Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2741/2024 04.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhər BPİ-nin X7 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol-patrul xidmətinin inspektoru X2, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ-nin X7 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yolpatrul xidmətində tərtib olunmuş iş materialları 04 sentyabr 2024-cü il tarixdə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokolda göstərilmişdir ki, “Kia Rio” minik markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs xx.xx.2024-cü il tarixdə, saat 15:05-də Bakı şəhəri, Nərimanov rayonunda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bununla da, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Bakı şəhər BPİ-nin X7 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol-patrul xidmətinin inspektoru X4 verilmiş protokola uyğun izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 15:05-də Bakı şəhəri, Nərimanov rayonunda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin nümayəndəsi X3 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Şəxs avtomobilində texniki nasazlıq olduğunu bildirir. Əgər avtomobildə nasazlıq varsa niyə nasaz avtomobillə yola çıxır. İş materiallarına bütün sübutlar əlavə edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs çıxış edərək bildirmişdir ki, o, Dərnəgül istiqamətində hərəkət edən zaman avtomobil qeyri-ixtiyari önə atılmışdır. Hətta polis əməkdaşının özü də avtomobildəki nasazlığa şahid olmuşdur. Sonradan avtomobil duracağa aparılmışdır. İşin məhkəməyə göndərilməsini şəxsən özü tələb etmişdir. Belə ki, o, avtoxuliqanlıq etməmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi isə sübuta yetirilmir. Belə ki, məhkəmə iclasında təqdim edilmiş fotoşəkillərə baxış zamanı sürücü tərəfindən yolun səthində çoxsaylı təkər izlərinin buraxılması müəyyən edilmir. Həmçinin həmin fotoşəkillərin hansı tarixdə və hansı məkanda çəkilməsinə dair hər hansı bir sübut təqdim edilməmişdir. Habelə məhkəmə qeyd edir ki, fotoşəkillərdə yolun səthində çoxsaylı təkər izləri olsaydı belə həmin izlərin sürücü Şəxs tərəfindən buraxılmasını müəyyən etmək mümkün deyildir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə inzibati məsuliyyət müəyyən edir. Göstərilən maddənin dispozisiyasından müəyyən olunur ki, avtoxuliqanlıq əməli mütləq şəkildə özündə 3 elementi əks etdirməlidir: 1) nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan hərəkətlər; 2) cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər; 3) yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında qeyd olunur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz Göründüyü kimi, Şəxs barəsində toplanmış sübutlar onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törətməsini təsdiq etmir. Belə ki, məhkəmə iclasında bir növ ittiham funksiyasını yerinə yetirən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs tərəfindən Şəxs nəqliyyat vasitəsini idarə edərkən davamlı olaraq hansı yol hərəkəti qaydalarını pozmasını təsdiq edən təkzibedilməz dəlillər məhkəməyə təqdim olunmamışdır. Məhkəmə hesab edir ki, proses iştirakçılarının ifadələri arasında ziddiyyətin olması və barəsində icraat aparılan şəxsin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin tərkib əlamətlərinin olmasını təsdiq edəcək təkzibedilməz sübutların mövcud olmaması hazırkı iş üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulmuş əməlin törətdilməsində təqsirli bilinməsi üçün kifayət etmir. İXM-in: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs barəsində xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işə əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-132-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işə barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-2741/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2741/2024
04.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver