Məhkəmə qərarları › İş №3(005)-2731/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2731/2024

18.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2731/2024 18.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi, Əmək və X9 Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi X10, Şikayət vermiş şəxs X5 vəkili “Sirius” Vəkil Bürosunun vəkili və etibarnamə əsasında nümayəndəsi X6 iştirakları ilə, X11 Azərbaycan Respublikasınən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsinin tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X11 Azərbaycan Respublikasınən Əmək və X9 Nazirliyi yanında X13 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tikinti şirkəti olaraq Ağdam şəhərində “Körpələr evi”-nin tikintisinə cəlb edilmişdir. Həmin işlərin görülməsi üçün "xxxx" QSC 20 nəfər öz əməkdaşının həmçinin xidmət müqaviləsi üzrə əməkdaşlıq etdiyi podratçı şirkət olan "xxxx" MMC-nin 4 əməkdaşı üçün işğaldan azad edilmiş ərazilərə daxil olaraq müvafiq işləri görmək üçün icazə alınması məqsədilə Elm və Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinə (bundan sonra ETNƏTTİ) müraciət ünvanlamışdır. Həmin müraciətdə 20 nəfər "xxxx" QSC-nin əməkdaşının və 4 nəfər "xxxx" MMC-nin əməkdaşlarının zəruri məlumatları göstərilmişdir. Qaydalara uyğun olaraq ETNƏTTİ idarəsi həmin məlumatları Daxili İşlər Nazirliyinə ötürərək müvafiq portal icazəsinin alınmasını təmin etmişdir. Lakin bu zaman "xxxx" QSC-nə məlum olmayan səbəbdən "xxxx" MMC-nin əməkdaşları olan 4 nəfərə icazə "xxxx" QSC-nin əməkdaşı kimi verilmişdir. Belə ki, iddiaçı ETNƏTTİ idarəsinə müraciətdə də həmin şəxslərin "xxxx" MMC əməkdaşları olmasını dəqiq göstərmişdir. xx.xx.2024 tarixli №060/24 saylı məktubdan da görünür ki, iddiaçı həmin 4 nəfərin onun əməkdaşı olmamasını qeyd edir. Hətta "xxxx" MMC-nin 5 saylı xx.xx.2023 tarixli "xxxx" QSC-nə müraciət məktubundan da görünür ki həmin şəxslər iddiaçının "xxxx" MMC yuxarıda qeyd olunan şəxslərin onun əməkdaşları olmasına istinad edir. Əlavə olaraq elektron poçt vasitəsilə ETNƏTTİ idarəsinə müraciətə əlavə olunmuş siyahıda da həmin 4 əməkdaş "xxxx" MMC-nə aid olması öz əksini tapmışdır. Dövlət əmək müffəttişliyin 29 iyul 2024 tarixli, MN № ******* saylı inzibati xəta haqqında qərarında qeyd olunub ki, yuxarıda barəsində qeyd olunan 4 şəxsdən 3 yəni X7, X2, X3 əmək müqaviləsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərə cəlb olunmuşlar. Lakin yuxarıda qeyd olunduğu kimi qərarda qeyd olunan şəxslər "xxxx" QSC ilə heç bir əmək hüquq münasibətində olmamışlar. Sadəcə onlara işğaldan azad edilmiş ərazilərə daxil olmaq üçün icazə iddiaçıya məlum olmayan səbəbdən "xxxx" QSC adına verilmişdir. Məhkəmə iclasında iştirak edən X5 vəkili və nümayəndəsi X12 şikayətin məzmununa uyğun çıxış edərək Azərbaycan Respublikasınən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsinin tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı qərarın qanunsuz və əsassız olduğunu bildirmiş, ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi Anar Məmmədov çıxış edərək, qərarın Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş məlumat əsasında qəbul edildiyini, Qərarda adları göstərilən şəxslərin Qarabağ ərazisində işlərə cəlb edilməsi üçün iş icazəsinin "xxxx" QSC MMC tərəfindən alındığını söyləmişdir. Buna görə də qərarın qanuni olduğunu bildirərək şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, "xxxx" QSC-nin dirketoru X17 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və barəsində 3000 (üç min) manat məbləğində cərimə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Məhkəmədə tədqiq edilmiş "xxxx" MMC-dən "xxxx" QSC-yə ünvanlanmış xx.xx.2023cü il tarixli müraciətdən görünür ki, balansında olan işçilərin X18, X8, X4 və X1 işğaldan zad olunmuş ərazilərə daxil olmaları üçün icazə alınmasını xahiş etmişdir. Məhkəmədə tədqiq edilmiş "xxxx" MMC ilə "xxxx" QSC arasında yüklərin ölkədaxili ərazilərə daşınması, həmçinin bir sıra digər xidmətlərin yerinə yetirilməsi məqsədi ilə xx.xx.2021-ci il tarixli, 150 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Məhkəmədə tədqiq edilmiş "xxxx" QSC-nin dirketoru tərəfindən Elm və Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinə ünvanlanmış məktubdan görünür ki, Ağdam şəhrində “Körpələr evi”-nin tikintisi lahiyəsi ilə əlaqədar müəssisənin 20 nəfər və şirkətin podratçıları "xxxx" MMC tərəfindən (Müqavilə № 150, xx.xx.2021) 4 nəfər əməkdaşlarına şəhərin işğaldan azad edilmiş ərazilərinə daxil olmalarına icazə verilməsini xahiş olunmuşdur. Məhkəmədə tədqiq edilmiş İcazə verilən şəxs və nəqliyyat vasitələrinin portal siyahından görünür ki, işğaldan azad olunmuş ərazilərə "xxxx" MMC-nin 4 nəfər işçisi kimi, yəni X18, X8, X4 və X1 daxil olmalarına icazə verilmişdir Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, "xxxx" QSC-nin ilə "xxxx" MMC arasında bir sıra xidmətlərin yerinə yetirilməsi məqsədi ilə xx.xx.2021-ci il tarixli, 150 nömrəli xidmət müqaviləsi mövcuddur. "xxxx" MMC tərəfindən "xxxx" QSC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan da aydın görünür ki, "xxxx" MMC öz balansında olan işçilərin (X18, X8, X4 və X3) işğaldan zad olunmuş ərazilərə daxil olmaları üçün icazə alınmasını "xxxx" QSC-dən xahiş etmişdir. Bu da hər iki şirkət arasında müqavilə üzrə xidmətlərin göstərildiyini və adları çəkilən şəxslərin "xxxx" MMC-nin əməkdaşları olmasını təsdiq edir. Bundan başqa hər iki MMC arasındakı razılaşmaya uyğun olaraq Ağdam şəhərində “Körpələr evi”nin tikintisi layihəsi ilə əlaqədar tikinti işlərinə xidmət müqaviləsinə uyğun olaraq "xxxx" MMC-nin əməkdaşlarının cəlb edildiyi iş materiallarında olan yazışmalarla da öz təsdiqini tapır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X5 əmək müqaviləsi olmadan şəxslərin işə cəlb edilməsi ilə bağlı qaydaların pozulmasına səbəb ola biləcək heç bir hal aşkarlanmamış, o cümlədən sübuta yetirilməmiş, həmçinin X13 Xidməti Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş məlumat əsasında yalnız Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin altsisteminə baxış keçirməklə kifayətlənmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə İXM-nin 8-ci maddəsində nəzərdə tutulan “Təqsirsizlik prezumpsiyası prinsipi”ni rəhbər tutur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə iş materiallarını nəzərdən keçirərək müəyyən edir ki, "xxxx" QSC-nin dirketoru X17 barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar əsassızdır və ləğv edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. "xxxx" QSC-nin dirketoru X17 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar