Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2736/2025 20.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs – X1, Bakı şəhər X9 İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, X1 Bakı şəhər X8 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər X8 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X4 şikayət ərizəsində göstərmişdir ki, 30 iyun 2025-ci il tarixdə təxminən saat 16:25 radələrində istifadəsində olan **-LT-*** dövlət nömrə nişanlı avtomobillə Həsən Əliyev küçəsi ilə hərəkətdə olduğu zaman onu DYP xidməti avtomobili saxlamış və avtomaşınına yaxınlaşan polis inspektoru özünü təqdim etmədən və vəsiqəsini göstərmədən bildirmişdir ki, guya o, Tbilisi prospekti ilə hərəkətdə olduğu zaman işıqforun qırmızı işığında keçmişdir. O həmin inspektora cavab olaraq bildirmişdir ki, belə bir hal baş verməmişdir. Sonra, həmin inspektor ona videogörüntü olduğunu demişdir. Cavab olaraq videogörüntünü tələb etsə də, təxminən 5-20 dəqiqə gözlətsə də inspektor görüntünü təqdim edə bilməmişdir. Bilindiyi kimi əgər inzibati xəta hadisəsi varsa, mövcud olan xətaya uyğyn barəsində inzibatı xəta haqqında protokol tərtib edilməlidir. Bunu inspektora bildirdikdə, inspektor protokolun tərtib ediləcəyini və ona bu barədə sms göndəriləcəyini demişdir. O bir daha onun iştirakı ilə protokol tərtib edilməsini və həmin protokola etiraz yazmasını istəsə də, inspektor buna əhəmiyyət vermədən xidməti maşınına minərək həmin yerdən uzaqlaşmışdır. Bununla da hüquqlar kobud şəkildə pozulmuşdur. Həmçinin təxminən 35 dəqiqəyədək yolundan saxlamışdır. Bir neçə dəqiqə sonra, yəni saat 17:02-də mobil telefonuna SMS daxil olmuşdur. Həmin SMS-də göstərilmişdir ki, **-LT-*** nömrəli avtomobil 100 AZN cərimə edilmişdir, tarix: xx.xx.2025, saat 16:58, maddə 327 2. protokol: İXP7238505 və müvafiq ödəmə linki. Lakin ünvanına rəsmi qaydada nə protokol, nə də ki, inzibati tənbeh vermə haqqında qərar göndərilməmişdir. Dəfələrlə Bakı şəhər DYP və digər polis şöbələrinə zəng etməsinə baxmayaraq həmin protokol və qərarı əldə edə bilməmişdir. Yalnız 29 iyul 2025-ci il tarixdə Bakı şəhər Nərimanov rayon Polis İdarəsinin DYP şöbəsinin əməkdaşları dəfələrlə tələbindən sonra tərtib edilmiş həmin 30 iyun 2025-ci ii tarixli İXP7238505 nömrəli inzibati xəta haqqında protokolu və onun əsasında qəbul edilmiş 11 iyul 2025-ci il tarixli TP7365701 nömrəli inzibati tənbeh vermə haqqında qərarı qeyri-rəsmi olaraq çap edib təqdim etmişlər. Protokol və qərardan göründüyü kimi, həmin sənədlər elektron protokol və qərardır. Yalnız həmin gün məlum olmuşdur ki, yolda saxlayıb və barəsində qanunsuz protokol tərtib edən Bakı şəhər DYP şöbəsinin əməkdaşları olmuşdur. Bu şikayətlə bildirir ki, barəsində Bakı şəhər X8 İdarəsinin əməkdaşı tərəfindən xx.xx.2025-ci il tarixində tərtib olunmuş İXP7238505 saylı inzibati protokol və xx.xx.2025-ci il tarixli TP7365701 saylı inzibati qərar qanunsuz və əsassız olaraq qəbul edilmişdir. Göründüyü kimi, nə texniki sübut, nə də protokolun onun iştirakıyla tərtib olunması təmin edilməmişdir. Bu hallar müdafiə hüququnun pozulmasına, obyektiv və ədalətli araşdırma hüququnun məhdudlaşdırılmasına səbəb olmuşdur. Həmçinin DYP əməkdaşı bir sıra ciddi qanun pozuntularına yol vermişdir. O, yerində protokol tərtib etməmiş, ona protokolla razı olub-olmadığını bildirməyə imkan verməmişdir. Bunların hamısının nəzərə alınmasını barəsindəki inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 verdiyi şikayət ərizəsinin məzmununa uyğun izahat verərək həmçinin qeyd etmişdir ki, polis əməkdaşı ona inzibati xətanın Tbilisi prospektində törədilməsi barədə məlumat versə də, inzibati xətanın törədildiyi yer kimi protokolda H.Əliyev küçəsi göstərilmişdir. Ona görə də barəsində Bakı şəhər DYPİ-nin 11 iyul 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv olunmasını, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən orqan Bakı şəhər X9 İdarəsinin nümayəndəsi X5 inzibati xəta hadisəsini özündə əks etdirən videogörüntünü məhkəməyə təqdim edərək X4 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğuna görə şikayətin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhər X8 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2025-ci il tarixdə saat 16:58-də “JEEP COMPASS LİMİTED” minik markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən svetoforun qadağanedici işarəsi verilməsinə baxmayaraq hərəkətini davam etdirməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (yüz) manat cərimə edilmişdir. Hadisə görüntülərini əks etdirən “CD” diskdən görünür ki, X3 istinad olunan inzibati xətanın xx.xx.2025-ci il tarixdə saat 16:58-də Bakı şəhəri, H.Əliyev küçəsində törədilməsi müəyyən edilmir. Ehtimal edilən inzibati xətanın Bakı şəhəri, Tbilisi prospektində törədilməsi güman olunur. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qərarın ləğv edilməsi hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsi dinləyib, onun şikayət ərizəsi və ona əlavə etdiyi materialları tədqiq edərək hesab edir ki, X4 xx.xx.2025-ci il tarixdə H.Əliyev küçəsində inzibati xəta hadisəsini törətməkdə təqsirli bilinsə də, məhkəməyə təqdim edilən videogörüntüdən və şikayətçinin izahatından inzibati xəta hadisəsinin yeri səlahiyyətli orqan tərəfindən düzgün müəyyən edilməmiş, şəxsin H.Əliyev küçəsində inzibati xəta hadisəsini törətməsini təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Məhkəmə hesab edir ki, X4 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X1 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, X4 barəsində Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Bakı şəhər X9 İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 133- 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X4 barəsində Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Bakı şəhər X9 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev
Məhkəmə qərarları › İş №3(005)-2736/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2736/2025
20.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver