Məhkəmə qərarları › İş №3(005)-2757/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2757/2025

04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2757/2025 04.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 17:25 Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Vəliyev Mahir Tahir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin polis sahə inspektoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.2002-ci ildə Ucar rayonu, Qaradağlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsindən daxil olmuş 04 avqust 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs istifadəsi qadağan olunmuş narkotik vasitələrdən istifadə etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsindən daxil olmuş 04 avqust 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə polisin qanuni tələblərinə tabe olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsindən daxil olmuş 04 avqust 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə küçədə ucadan nalayiq söyüşlər söymüşdür. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati icraat aparılan Şəxs eyni vaxtlarda törətdiyi inzibati xəta ilə bağlı ayrı-ayrı inzibati materiallar 04 avqust 2025-ci il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmə İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsindən daxil olmuş inzibati işlərin bir icraatda birləşdirilərək baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin polis sahə inspektoru X4 məhkəmə iclasında protokollara uyğun çıxış edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsində bir nəfər şəxsin səs-küy salaraq ucadan danışaraq nalayiq söyüşlər söydüyünü və ətrafda vətəndaşları narahat etdiyini görüb polis əməkdaşları ona yaxınlaşmışlar. Lakin həmin vətəndaş onun tələbinə məhəl qoymayaraq tabesizlik göstərmişdir. Daha sonra polis əməkdaşını əl qol hərəkəti ilə itələmiş və qanuni tələblərinə tabe olmamışdır. Beləliklə, Şəxs polis əməkdaşları tərəfindən şöbəyə gətirilmişdir, orada izahatını məhkəmədə verəcəyini bildirmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, özünü təqsirli bilir və əməlindən peşmandır. Narkotik vasitə həmin gün üstündə olmuş, lakin istifadə etməmişdir. Hadisə günü əsəbi olmuş və mobil telefonla danışan zaman söyüş söymüşdür. Bu səbəbdən polis əməkdaşları da ona yaxınlaşmışlar. Lakin, onlara qarşı zorakılıq etməmiş, əli ilə itələmişdir. Hadisənin səbəbini maddi vəziyyəti ilə əlaqələndirmişdir. Habelə, atası yeni əməliyyat olunub. Qeyd olunanların nəzərə alınmasını və ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 04 avqust 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs istifadəsi qadağan olunmuş narkotik vasitələrdən istifadə etmişdir. 04 avqust 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə polisin qanuni tələblərinə tabe olmamışdır. 04 avqust 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə küçədə ucadan nalayiq söyüşlər söymüşdür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsin Ambulator X1 haqqında 04 avqust 2025-ci il tarixli, 4688 nömrəli rəyindən görünür ki, X3 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. X6 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 04 avqust 2025-ci il tarixli qərardan məlum olur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə EkspertizasıMərkəzinin xx.xx.2025-ci il tarixli 7/1035 saylı ekspert rəyindən məlum olmuşdur ki, Şəxs üzərindən aşkar edilmiş təmiz çəkili 0.62 qram bitki kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.4. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. 206-cı maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə - iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, inzibati xəta haqqında iş üzrə toplanmış materialları, o cümlədən 04 avqust 2025-ci il tarixli, MN 2223538, MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokolları, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyini, Respublika Narkoloji Mərkəzinin rəyini, inzibati xəta haqqında protokolu tərtib etmiş polis əməkdaşının və barəsində icraat aparılan şəxs Şəxs izahatını və digər sənədləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinin tələblərinə uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiq edərək, öz daxili inamı ilə qiymətləndirərək hesab edir ki, Şəxs əməlində İXM-nin 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların tərkib elementləri mövcuddur və onun inzibati məsuliyyətə cəlb edilməsi üçün kifayət qədər hüquqi və faktiki əsaslar vardır. İXM-nin 510-cu maddəsi (xırda xuliqanlıq) üzrə: Bu inzibati xətanın obyekti ictimai qayda və ictimai əxlaqdır. Obyektiv cəhətdən xəta, ictimai yerdə (küçədə) ucadan nalayiq ifadələr işlətməklə cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirməkdə təzahür etmişdir. Bu hərəkətlər ətrafdakı vətəndaşların dincliyini pozmuş və mövcud davranış qaydalarını kobud şəkildə pozmuşdur. Bu fakt həm protokol tərtib edən şəxsin izahatı, həm də Şəxs özünün əsəbi olaraq telefonla ucadan söyüş söyməsi etirafı ilə təsdiqlənir. Subyektiv cəhətdən isə Şəxs öz hərəkətlərinin ictimai təhlükəli xarakterini dərk etmiş, onların nəticələrini arzulamış və ya şüurlu surətdə buna yol vermişdir. Onun əsəbi olması bu əməlin qəsdən törədilməsini istisna etmir. İXM-nin 535.1-ci maddəsi (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) üzrə: Bu inzibati xətanın obyekti idarəçilik qaydaları, xüsusilə də dövlət hakimiyyəti nümayəndəsinin normal fəaliyyətinin təmin edilməsi ilə bağlı yaranan ictimai münasibətlərdir. Obyektiv cəhətdən xəta, ictimai qaydanın pozulmasının qarşısını almaq məqsədilə ona yaxınlaşan və özünü təqdim edən polis əməkdaşının qanuni tələblərinə məhəl qoymamaqda və daha sonra onu fiziki olaraq itələməkdə ifadə olunmuşdur. Polis əməkdaşına qarşı fiziki təmasın olması, tabesizliyin aktiv və aşkar formada olduğunu sübut edir. Subyektiv cəhətdən bu əməl də birbaşa qəsdlə törədilmişdir. Şəxs qarşısındakı şəxsin polis əməkdaşı olduğunu və onun tələblərinin qanuni xarakter daşıdığını dərk etmiş, lakin buna baxmayaraq, qəsdən onun tələblərini yerinə yetirməkdən imtina etmişdir. İXM-nin 206-cı maddəsi üzrə: Bu xətanın obyekti ictimai sağlamlıq və narkotik vasitələrin qanuni dövriyyəsi qaydalarıdır. Obyektiv cəhətdən əməl, satış məqsədi olmadan şəxsi istehlak miqdarında narkotik vasitəni (0.62 qram qurudulmuş marixuana) saxlamaqda ifadə olunur. Bu fakt Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 7/1035 saylı rəyi ilə təkzibedilməz şəkildə sübuta yetirilmişdir. Şəxs narkotik vasitəni istifadə etmədiyini bildirməsi onun məsuliyyətini istisna etmir, çünki maddənin dispozisiyası təkcə istehlakı deyil, həm də qanunsuz saxlanılmasını da sanksiyalaşdırır. Məhkəmə, törədilmiş xətaların zaman ardıcıllığını və hüquqi xarakterini təhlil edərək müəyyən edir ki, burada inzibati xətaların real məcmusu mövcuddur. Şəxs fərqli vaxtlarda, bir-birinin ardınca müxtəlif hərəkətlərlə üç müstəqil inzibati xəta törətmişdir. Bu səbəbdən, tənbeh təyin edilərkən İXM-nin 34.4-cü maddəsinin prinsipləri rəhbər tutulmalıdır. İnzibati tənbeh tədbirinin növünü və həddini müəyyən edərkən, məhkəmə İXM-nin 31ci maddəsinin tələblərini rəhbər tutur. Məsuliyyəti yüngülləşdirən hallar: Məhkəmə, İXM-nin 32.1.1-ci maddəsinə əsasən, Şəxs törətdiyi əməllərdən səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Məsuliyyəti ağırlaşdıran hallar: Məhkəmə iclasında İXM-nin 33-cü maddəsi ilə müəyyən edilmiş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi əməllərin məcmusu onun ictimai təhlükəliliyinin yüksək olmasından xəbər verir. O, təkcə ictimai əxlaq normalarına (İXM 510) deyil, eyni zamanda idarəçilik qaydalarına və dövlət hakimiyyətinin nüfuzuna (İXM 535.1), habelə ictimai sağlamlığa (İXM 206) qəsd edən hüquqazidd əməllər silsiləsi törətmişdir. Tətbiq edilən tənbeh həm törədilmiş xətaların cəmindən irəli gələn ictimai təhlükəyə mütənasib olmalı, həm də İXM-in 21-ci maddəsində nəzərdə tutulan islah və preventiv məqsədlərə nail olmağı təmin etməlidir. Barəsində icraat aparılan şəxsin maddi vəziyyətinin çətinliyi və atasının səhhəti ilə bağlı dəlilləri, onun törətdiyi əməllərin, xüsusilə də polis əməkdaşına qarşı fiziki təmasla müşayiət olunan tabesizlik və narkotik vasitə saxlama kimi ciddi xətaların ictimai təhlükəliliyi ilə müqayisədə tənbehin növünün seçilməsinə həlledici təsir göstərə bilməz. Lakin, məhkəmə hər bir halda həmin faktı da nəzərə alır. Məhkəmənin qənaətinə görə, cərimə tənbehinin tətbiqi törədilən xətaların məcmusunun ciddiliyi ilə mütənasib deyildir və şəxsin islah olunması üçün kifayət qədər çəkindirici təsirə malik olmayacaqdır. İctimai asayişi nümayişkaranə şəkildə pozmaq, bu pozuntunun qarşısını alan hakimiyyət nümayəndəsinə fiziki müqavimət göstərmək və eyni zamanda üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaq kimi əməllər silsiləsi, şəxsin hüquqi nizama və cəmiyyətdə bərqərar olmuş davranış qaydalarına qarşı dərin hörmətsizliyini göstərir. Belə şəraitdə, yalnız cəmiyyətdən müvəqqəti təcrid edilməni nəzərdə tutan inzibati həbs tənbehi ultima ratio (son vasitə) olaraq tənbehin məqsədlərinə nail olmağa imkan verə bilər. Yuxarıda göstərilənləri və İXM-nin 34.4-cü maddəsinin prinsiplərini rəhbər tutaraq, məhkəmə Şəxs barəsində törətdiyi hər bir xətanın xarakterini, yüngülləşdirici halı və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, inzibati həbs tənbehinin tətbiqini mütənasib və ədalətli hesab edir. İXM-nin 89.5-ci maddəsinə uyğun olaraq, inzibati həbsin əvvəli onun faktiki tutulduğu 02 avqust 2025-ci il, saat 21:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən daha ciddi xətaya görə barəsində 60 (altmış) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 02 avqust 2025-ci il tarixdən, saat 21:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar