Məhkəmə qərarları › İş №3(005)-2711/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2711/2025

08.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2711/2025 08.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayətlə müraciət edərək qərarın ləğv edilməsini və xeyrinə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025 ci il tarixdə o, Nərimanov rayounu, Xətai prospekti 51 ilə hərəkət etdiyi zaman işıqforun sarı işığında keçdikdən sonra onu Bakı şəhəri, DYPİ-nin patrul xidmətinin inspektoru baş serjant X1 onun sarı işıqda keçdiyini bildirməklə barəsində protokol tərtib etmiş, lakin protokolun surətini ona təqdim etməmişdir. O, həmin protokol və protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarla razı deyildir, işıqfora 8-10 metrə qalmış 70 km/saat surətlə hərəkətdə olmuş, ona görə də da olduğu halda, onun ətrafında olan maşınlara və onun həyatına təhlükə olduğu halını qiymətləndirib sarı işıqda keçməyi qərara almışdır. Məhkəmə iclasında iştirak edən X3 şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, o, xx.xx.2025-ci il saat 15:46-da Bakı şəhəri, Xətai prospekti 51 küçəsində “Porsche Macan” minik markalı, **-MQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən svetoforun qadağanedici işarəsi verilmədən işıqforu keçmişdir və hərəkətini yolayrıcında davam etdirmişdir. O, svetoforu keçərkən avtomobilin surəti 60-70 km/saat surət olduğuna görə təcili əyləcdən istifadə etməmişdir ki, arxada hərəkət edən avtomobillərə qəza şəraiti yaratmasın. Göstərilənlərə görə şikayəti əsaslıdır və məhkəmədən şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin suallına cavab olaraq qeyd etmişdir ki, o, svetaforun yaşıl işığının yanıbsönməsini görməmiş, hərəkətini davam etdirərkən isə qırmızı deyil, sarı işıqda svetoforu keçmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 xx.xx.2025-ci il saat 15:46-da Bakı şəhəri, Xətai prospekti 51 ünvanda “Porsche Macan” minik markalı, 77MQ095 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən svetoforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Hadisə görüntülərini əks etdirən “CD” diskdən görünür ki, X3 xx.xx.2025-ci il saat 15:46-da Bakı şəhəri, Xətai prospekti 51 ünvanında “Porsche Macan” minik markalı, 77MQ095 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən svetoforun qadağanedici işarəsi verilərkən (qırmızı işıqda) hərəkətini davam etdirilməklə yol nişanının tələblərini pozmuşdur. Məhkəmə inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxsi dinləyib, iş materiallarını nəzərdən keçirib belə qənaətə gəlir ki, R.Vəlizadə tərəfindən inzibati xətanın törədilmədiyi bildirilsə də, şəxs bu barədə məhkəməyə əsaslı dəlil təqdim edə bilməmişdir. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. “Yol hərəkəti” haqqında Azərbaycan Respublikasının Qanununun: 59-cu maddəsinə əsasən: İ. Yollarda, yolayrıclarında və digər yerlərdə yol hərəkətini nizama salmaq üçün svetoforlardan istifadə olunur. Svetoforların vasitəsi ilə verilən siqnallarda yaşıl, sarı, qırmızı və ağ-sarımtıl rənglər tətbiq edilir (3 saylı Əlavə). İİ. Təyinatından asılı olaraq svetofor siqnalları dairəvi formalı, ox (oxlar), piyadanın və ya velosipedin silueti şəklində və X formalı ola bilər. Dairəvi siqnallı svetoforların yaşıl ox (oxlar) şəklində bir və ya iki əlavə bölməsi ola bilər: həmin bölmələr dairəvi yaşıl siqnalın səviyyəsində yerləşdirilir. İİİ. Svetoforun dairəvi siqnallarının aşağıdakı mənaları vardır: 1) yaşıl rəngli işığın yanması - bu siqnal hərəkətə icazə verir; 2) yaşıl rəngli işığın yanıb-sönməsi - bu siqnal hərəkətə icazə verir və bildirir ki, onun vaxtı qurtarır, tezliklə qadağan siqnalı yanacaq (yaşıl siqnalın sönməsinə qədər qalan müddəti sürücülərə bildirmək üçün rəqəmli tablo tətbiq edilə bilər); 3) sarı rəngli işığın yanması - bu siqnal hərəkəti qadağan və tezliklə siqnalların dəyişəcəyi barədə xəbərdarlıq edir; 4) sarı rəngli işığın yanıb-sönməsi - hərəkətə icazə verir və nizamlanmayan yolayrıcının və ya piyada keçidinin olduğunu bildirir, təhlükə barədə xəbərdarlıq edir; 5) qırmızı rəngli işığın yanması və ya yanıb-sönməsi - bu siqnal hərəkəti qadağan edir; 6) qırmızı və sarı rəngli işıqların eyni vaxtda yanması - bu siqnal hərəkəti qadağan edir və tezliklə yaşıl siqnalın yanacağını bildirir. 60-cı maddəsinə əsasən: İ. Svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol iştirakçıları üçün məcburidir. İİ. Svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar: 1) yolayrıcında — kəsişən yolun hərəkət hissəsi qarşısında (bu Qanunun 76cı maddəsinin dördüncü hissəsini nəzərə almaqla); 76-cı maddəsinə əsasən: İİ. Svetoforun sarı və ya qırmızı siqnalı ilə eyni vaxtda əlavə bölməsində yandırılmış ox işarəsi istiqamətində hərəkət edən sürücü başqa istiqamətlərdən gələn nəqliyyat vasitələrinə yol verməlidir. 5.53 nişanı tətbiq edilməklə daimi sağa dönməyə icazə verilmiş yolayrıcında sağa dönən sürücü digər istiqamətlərdən gələn nəqliyyat vasitələrinə, habelə dönməyə başladığı və dönəcəyi yolların hərəkət hissələrini keçməkdə olan və hərəkətinə icazə verilmiş piyadalara yol verməlidir. İV. Svetoforun icazə siqnalı yanarkən yolayrıcına girmiş sürücü yolayrıcının çıxışında qoyulmuş svetoforun siqnalından asılı olmayaraq, nəzərdə tutulan istiqamətdə dayanmadan hərəkət etməlidir, bu zaman qalan nəqliyyat vasitələri ona maneə törətməməlidirlər. Lakin, əgər yolayrıcında sürücünün hərəkət etdiyi yolda qoyulmuş svetoforların qabağında stop-xətlər (5.33 nişanı) vardırsa, sürücü hər bir svetoforun siqnalını əsas tutmalıdır. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X3 şikayət ərizəsində və izahatında inzibati xəta törətmədiyini, işıqforun sarı işığında keçdiyini, əyləcdən istifadə edəcəyi təqdirdə arxada hərəkət edən nəqliyyat vasitələri üçün qəza şəraiti yarada biləcəyini qeyd etsə də, videogörüntüdən görünür ki, 1-ci saniyədə işıqforun yaşıl işığı yanıb-sönməklə hərəkətə icazənin vaxtının qurtardığını, tezliklə qadağan siqnalının yanacağını, 4-cü saniyədə isə sarı rəngli işığı yanmaqla hərəkətin qadağan edildiyini və tezliklə siqnalların dəyişəcəyini bildirsə də, R.Əliyev bu işarələrə məhəl qoymayaraq yaşıl işıqda keçə biləcəyini güman edərək hərəkətini davam etdirib nəinki sarı, 6 saniyə sonra, yəni 7-ci saniyədə yanan işıqforun qırmızı rəngli qadağanedici işığında hərəkət etmişdir. Halbuki o, ilk saniyələrdə hərəkətini düzgün tənzimləməklə nəqliyyat vasitəsinin hərəkətin təhlükəsizliyini təmin edən şəraitdə işıqforun qarşısında dayandıra bilərdi. Svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar. Göründüyü kimi inzibati xəta hadisəsinin baş verdiyi vaxt svetoforun yaşıl işığı yanıb-söndükdən altı saniyə sonra qırmızı işıq yanmış, həmin müddət ərzində sürücü Rüfət Vəlizadə işıq siqnalına diqqət yetirərək hərəkətini nizamlamalı və qadağanedici siqnalı verilən zaman dayandırmalı olduğu halda hərəkətini davam etdirmişdir. “Yol hərəkəti” haqqında Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ hissəsinin 2-ci bəndinə əsasən yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozulması halları müəyyən edilməmişdir. Məhkəmə qanunvericiliyin normalarını və inzibati xəta haqqında iş materiallarını, Azərbaycan Respublikası İXM-in 135-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün digər əsasların mövcud olmadığını nəzərə alaraq nəticəyə gəlir ki, X2 şikayəti təmin edilməməli, Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 137- ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar