Məhkəmə qərarları › İş №3(005)-2738/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2738/2025

12.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2738/2025 12.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 Etibar qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin böyük təhqiqatçısı X1 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 485.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 00100-02213/25 nömrəli, 28 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, X5, ev 627 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına 34BJZ681 nömrəli nəqliyyat vasitəsilə idxal edilmiş **********0866 sorğu nömrəli xx.xx.2025-ci il tarixli gömrük bəyannaməsi tərtib edilərək gömrük orqanına bəyan edilmiş mallara dair gömrük bəyannaməsi və digər sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, Şəxs MMC-nin ünvanına idxal edilmiş yüklərə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhədini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Həmçinin Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-1100/012/011382 nömrəli, xx.xx.2025-ci il tarixli raportun icrası ilə əlaqədar olaraq bildiririk ki Şəxs MMC-nin ünvanına 34BJZ681 nömrəli nəqliyyat vasitəsilə idxal edilmiş xx.xx.2025-ci il tarixli, **********0866 sorğu nömrəli tarixli gömrük bəyannaməsi tərtib edilərək gömrük orqanına bəyan edilmiş mallara dair gömrük bəyannaməsi və digər sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, Şəxs MMC-nin ünvanına idxal edilmiş yüklərə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəvvən edilmiş qaydada mallar gömrük sərhədini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Bununla da Şəxs MMC barəsində İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin böyük təhqiqatçısı X2 çıxış edərək bildirmişdir ki, tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə etmir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şirkət intizamlı şirkətdir. Şirkətin barəsində əldə edilən raportlar bir icraatda birləşdirilməli idi. İş yükünün çoxluğu ilə əlaqədar onların diqqətindən yayınmış və 374 nömrəli müqavilə əsasında aşkara çıxarılan əməl üzrə təkrarən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hazırkı protokol üzrə qeyd edilən əməl artıq məhkəmədə 3(005)- 2714/2025 nömrəli inzibati iş üzrə baxılmış və hüquqi qiymət verilmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə, qeyd olunan şəxsin (nümayəndələrinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2714/2025 nömrəli, xx.xx.2025ci il tarixli qərarından görünür ki, Şəxs MMC AR İXM-nin 485.2-ci maddəsi ilə təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 53.1.7-ci madəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, göndərilən mallar **********9522 sorğu nömrəli görmük bəyannaməsi tərtib edilərək Şəxs MMC tərəfindən gömrük orqanına bəyan edilsə də, həmin malların Azərbaycan Respublikasının ərazisinə çatma vaxtları barədə öncədən məlumat verilmədiyindən mallar barədə elektron formada verilməli olan qısa idxal bəyannaməsi verilməmişdir. Lakin, hüquqi şəxs tərəfindən törədilən əməl üzrə artıq məhkəmə tərəfindən hüquqi qiymət verilmiş və məhkəmənin qərarı ilə hüquqi şəxs inzibati qaydada cərimə edilmişdir. Belə olan halda inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin qərarı olduğundan iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53.1.7, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar