin söküntüsünə mane olduqdan sonra şöbəyə gedəcək. Lakin, polis əməkdaşlarının yenə də israr etməsini görüb onlarla birlikdə polis şöbəsinə getmişdir. Sonda, barəsində başlanmış icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən müdafiəçi Vəkil bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs Şəxs tərəfindən hər hansı bir tabesizlik göstərilməmiş, iş üzrə bunu təsdiq edən sübut mövcud deyildir. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara müəyyən olundu: Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin rəisi Azər Məmmədova ünvanlanmış 26.10.2021-ci il tarixli raportdan görünür ki, ünvan 5 ünvanda 26.10.2021-ci il tarixdə, saat 22:00 radələrində tikintiyə və söküntüyə mane olurdu. Dəfələrlə ona edilən xəbərdarlıqlara baxmayaraq ona aid olmayan ərazinin söküntüsünə icazə vermirdi. Həmin şəxsi dəfələrlə nizam, intizama dəvət etmişlər, lakin o, məhəl qoymayaraq öz qanunsuz əməllərini davam etdirmişdir. Həmin şəxsi polis şöbəsinə dəvət etmişlər, lakin o, gəlməyəcəyini bildirərək əliylə onları itələmişdir. Təxminən 15 dəqiqəyə yaxın profilaktik söhbətlər aparsalar da, nəticə vermədi. Nəticədə həmin şəxsi çətinliklə avtopatrula əyləşdirib 17-ci PŞ-nə gətirib təhvil vermişlər. Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin rəisi Azər Məmmədova ünvanlanmış 26.10.2021-ci il tarixli raportdan görünür ki, 26.10.2021-ci il tarixdə saat 21:31-də vət. Şəxs DİN 102 xidmətinə zəng edərək Ağa Neymətulla küçəsi 32 ünvanında Araz MTK-nın işçisi ilə arasında mübahisə olması barədə məlumat vermişdir. “İnzibati qaydada tutma haqqında” 26.10.2021-ci il tarixli protokoldan görünür ki, Şəxs 26.10.2021-ci il tarixdə saat 23:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati materialı araşdırıb hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən Şəxs barəsində başlanmış İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Belə ki, İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamasının mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs məhkəmə iclasında barəsində icraat aparılan şəxs tərəfindən qəsdən tabe olmamanın nədə ifadə olunmasını müəyyən etməyə imkan verən mötəbər sübutlar təqdim etməmiş, həmçinin hadisə barədə məhkəməyə izahat verə biləcək şəxslərin şahid qismində iştirakı təmin etməmiş və hadisənin video görüntülərinin olmadığını bildirmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, X2 tərəfindən Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş xəta törədilmişdir. Lakin, protokolda xətanın mahiyyəti açıqlanmamış, şəxsin kimin, yəni hansı polis işçisinin qanuni tələblərinə tabe olmaması, onun qanuni tələblərə tabe olmaması kimi hərəkətlərinin nədə ifadə olunması, o cümlədən, xəta nəticəsində kimin zərər çəkməsi göstərilməmişdir. Məhkəmə iclasında da protokol tərtib etmiş şəxs Şəxs polis işçisinin qanuni tələblərinə tabe olmamasının onun konkret olaraq hansı hərəkətlərində ifadə olunmasını əsaslandıra bilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi obyektiv cəhətdən aktiv hərəkətlərlə ifadə olunmalı olduğu halda, hazırki işin faktiki hallarından müəyyən edilir ki, Şəxs əməlində tabesizliklə müşahidə olunan aktiv hərəkətlər mövcud olmamışdır. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin tərkib əlamətləri yoxdur. İXM-in: 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şəxsin inzibati xətanı törətməsini sübut etmə yükü inzibati orqanın üzərinə düşdüyünü nəzərə alaraq məhkəmə bir daha qeyd edir ki, məhkəməyə Şəxs əməlində İXM-in 535.1-ci maddəsinin tərkibinin olmasını təsdiq edə biləcək hər hansı bir sübut (şahid izahatı, hadisə yerinin video görüntüləri və s.) təqdim olunmamışdır. Nəzərə alınmalıdır ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir (İXM-in 8.1-ci maddəsi). Eyni zamanda məhkəmə onu da nəzərə alır ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İXM-in 8.3-cü maddəsi). Beləliklə, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək məhkəmə belə bir nəticəyə gəlir ki, Şəxs 26.10.2021-ci il tarixdə özünə məxsus olan obyektin sökülməsinə etirazını bildirərkən onun tərəfindən ictimai qaydanı pozan hərəkətlərə yol verilməsi müəyyən edilmədiyi üçün onun hərəkətləri İXM-in 535.1-ci maddəsinin tərkibini yaradan – polis işçisinin ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama kimi qiymətləndirilə bilməz. Yəni, tərtib olunmuş inzibati xəta haqqında protokola əsasən Şəxs İXM-in 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb oluna bilməz. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində İXM-in 535.1- ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olmaması barədə nəticəyə gəlməyə əsas verir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, əməlində İXM-in 535.1-ci maddəsinin tərkibi olmadığından Şəxs barəsində başlanmış iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunmuş MN seriyalı ******* nömrəli, 26 oktyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati işin icraatına xitam verilsin. İnzibati qaydada tutulmuş Şəxs dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-2704/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2704/2021
27.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver