Məhkəmə qərarları › İş №3(005)-2705/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2705/2025

08.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2705/2025 08.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs - X1 iştirakı ilə X1 DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən EQ29309998 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən EQ29309998 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X2 şikayət ərizəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Məsud Əlizadə 36 ünvanında 99UU010 qeydiyyat nişanlı avtomobilini park etdikdən sonra DYP əməkdaşları tərəfindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 346.9-cu maddəsinə əsasən inzibati tənbeh vermə barədə EQ29309998 saylı protokol tərtib edilmiş və qərar çıxarılmışdır. Hesab edir ki, qeyd olunan qərarın qəbul edilməsi düzgün deyil və ona görə də ləğv olunmalıdır. Belə ki, onun faktiki yaşadığı bina Məsud Əlizadə 36 ünvanında yerləşir və yaşadığı binanın həyəti, həmçinin Xan Şuşinski 110 küçəsi ilə kəsişir. Yaşadığı binanın yaxınlığında park etmək üçün heç bir yer mövcud olmadığından o yaşadığı binanın həyətində avtomobilimi park etməyə məcburdur. Çünki bir sakin kimi həmin binada yaşayan sakinlərin avtomobilini saxlamağa şərait yoxdur və şərait yaradılmır. Hər gün avtomobilini binanın həyətində saxlamağa məcbur olur, onun faktiki yaşadığı bina Məsud Əlizadə 36 küçəsi, Xan Şuşinski 110 küçəsi ilə kəsişir. Ona görə də hər gün DYP əməkdaşları avtomobilin həmin ünvanlarda, səkidə saxlanması ilə bağlı barəsində protokol qəbul edir. Hesab edir ki, bu hal birbaşa onun hüquqlarının pozulmasıdır. Çünki yaşadığı binanın həyətində, avtobili saxladığı yerdə sahə genişdir və vətəndaşların gediş-gəlişinə heç bir maneə yoxdur, yəni sırf səkidir deyə cərimə olunmağı düzgün deyil. Çünki heç bir gediş-gəlişə tərəfindən maneçilik törədilməmişdir. Məhkəmə iclasında X2 verdiyi şikayətin məzmununa uyğun çıxış edərək qeyd etdi ki, yaşayış binasının qarşısında qeyd olunan səkidə məhz nəqliyyat vasitələrinin saxlaması üçün xüsusi nişanlanmış yerlər ayrılmış və o, avtomobilini həmin parklanmaya icazə verilən yerdə saxlamışdır. Ona görə də DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən EQ29309998 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qərarın ləğv edilməsi hissəsində təmin edilməlidir. Belə ki, iş materiallarında olan DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən EQ29309998 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 (altmış) manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 346.9-cu maddəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə – altmış manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsi dinləyib, onun şikayət ərizəsi və ona əlavə etdiyi materialları tədqiq edərək müəyyən etmişdir ki, X2 xx.xx.2025-ci il tarixdə saat 07:26 radələrində Nərimanov rayonu ərazisində “Kia K5” minik markalı, 99UU010 nömrəli nəqliyyat vasitəsini idarə edərkən səkilərdə dayanma və ya durma qaydalarını pozması ilə bağlı inzibati xətanı törətməkdə təqsirli bilindiyinə görə barəsində DİN BDYPİ-nin tərəfindən xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 60 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə iclasında İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməyərək qeyd olunan inzibati xətanın törədilməsinə dair hər hansı sübut təqdim etmədiyindən və arqumentlər yoxlanılmalı olduğundan inzibati tənbeh vermə haqqında qərarın ləvğinə və yenidən inzibati araşdırma aparılmasına zərurət yaranmışdır. Məhkəmə hesab edir ki, X2 barəsində tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X1 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, X2 barəsində Azərbaycan Respublikası İXM-in 346.9-cu maddəsi ilə qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polis İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 133- 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X2 barəsində Azərbaycan Respublikası İXM-in 346.9-cu maddəsi ilə qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polis İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar