Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2758/2020 12.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, X1 iştirakı ilə, X5 Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə inspektoru X2 MN ******* nömrəli, xx xxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə inspektoru X2 MN ******* nömrəli, xx xxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X6 şikayəti müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. İzahatında göstərdi ki, xx.xx.2020-ci il tarixdə işdən qayıdarkən Xətai RPİ-nin 37-ci polis bölməsinin sahə inspektoru X3 tərəfindən xüsusi karantin qaydalarını pozmağına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 211.2-ci maddəsinə uyğun olaraq 50 (əlli) manat cərimə olunmuşdur. Halbuki, həmin an dövlət portalında iş üçün icazəsi olduğunu bildirməyinə baxmayaraq cərimə yazılmışdır. Sahə inspektoru Süleymanov Təyyarın icazə haqqında məlumatı portalda yoxlayıb dəqiqləşdirmək üçün heç bir planşet və ya avadanlığı olmadığına baxmayaraq, onun barəsində 100 manat məbləğində cərimə tətbiq edilməsi barədə məlumat vermiş, narazı olduğunu bildiyi halda məhkəməyə şikayət etmək hüququnun olduğunu bildirsə də, cərimə oldunduğu protokolun qərar hissəsi xx.xx.2020-ci il tarixdə ona təqdim olunmuşdur. 102 xidmətinə və Xətai rayon 37-ci polis bölməsinə dəfələrlə zəng edib və getməyinə baxmayaraq sənədi məhkəməyə təqdim edə bilməyi üçün ona verməmişlər. DİN-ə xx.xx.2020 tarixdə ünvanladığı 001-55922R-4120 qeydiyyat nömrəli məktubdan sonra xx.xx.2020-ci il tarixdə sənəd ona təqdim olunmuşdur. xx.xx.2020-ci il tarixində DİN-dən sənədi aldıqdan sonra şikayətçi olmamağı haqqında cavab məktubu gəlmişdir. Onun tərəfindən karantin rejiminin heç bir tələbi pozulmamışdır. “xxxxxxxxxxxxxxxxxxxx” MMC-də qida və içkilər üzrə menecer kimi onun Bakı şəhəri və Abşeron rayonu üzrə xidməti buraxılış icazəsi 21 iyun-xx xxxx 2020-ci il tarixləri üçün qüvvədə olmuşdur. Polis əməkdaşı onu Ağşəhər bulvarında piyada evinə gedərkən saxlamış və hərəkət icazəsi olsa da, hərəkət etdiyi yolla evinə gedə bilməməsini və buna görə də 100 manat cərimə olunmasını bildirmişdir. Lakin sonradan qərarı əldə etdikdə ona tətbiq olunan cərimə məbləğinin 50 manat olduğunu görmüşdür. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, İXM-in 133.2.4-cü maddəsinə əsasən şikayətə qeyd olunan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə inspektoru X2 əməkdaşı tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx xxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri, Ağşəhər bulvarında saat 21:34 radələrində karantin rejiminin qaydalarını pozmuş və nəticədə İXM-in 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 50 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir; Elektron hökumətin İnkişaf Mərkəzinin “icaze.e-gov.az” saytından çıxarışlardan görünür ki, “xxxxxxxxxxxxxxxxxxxx” MMC-də qida və içkilər üzrə menecer olan X5 Bakı şəhəri və Abşeron rayonu üzrə xidməti buraxılış icazəsi 21 iyun-xx xxxx 2020-ci il tarixləri üçün təsdiqlənmişdir. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının sanitariya qanunvericiliyi Azərbaycan Respublikası ərazisində adamların sağlamlığının qorunmasında və möhkəmləndirilməsində, cismən və ruhən inkişafında, fəal uzunömürlüyündə vətəndaşların və cəmiyyətin hüquq və mənafelərini həyata keçirməyin zəruri şərti kimi əhalinin sanitariya-epidemioloji salamatlığı sahəsində ictimai münasibətləri tənzimləyir; 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikası sanitariya qanunvericiliyinin əsas vəzifələri aşağıdakılardır: - dövlət orqanlarının, ictimai birliklərin, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, təşkilatların, idarələrin, vəzifəli şəxslərin və vətəndaşların bu sahədə hüquq və vəzifələri sisteminin müəyyən edilməsi; - insanların sağlamlığını ətraf mühit amillərinin mənfi təsirindən qorumaq və möhkəmləndirmək məqsədilə onların sanitariya-epidemioloji salamatlığının təmin edilməsi; - sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməsinə, eləcə də sanitariya-gigiyena və epidemiya əleyhinə tədbirlərin görülməsinə nəzarət sisteminin yaradılması; - gigiyena tənzimlənməsi və epidemioloji tənzimləmə qaydasının müəyyənləşdirilməsi, sanitariya normalarının və qaydalarının hazırlanması; - əhalinin sanitariya-epidemioloji salamatlığını təmin edən iqtisadi mexanizmin yaradılması; - sanitariya normalarını və qaydalarını, gigiyena normativlərini pozmağa görə məsuliyyət dərəcələrinin müəyyən edilməsi; - vətəndaşların salamatlığının qorunması hüququnu təmin etməyə yönəldilən qanunvericilik, hüquqi və təşkilati tədbirlər kompleksinin yaradılması; 25-ci maddəsinə əsasən dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar yoluxucu, parazitar, peşə xəstəliklərinin və kütləvi qeyri-yoluxucu xəstəliklərin, o cümlədən radiasiya amili ilə bağlı olan xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almaq, habelə belə xəstəliklər əmələ gəldikdə onları ləğv etmək üçün vaxtında tədbirlər görülməsini təmin etməlidirlər; 38-ci maddəsinə əsasən Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinə, o cümlədən qüvvədə olan sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməməsi, epidemiya əleyhinə tədbirlərin görülməməsi, Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji xidməti orqanları və idarələri vəzifəli şəxslərinin rəylərinin, qərarlarının və göstərişlərinin yerinə yetirilməməsi ilə əlaqər vətəndaşların hüquqlarına və cəmiyyətin mənafeyinə toxunan qeyri-hüquqi, təqsirli hərəkət sanitariya sahəsində hüquq pozuntusu sayılır. Sanitariya sahəsində hüquq pozuntularına yol vermiş vəzifəli şəxslər və vətəndaşlar inzibati, cinayət və mülki-hüquq məsuliyyətinə cəlb edilə bilərlər. “Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Siyəzən, Şəki, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli, 208 nömrəli Qərarının: 1-ci bəndinə əsasən yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Siyəzən, Şəki, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan 05 avqust saat 06:00-dək məhdudiyyətlər tətbiq edilmişdir; 1.5-ci bəndinə əsasən bu Qərarın 1.2-ci, 1.3-cü və 1.4-cü bəndlərində göstərilən şəxslər istisna olmaqla, digər şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə aşağıdakı hallarda yol verilir: 1.5.1-ci yarımbəndinə əsasən təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar; 1.5.2-ci yarımbəndinə əsasən ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, dövlət xidmətlərindən, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti ilə, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar; 1.5.3-cü yarımbəndinə əsasən yaxın qohumunun dəfnində iştirakla əlaqədar; 1.6-cı bəndinə əsasən bu Qərarın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində göstərilən şəxslər yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS - məlumat göndərməli və ya “E-Təbib” mobil tətbiqi vasitəsilə həmin icazəni almaq üçün müraciət etməlidirlər (SMS – məlumatlar və “E-Təbib” mobil tətbiqindən istifadə ödənişsizdir). Məhkəmə qeyd edir ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə inspektoru X3 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx xxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarda inzibati xətanın mahiyyəti açıqlanmamış, X5 xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri, Ağşəhər bulvarında saat 21:34 radələrində karantin rejiminin qaydalarını pozması məsələsi göstərilmişdir. Belə ki, İXM-in 211.2-ci maddəsində epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə məsuliyyət nəzərdə tutulmuşdur. İnzibati tənbeh vermə haqqında qərarda isə X6 tərəfindən fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı hansı tələblərin pozulması məsələsi aydınlaşdırılmamış, buna hüquqi qiymət verilməmişdir. Bundan başqa, “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli, 189 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə sosial məsafə gözlənilməli (insanlar arası məsafə 1,5-2 metr), tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) (tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə) istifadə edilməlidir. Göründüyü kimi, yalnız qapalı məkanlarda fərdi qoruyucu vasitədən istifadə edilməsi məcburi hal kimi müəyyən edilmişdir. İnzibati tənbeh vermə haqqında qərarda isə X5 Bakı şəhəri, Ağşəhər bulvarında yəni açıq məkanda fərdi qoruyucu vasitələrdən istifadə etməməsi müəyyən edilmiş və buna görə o, inzibati məsuliyyətə cəlb edilmişdir. Beləliklə, məhkəmə iclasında xüsusi karantin rejimi çərçivəsində Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması, həmçinin əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədi ilə tətbiq edilən tələblərin X6 tərəfindən pozulması müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-in tələblərini işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozmuş, X5 Bakı şəhəri və Abşeron rayonu ərazisində hərəkətinə qanunla müəyyən edimiş qaydada icazəsi olan şəxs kimi Ağşəhər bulvarında, yəni açıq məkanda hərəkət edərkən barəsində İXM-in 211.2-ci maddəsilə inzibati tənbeh vermə haqqında qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Təqdim olunmuş sənədlər əsasında X5 İXM-in 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olmasının, ümumiyyətlə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması ilə bağlı hansı hərəkətə yol verməsinin müəyyən edilməsi mümkün deyil və bu səbəbdən o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati icraat zamanı yol verilmiş nöqsanlarla bağlı iş üzrə yenidən araşdırma aparılmaqla müvafiq qərar qəbul edilməsi üçün X5 barəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə inspektoru X3 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx xxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə göndərilməlidir. İXM-in: 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri vəşəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə inspektoru X2 MN ******* nömrəli, xx xxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №3(005)-2758/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2758/2020
12.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver