Məhkəmə qərarları › İş №3(005)-2726/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2726/2025

30.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2726/2025 30.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 19:05 Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, Əliyeva Tahirə Cəlil qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin polis sahə inspektoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanda qeydiyyatda olan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi 16-cı Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin 18 iyul 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, Şəxs 29 iyul 2025-ci il tarixdə saat 22:05 radələrində polis əməkdaşlarına tabesizlik göstərmiş və nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin polis sahə inspektoru X5 hər iki inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə inzibati ərazidə xidmət zamanı Nərimanov rayonu, Azadlıq prospekti ünvanında bir nəfər şəxsin küçədə yüksək səs ilə nalayiq sözlər işlətdiyini görüb ona yaxınlaşıb özlərini təqdim edərək onu nizam-intizama dəvət etsələr də, şəxs qanunsuz hərəkətlərini davam etdirmişdir. Bu zaman şəxsi 16-cı PŞ-yə dəvət etdikdə şəxsdən kəskin şəkildə spirt qoxusu gəldiyini görmüş, onu polis şöbəsinə aparmaq isdədikdə həmin şəxs polisin qanuni tələblərinə tabe olmayaraq dəvətlərinə tabe olmamış və polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Onu müəyyən müddətdən sonra 16-cı PŞ-nə gətirməyə nail olmuşdurlar. Orada barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Nərimanov rayonu, Azadlıq prospekti ərazisində olarkən nalayiq ifadələr işlətmişdir. Bu zaman ona iki polis əməkdaşı yaxınlaşaraq onu sakitləşdirməyə və yüksək səslə danışmamasını təklif etmişdirlər. Əsəbi olduğu üçün polis əməkdaşlarıyla kobud danışmışdır. Polis əməkdaşları onu polis bölməsinə dəvət etdiklərində şəxs narazıçılığını bildirərək getmək istəmədiyini demişdir. O, əməlindən peşman olduğunu, bir daha bu hallara yol vermiyəcəyini bildirmişdir. Məhəkmədən barəsində yüngül tənbeh tədbirinin seçilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşı X7 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə inzibati ərazidə xidmət zamanı Nərimanov rayonu, Azadlıq prospekti ünvanında bir nəfər vətəndaşın küçədə söyüş söydüyünü görən 16-cı PŞ-nin əməkdaşları yaxınlaşaraq onu nizam-intizama dəvət etsələr də, şəxs qanunsuz hərəkətlərini davam etdirmişdir. Şəxsin içkili olduğuna dair şübhələr yaranmışdır. Daha sonra şəxs 16-cı PŞ-yə gəlib izahat verməsi təklif olunsa da, o, polisin qanuni tələblərinə tabe olmamış, polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Daha sonra həmin şəxsi avtopatrulun köməyi ilə 16-cı PŞ-yə gətirmişlər və burada araşdırma zamanı onun Şəxs olduğu müəyyən olunmuşdur. Məhkəmə iclasında digər şahid qismində dindirilmiş X1 Ayxan Oleq oğlu ilə eyniməzmunlu izahat verərək onun dediklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “İnzibati qaydada tutma haqqında” 29 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin gün saat 22:15-də inzibati qaydada tutulmuşdur. “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə”yə dair xx.xx.2025-ci il tarixli, 2/42556 nömrəli protokoldan görünür ki, Şəxs həmin gün saat 22:28 radələrində orta dərəcəli sərxoş olmuşdur. Nərimanov RPİ-nin 16-cı PŞ-nin rəisinə ünvanlanan xx.xx.2025-ci il tarixli raportun məzmunundan müəyyən olunur ki, həmin gün saat 22:05 radələrində Nərimanov rayonu, Azadlıq prospekti ünvanında bir nəfər şəxs qışqıraraq küçə söyüşləri söydüyünə görə yaxınlaşıb özlərini təqdim etdikdən sonra yenə küçə söyüşlərinə davam etmiş və onlara müqavimət göstərdiyi üçün avtopatrulla polis şöbəsinə gətirilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-767/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə İXM-in 510, 535.1-ci, 3(005)-2663/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə İXM-in 517-2.1-ci, 3(005)-3831/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə İXM-in 206cı, 3(005)-1379/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə İXM-in 206-cı, 3(005)- 2746/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə İXM-in 510-cu, 3(005)-2822/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə İXM-in 510-cu, 3(005)-3082/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə İXM-in 510-cu, 3(005)-4114/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə İXM-in 510-cu, 3(005)-821/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə İXM-in 510-cu, 3(005)-928/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə İXM-in 510-cu, 3(005)-1786/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə İXM-in 510-cu, 3(005)- 1997/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə İXM-in 510-cu maddələri ilə təqsirli bilinərək Şəxs barəsində inzibati tənbeh tətbiq edilmişdir. Habelə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 1(005)-449/2023 nömrəli ittihamedici hökm çıxarılmışdır. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və mövqeyini əsaslandıran hallar: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.4. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati xəta haqqında protokolları nəzərdən keçirib, proses iştirakçılarının izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan əməlləri törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini nəzərə alır və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Şəxs eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Şəxs əvvəllər Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum olunmasına və dəfələrlə barəsində inzibati tənbeh tətbiq edilməsinə baxmayaraq eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini nəzərə alaraq hesab edir ki, barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm onun, həm də başqa şəxslərin yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün deyildir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan həbs inzibati tənbeh tədbiri tətbiq olunmalı, həbsetmənin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 29 iyul 2025-ci il saat 22:15-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 29 iyul 2025-ci il saat 22:15-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X4 Mərkəzinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar