Məhkəmə qərarları › İş №3(005)-2730/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2730/2022

14.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2730/2022 14.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Dövlət X6 yol patrul xidməti baş inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Şəhid Məmməd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, taksi fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov RPİ-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin yol patrul xidməti baş inspektoru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün inzibati xəta törədən şəxslə birlikdə məhkəməyə gətirilmişdir. AP seriyalı ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında həmin protokolda göstərilir ki, Şəxs 08 iyun 2022-ci il tarixdə idarə etdiyi “Chevrolet Cruze” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ziya Bünyadov prospekti və digər yerlərdə ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək yol hərəkəti qaydalarını pozmaqla avtoxuliqanlıq etmiş, etdiyi hərəkətləri videoya çəkərək sosial şəbəkələrdə nümayiş etdirmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin yol patrul xidməti baş inspektoru X3 izahat verərək göstərdi ki, Şəxs davamlı olaraq yol hərəkəti qaydalarını pozmuşdur. Belə ki, Şəxs 08 iyun 2022-ci il tarixdə Ziya Bünyadov prospekti və digər yerlərdə ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozaraq nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması hərəkətlərinə yol vermiş və həmin hərəkətlərini sosial şəbəkələrdə yaymaqla nümayiş etdirmişdir. Buna görə tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərək özü ilə birlikdə məhkəməyə gətirildiyini bildirərək həmin şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobillə Ziya Bünyadov prospekti və digər yerlərdə avtoxuliqanlıq hərəkətlərinə yol vermiş, davamlı olaraq yol hərəkəti qaydalarını pozmuşdur. Həmçinin, bu hərəkətlərini mobil telefonla çəkərək “tik-tok” hesabında yayımlamışdır. Ancaq bu hərəkətlərinin qanun pozuntusu olmasını dərk etməmişdir. Cavan olduğundan belə bir düşünülməmiş hərəkətlərə yol vermişdir. Sonda Şəxs törətdiyi əməlindən peşman olduğunu bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara müəyyən olundu: Bakı şəhəri Nərimanov rayon Polis İdarəsi tərəfindən verilmiş DYP Web portalından çıxarışdan görünür ki, “Chevrolet Cruze” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobildən istifadə edilməsi X2 tərəfindən Şəxs etibar edilmişdir. Bakı şəhəri Nərimanov rayon Polis İdarəsi tərəfindən verilmiş DYP Web portalından çıxarışdan görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə BA 012173 seriya nömrəli, “B1, B, C1, C” kateqoriyalı olmaqla sürücülük vəsiqəsi verilmişdir. Bakı şəhəri Nərimanov rayon Polis İdarəsi tərəfindən təqdim edilmiş 01 ədəd diskdə olan videogörüntüyə baxış zamanı müəyyən olundu ki, “Chevrolet Cruze” markalı nəqliyyat vasitəsinin sürücüsü Şəxs tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması hərəkətlərinə yol verilmişdir. Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi tərəfindən tərtib edilmiş “İnzibati qaydada tutma haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 20:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə baxışı zamanı araşdırılan sübutlarla “Chevrolet Cruze” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Şəxs tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması kimi qərəzli hərəkətlərin edilməsi müəyyən olunur. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan, Şəxs Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünün etirafı, iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf edib peşman olmasını əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 511-ci maddəsindən görünür ki, avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: 511.1.1. aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə; 511.1.2. mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə; 511.1.3. mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati həbs tənbeh növünün tətbiq edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və barəsində nəqliyyat vasitələrini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 13 sentyabr 2022-ci il tarixindən saat 20:00-dan hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Azərbaycan Respublikası DİN-nə bilavasitə tabe olan inzibati həbs olunanların saxlama mərkəzinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhər Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar