Məhkəmə qərarları › İş №3(005)-2743/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2743/2022

22.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2743/2022 22.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi ilə X1 Bakı şəhər BPİ-nin X4 İdarəsinin 29 avqust 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər BPİ-nin X4 İdarəsinin 29 avqust 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, özünə məxsus “Opel Astra” minik markalı, **-DS- *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi ilə hərəkətdə olarkən guya “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozmuşdur və haqqında Azərbaycan Respublikasının İXM-nin 327.4 üfüqi nişanlanma xətlərinin tələblərinin pozulması maddəsi ilə 100 manat məbləğində elektron qaydada və qərarsız formada elektron protokol tərtib olunmuşdur. xx.xx.2022-ci il tarixindən, yəni hadisə baş verdiyi andan xx.xx.2022-ci il tarixədək 16 gün ərzində protokol haqqında nə ona SMS bildiriş, nə də ki ona məxsus Asan Pay elektron asan ödəniş sistemində bu inzibati xəta haqqında məlumat qeyd olunmamışdır. Bu haqda məlumatı Asan pay ödəniş sistemindən çıxarışda da göründüyü kimi, xx.xx.2022-ci il tarixində məlumatlı olmuşdur və məlumatı elektron portal üzərindən əldə etmişdir. Hesab edir ki, ona elektron qaydada tərtib olunmuş protokol aşağıdakı əsaslara görə ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1, 327.2, 327.3, 327.4, 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. 38.6-cı maddəsinə əsasən, bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Tərəfindən ərizəyə əlavə olunmuş Asan Pay asan ödəniş sistemindən olan çıxarışdan göründüyü kimi, guya qayda pozuntusu xx.xx.2022-ci il tarixdə baş vermiş və elektron kabinetə 16 gün sonra, yəni xx.xx.2022-ci il tarixində yerləşdirilmişdir. Asan Pay asan ödəniş sistemindən də açıq aşkar görünür ki, elektron protokol İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsinin tələblərinə zidd formada (elektron kabinetə 1 gündən gec yerləşdirildiyindən) tərtib olunmuşdur. İnzibati Xətalar Məcəlləsinə, Yol hərəkəti haqqında qanuna və Yol Patrul Xidməti haqqında təlimata əsasən, inzibati xəta üzrə tərtib olunmuş elektron protokola, tərtib olunduğu andan etibarən 20 gün müddətində etiraz edilməsə protokola qərar verilir. Halbuki, bu iş üzrə protokol xx.xx.2022-ci il tarixində tərtib olunduğundan və tərtib olunduğu müddətdən 20 gün keçmədiyindən tərəfindən protokoldan şikayət verildiyindən iş üzrə qərar verilməmişdir. Odur ki, şikayət ərizəsinin təmin edilməsini və inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətlə müraciət edən şəxs şikayətdə qeyd olunanlarla eyni məzmunda izahat verərək şikayətin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayətin qərarın ləğv edilməsi hissəsində təmin edilməlidir. Belə ki, Bakı şəhər BPİ-nin X4 İdarəsinin 29 avqust 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 Azərbaycan Respublikası İXMnin 327.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Belə ki, iş üçün əhəmiyyət kəsb edən halların inzibati xəta haqqında qərarda göstərilməməsi, inzibati xəta haqqında qərar qəbul etmiş şəxsin məhkəmə iclasına dəvət olunmasına baxmayaraq gəlməməsi, hər hansı texniki vasitədən istifadə edilib-edilməməsi barədə qeyd aparılmaması belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə, X1 iştirakı ilə yenidən əsaslı qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə görə, birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə yüz manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər BPİ-nin X4 İdarəsi tərəfindən X1 Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 100 manat məbləğində cərimə edilməsi ilə bağlı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən inzibati xəta haqqında iş üzrə icraat zamanı X1 həmin maddədə nəzərdə tutulan inzibati xətanı törətməsi kifayət qədər sübuta yetirilməmiş, vəzifəli şəxsin həmin qərarla gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, İXM-də müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Belə ki, Bakı şəhər BPİ-nin X4 İdarəsinin 29 avqust 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməsi işdəki hansı mötəbər sübutlarla sübut olunması aydınlaşdırılmamış, işin halları ətraflı araşdırılmamış və ona obyektiv hüquqi qiymət verilməmiş, bu sübutlar məhkəməyə təqdim olunmamışdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, X1 idarə etdiyi avtomobil ilə onun tərəfindən AR İXM-nin 327.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törətməsi heç bir sübuta əsaslanmadan qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. X2 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə qəbul edilsə də, işə baxılarkən müəyyən edilmiş hallar əsaslandırılmamışdır. Bu isə belə nəticəyə gəlməyə əsas verir ki, inzibati tənbeh vermə haqqında qərar heç bir sübuta əsaslanmadan qəbul edilmişdir. İşin araşdırmalarından məhkəmə belə nəticəyə gəlir ki, şikayətçi X1 şikayət ərizəsi qismən təmin edilməli, Bakı şəhər BPİ-nin X4 İdarəsinin 29 avqust 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və işə yenidən baxılması Bakı şəhər BPİ-nin DYPİ-nə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X1 Bakı şəhər BPİ-nin X4 İdarəsinin 29 avqust 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməsi hissəsində təmin edilsin və işə yenidən baxılması Bakı şəhər BPİ-nin DYPİ-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar