Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2732/2023 16.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi Əhmədova Aynur Əvəz qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: xx.xx.2023-cü il tarixdə məhkəməyə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan EP ******* nömrəli, 04 sentyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, "xxxx" ASC-dən təqdim edilmiş məlumat və sənədlərə əsasən, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi 206526.08 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən bankda olan hesabından xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən 02 (iki) il gündən artıq müddət keçməsinə baxmayaraq, 107582.39 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi X4 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinə, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (Agentlik) barəsində təqdim olunan 2023-ci il 04 sentyabr tarixli EP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə tərəflərindən baxılmış və araşdırılmışdır. 2014-2021-ci illər ərzində Agentlikdə, Azərbaycan Hökuməti və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının tərəfdaşlığı ilə “X3 Qabiliyyətinin Gücləndirilməsi Layihəsi” (Layihə) həyata keçirilmişdir. 2021-ci il 08 iyul tarixdə Layihə ilə “X7 Urunleri” A.S. (Təhcizatçı) arasında AZ-AACD-218568-GO-RFB-A3/G-1A saylı müqavilə imzalanmışdır. Müqaviləyə əsasən özəl baytarlıq xidmətlərinə keçidlə əlaqədar ölkənin 56 regionunda fəaliyyət göstərən X2 mütəxəssislərinə 1382 dəst avadanlıq və ləvazimatların satınalınması nəzərdə tutulmuşdur. Müqaviləyə əsasən müqavilə predmetinin ümumi dəyəri 1,469,895.20 ABŞ dolları təşkil etmiş, bunun 1,032,630.40 ABŞ dolları avadanlıq və ləvazimatların dəyərinin ödənilməsinə, qalan 437,264.80 ABŞ dolları isə malların gömrük rəsmiləşdirilməsi, ƏDV, çatdırılma və sığorta və idxal rüsumu kimi xərclərin qarşılanmasına nəzərdə tutulmuşdur. Müqavilənin şərtlərinə əsasən malların tədarükü üçün Təchizatçı tərəfindən təqdim olunan invoyslara əsasən (əlavə olunur) ilk olaraq Layihə tərəfindən (VÖEN **********) "xxxx" ASC vasitəsilə 206 526.08 (iki yüz altı min beş yüz iyirmi altı, səkkiz sent) ABŞ dolları məbləğində avans ödənilmişdir. Sonrakı mərhələlərdə isə nəzərdə tutulan mallar ölkəyə idxal olunduqca 933 686.06 (doqquz yüz otuz üç min altı yüz səksən altı, altı sent) ABŞ dolları tranşlarla "xxxx" ASC vasitəsilə köçürülmüşdür. Araşdırmalar nəticəsində əldə olunan məlumatlara görə ümumilikdə Təchizatçıya (xaricə) 1 140 212,14 (bir milyon yüz qırx min iki yüz on iki, on dörd sent) ABŞ dolları vəsait ödənilmiş, Müqavilə üzrə qalan 329 683,06 (üç yüz iyirmi doqquz min altı yüz səksən üç, altı sent) ABŞ dolları isə ölkə daxilində gömrük rəsmiləşdirilməsi, ƏDV və sığorta kimi xərclərə yönəldilmişdir. Təchizatçıya ödənilən ümumi məbləğin 1 032 629,8 (bir milyon otuz iki min altı yüz iyirmi doqquz, səksən sent) ABŞ dolları malların dəyərinə (malların ölkəyə daxil olması barədə Gömrük bəyannamələri əlavə olunur), qalan 107582,34(yüz yeddi min beş yüz səksən iki, otuz dörd sent) ABŞ dolları isə malların Təchizatçı tərəfindən ölkəyə çatdırılma (nəqliyyat) xərclərinə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə təqdim olunan xx.xx.2023-cü il tarixli EP ******* saylı inzibati xəta haqqında protokolda qeyd olunan 107 582,34 ABŞ dolları həmin malların çatdırılma (nəqliyyat) xərcləri ilə əlaqədar olmuşdur. Göstərilənlərə əsasən, təsdiqedici sənədləri məhkəməyə təqdim edib MMC-nin barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: "xxxx" ASC-nin tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin hesabından 206526.08 ABŞ dolları ödəniş edilmişdir. **********4819, **********8104, **********5029, **********5026, **********5682, **********4803, **********9559, **********8232, **********8339, **********2048, **********2042, **********4749, **********6337, **********4812, **********5041, **********0126, **********2054 nömrəli gömrük bəyannamələrindən görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş məbləğin qarşılığı olan mallar ölkəyə tam şəkildə idxal olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X5 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyri rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndi dəyişikliklər edilməklə, aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) Avro ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir”. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin dispozisiyasından göründüyü kimi, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət müəyyən edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin barəsində EP ******* nömrəli, 04 sentyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən valyuta tənzimi qaydalarının pozulması və bununla da sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, “X7 Urunleri” A.S şirkəti ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi arasında 08 iyul 2021-ci il tarixdə müqavilə bağlanılmış və həmin müqavilənin ümumi dəyəri 1140212,14 ABŞ dolları təşkil etmişdir. Müqavilə əsasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən ilk öncə "xxxx" ASC vasitəsi ilə 206526.08 ABŞ dolları və növbəti dəfə "xxxx" ASC vasitəsi ilə ardıcıllıqla 507971,57 ABŞ dolları, 223536,14 ABŞ dolları, 202178,35 ABŞ dolları olmaqla ümumilikdə 11140212,14 ABŞ dolları pul vəsaiti müvafiq olaraq “X7 Urunleri” A.S şirkətinin bank hesabına köçürülmüşdür. Həmin köçürülmüş məbləğ üzrə 1032630.40 ABŞ dolları məbləğində pul vəsaitinin qarşılığı olan mallar ölkəyə idxal edilmişdir. Müqavilə ilə 107581.74 ABŞ dolları pul vəsaiti isə malların ölkəyə çatdırılması xərcinə razılaşdırılmış və həmin qaydada hesablanmışdır. Bununla da məhkəmə iclasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin əməlində inzibati xəta tərkibinin olmaması aşkar edilmişdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi 206526.08 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaitin ödəniş tapşırığına əsasən Bankda olan hesabından xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş və 107582,34 ABŞ dolları məbləğin çatdırılma xərcləri olmasının müəyyən edilməsini, habelə işin hallarını və qanunun tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta tərkibi olmadığından Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-2732/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2732/2023
16.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver