Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2708/2025 29.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 13:20 Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, Məmmədova Təhminə Nizami qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin polis sahə inspektoru X1, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, taksi sürücüsü işləyən, ünvan 1 ünvanda qeydiyyatda olan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin 29 iyul 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, vətəndaş X5 DİN-in 102 xidmətinə müraciət edərək BYD 90YE159 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən təhqir olunması barədə xx.xx.2025-ci il tarixdə məlumat vermişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin polis sahə inspektoru X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə vətəndaş X5 DİN-in 102 xidmətinə müraciət etmiş və BYD markalı **-YE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən təhqir olunduğunu bildirmişdir. Aparılan araşdırma zamanı həmin şəxsin Şəxs olduğu müəyyən olunmuş, şəxs 18-ci PŞ-nə dəvət edilmiş və orada barəsində İXM-in 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, hadisə onun deyil Leyla xanımın təşəbbüsü ilə başlamışdır. Ona görə də özünü təqsirli bilmir. Belə ki, o, taksi sürücülüyü ilə məşğuldur və sifariş əsasında xx.xx.2025-ci il tarixdə ünvan 2 ünvanına getmiş, orada sərnişin Leyla xanım skuteri onun avtomobilinin yük yerinə yükləyərkən avtomobili cızdığına görə o, əsəbləşmiş və sərnişindən avtomobildən enməsini tələb etmişdir. Bu zaman Leyla xanım onun taksi sürücüsü olduğunu deyərək alçaltmış və ünvana aparmalı olduğunu bildirmişdir. İlk dəfə xanım ona qarşı nalayiq ifadə işlətmiş, o da bundan əsəbiləşərək avtomobildən düşüb küçədə onu təhqir etmişdir. Sonradan gələn şəxslər onu avtomobilə əyləşdirmiş və o, oradan çıxıb getmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə “Bolt” proqramı vasitəsilə taksi sifariş vermiş və sifarişlə bağlı ünvan 2 ünvanına **-YE-*** dövlət qeydiyyat nişanlı avtomobil yaxınlaşmışdır. O, uşağının skuterini avtomobilin yük yerinə yükləyib arxa sərnişin oturacağına əyləşəndə sürücü ona skuteri yükləyərkən avtomobili cızdığını irad tutaraq aparmayacağını bildirib, əsəbi tərzdə avtomobildən düşməsini tələb etmiş, o isə sürücüyə heç nəyi cızmadığını, onu sifariş etdiyi ünvana aparmalı olduğunu demişdir. Sürücü avtomobildən endiyinə görə o da avtomobildən enmiş və binanın həyətində, küçədə insanların yanında ona qarşı nalayiq ifadələr işlədərək onu təhqir etmişdir. Ətrafda olan şəxslər onlara yaxınlaşıb sürücünü uzaqlaşdırmışlar, əks halda sürücü onu vura da bilərdi. Şəxsdən şikayətçidir, barəsində ciddi inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən binada fəhlə kimi işləyir. Hadisə zamanı sonradan tanıdığım Cəlil adlı taksi sürücüsünün məhlədə xanımla mübahisə etdiyini və uca səslə ona qarşı nalayiq ifadələr eşitdiyini görüb mühafizəçi və orada olan şəxslərlə hadisə yerinə yaxınlaşmışdır. Taksi sürücüsünün xanıma qarşı söyüş söyməsini davam etdirdiyini görüb onun ağzından tutub maşına otuzdurmuşdur. Ərazidə digər sakinlər və uşaqlar da olmuşdur. Mühafizəçi Asəf və komendant da sonradan həmin əraziyə gəlmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “İnzibati qaydada tutma haqqında” 28 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin gün saat 17:00-da inzibati qaydada tutulmuşdur. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və mövqeyini əsaslandıran hallar: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 14-cü maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, zərərçəkmiş şəxs və şahid izahatı, iş materiallarında olan raport və digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə BYD markalı 90YE159 dövlət qeydiyyat nişanlı avtomobilinə minən sərnişin X5 ilə aralarında yaranmış mübahisə zamanı sonuncuya qarşı ictimai yerdə ictimai qaydanı pozaraq uca səslə nalayiq ifadələr işlətməklə xırda xuliqanlıq etmişdir. Belə ki, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı pozan hərəkətlər dedikdə isə ictimai və ya şəxsi mənafelərə zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halın olmamasını, əməlindən peşmanlıq hissi keçirməməsini nəzərə alaraq, ona inzibati cərimə növündə tənbeh tətbiq etməklə qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyin və ya yeni inzibati xəta törədilməsinin qarşısını almağın qeyri-mümkün olması qənaətinə gəlməklə, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri inzibati həbs növündə inzibati qaydada tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 28 iyul 2025-ci il saat 17:00-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 43, 48-61, 114-115, 128- 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 5 (beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 28 iyul 2025-ci il saat 17:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X4 Mərkəzinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev
Məhkəmə qərarları › İş №3(005)-2708/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2708/2025
29.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver