Məhkəmə qərarları › İş №3(005)-2740/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2740/2025

15.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2740/2025 15.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru X3 və onun nümayəndəsi (vəkili) Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsi tərəfindən baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə tərtib edilmiş 28 iyul 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan Şahid xx.xx.2025-ci il tarixdə iş yerində xəsarət almış, araşdırma zamanı onun xx.xx.2025-ci il tarixdən Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyi tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb olunması müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X6 protokolun məzmununa uyğun çıxış edərək bildirmişdir ki, vətəndaş Şahid Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə müraicət edərək xx.xx.2025-ci il tarixdə iş yerində xəsarət aldığını bildirmişdir. Yoxlama zamanı Şahid əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xx.xx.2025-ci il tarixdən işlərin yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilmişdir. Göstərilənlərə əsasən Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X4 məhkəməyə təqdim etdiyi yazılı etirazın məzmununa uyğun çıxış edərək Şəxs MMC-nin barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsin xahiş etmişdir. Qeyd etmişdir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə protokol tərtib edilərək icraat başlanılmış və Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati icraat zamanı MMC-nin direktoru və işəgötürəni kimi X3 ümumiyyətlə izahatı alınmamış, hər hansı şəkildə iştirakı təmin edilməmişdir. Bu mənada hüquqi şəxsin direktorunun izahatı alınmalı idi. Əmək müfəttişliyi heç bir müstəqil araşdırma aparmadan tələsik hazırkı protokolu tərtib etmişdir. Hansı ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti haqqında Əsasnaməyə görə Xidmətin müstəqil, geniş diskresion araşdırma səlahiyyətləri vardır. Həmin Əsasnaməyə görə Əmək Müfəttişliyi öz səlahiyyətləri daxilində işçinin və direktorun izahatını almalı, müstəqil araşdırma aparmalı idi. Şahid sosial yardım ala bilməsi üçün öz xahişi ilə bildirmişdir ki, əgər o, əmək müqaviləsi ilə işə götürülsə, aldığı sosial yardımın verilməsi dayandırılacaq. Bu mənada özünü doğrultması və ən əsası öz xahişi ilə aldığı sosial yardımın kəsilməməsi məqsədi ilə ona imkan yaradılmışdır ki, işə başlasın. Lakin məhz həmin gün də barmağını zədələmişdir. Nəticə etibarı ilə əmək müqaviləsinin bağlanmaması məhz işçinin iradəsinə uyğun olmuşdur. Eyni məsələ üzrə hazırda Qaradağ Rayon Prokurorluğunda araşdırma da aparılmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru X7 eyniməzmunlu izahat vermişdir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid izahatında göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixdən Şəxs MMC-də heç bir əmək müqaviləsi bağlanılmadan işlərin görülməsinə cəlb edilmişdir. O, bu barədə müdriyyətə müraciət edərək əmək müqaviləsi bağlanılmasını xahiş etsə də, onunla müqavilə bağlanılmasından imtina edilmişdir. Qaradağ rayonu Puta qəsəbəsi ərazisində yerləşən fabrikdə işləyərkən xx.xx.2025-ci il tarixdə xəsarət almış və bu faktla bağlı Bakı şəhəri Qaradağ rayon prokurorluğunda araşdırma aparılmışdır. O, heç kəsdən sosial yardım aldığına görə əmək müqaviləsinin bağlanmamasını xahiş etməmişdir, əksinə müdriyyət əmək müqaviləsi bağlamamaqda maraqlı olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsinin MN ******* nömrəli, 28 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şahid Şəxs tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müvafiq işlərinə yerinə yetirməyə cəlb edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” PHŞ-nin Əmək Müfəttişliyi Xidmətinə ünvanlanan 24 iyun 2025-ci il tarixli məktubundan görünür ki, Şahid xx.xx.2025-ci il tarixdə həmin müəssisədə ambulator müalicə almışdır. Ona sol əlin İİ barmağın kəsilmiş didilmiş yaraları, toxuma defekti diaqnozu qoyulmuşdur. Xəstənin deməsinə görə evdə dəmir qapı arasında qalıb. İstehsalatda baş verən bədbəxt hadisə yerinə baxış aparılması haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə hadisə yerinə baxış keçirilmiş və baxış zamanı müəssisənin qapısı bağlı olduğu müəyyən edilmiş, qapını heç kim açmamışdır. xx.xx.2025-ci il tarixli izahatın surətindən görünür ki, Şahid Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsinə oxşar məzmunlu izahat vermişdir. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və mövqeyinin hüquqi əsasları: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən, həmin Məcəllənin tələblərinə əməl edilməklə bağlanan əmək müqaviləsi əmək hüquq münasibətlərini tənzimləyən yazılı sənəddir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir, fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. 3-cü maddəsinə əsasən: 4-1. Əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir.

5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra – əmək müqaviləsi) – işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. 7-ci maddəsinə əsasən:

1. İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir.

2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır.[13] 2-1. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. 2-2. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə əmək münasibətləri həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan yaranır. 42-ci maddəyə əsasən:

1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

2. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 49-cu maddəsinə əsasən:

1. Bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir.

2. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanılacaq əmək müqaviləsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində qeydə alınmış işçi və işəgötürən barədə əmək münasibətlərinə dair məlumatların elektron informasiya sisteminə ötürülməsi əsasında elektron sənəd formasında avtomatlaşdırılmış qaydada formalaşır və formalaşan tarixdən 3 (üç) iş günündən gec olmayaraq, tərəflərin gücləndirilmiş elektron imzası vasitəsilə imzalanır. Bu halda əmək müqaviləsi “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir.

3. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsində müəyyən edilmiş hallarda bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir.

4. Bu Məcəllənin 74-cü maddəsinin 1-1-ci hissəsində nəzərdə tutulan hallarda elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın qərarı ilə qüvvədən düşmüş hesab edilir. Bu zaman əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan tərəfindən işçinin qüvvədə olan əmək müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi barədə inzibati akt formasında qərar qəbul edilir və bununla bağlı elektron informasiya sistemində müvafiq qeyd aparılır.

5. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Əmək müqaviləsinə xitam verilməsi tarixi əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) imzalandığı tarixdən əvvəlki tarixə (bu Məcəllənin 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndi ilə xitam verilən və həmin maddənin 1-1-ci hissəsi ilə xitam verilmiş hesab edilən hallar istisna olmaqla) müəyyən edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİ və İV hissələri ilə müəyyən edilmişdir ki, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyası və əmək münasibətləri sahəsində qanunvericiliyin tələblərinə görə əmək müqavilələri sərbəst bağlanılır dedikdə burada əsas məzmun tərəflərin, yəni işçi və işəgötürənin sərbəst iradələri əsasında əmək müqaviləsinin bağlanmasından ibarətdir. Yəni qanunvericiliyə əsasən heç kəs zorla işlədilə bilməz, yaxud əmək müqaviləsinin bağlanmasına məcbur edilə bilməz. Qanunla bu hüquq həm işçi, həm də işəgötürənə aid edilmişdir. Qanunun bu normasını təhrif edərək işçi əmək müqaviləsi bağlamaq istəmədikdə işəgötürənin bu vəziyyətdən suiistifadə etməsi qəbul edilməzdir. Bu halda işəgötürən əmək münasibətləri sahəsində vəzifələrini və öhdəliklərini yerinə yetirməklə əmək müqaviləsi bağlamaq niyyəti olmayan işçini işlərin yerinə yetirilməsinə cəlb etməməlidir. İşə götürən dərk etməlidir ki, əmək müqaviləsinin sərbəst bağlanılmasının müəyyən olunması yalnız iki tərəfin qarşılıqlı razılığını özündə ehtiva edir və işəgötürənin əmək müqaviləsi bağlamaq istəməyən işçini işlərin yerinə yetirilməsinə cəlb etməsinə əsas ola bilməz. Bundan başqa işəgötürən tərəfindən işçinin əmək müqaviləsi bağlamaq istəyinin olmamasının nəzərə alınması barədə arqumenti məhkəmə tərəfindən yoxlanılmış və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmiş Şahid izahatı ilə təkzib etmişdir. İş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən Şəxs tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Şahid işlərin yerinə yetirilməsinə cəlb edilməsi təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, X5 Xidməti Şəxs tərəfindən Azərbaycan Respublikası İXMnin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törədilməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş Şəxs barəsində haqlı olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsi hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, bununla da Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi sübuta yetirildiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinməli və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 20000 (iyirmi min) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər.

Hakim Tural Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar