Məhkəmə qərarları › İş №3(005)-2764/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2764/2025

05.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2764/2025 05.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat: 18:10 Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Vəliyev Mahir Tahir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin polis sahə inspektoru X1, Müdafiəçi – Bakı şəhəri “De Fendo” Vəkil Bürosunun vəkili Vəkil Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixində Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işsiz, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1 və 510-cu maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsindən daxil olmuş 05 avqust 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs ünvan 2 ünvanında polisin qanuni tələblərinə tabe olmamışdır Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsindən daxil olmuş 05 avqust 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs ünvan 2 ünvanında küçədə ucadan söyüşlər söymüşdür. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati icraat aparılan Şəxs eyni vaxtlarda törətdiyi inzibati xəta ilə bağlı ayrı-ayrı inzibati materiallar 05 avqust 2025-ci il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmə İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsindən daxil olmuş inzibati işlərin bir icraatda birləşdirilərək baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin polis sahə inspektoru X2 məhkəmə iclasında protokollara uyğun çıxış edərək bildirmişdir ki, 04 avqust 2025-ci il tarixdə, saat 13:30 radələrində ünvan 2 ünvanında bir nəfər şəxsin mobil telefonla ucadan danışaraq nalayiq söyüşlər söydüyünü və ətrafda vətəndaşları narahat etdiyini görüb polis əməkdaşı Qurbanov Eldəniz ona yaxınlaşmışdır. Lakin həmin vətəndaş onun tələbinə məhəl qoymayaraq tabesizlik göstərmişdir. Daha sonra polis əməkdaşını əl qol hərəkəti ilə itələmiş və qanuni tələblərinə tabe olmamışdır. Beləliklə, Şəxs polis əməkdaşları tərəfindən şöbəyə gətirilmişdir, orada izahatını məhkəmədə verəcəyini bildirmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, protokolda qeyd olunanlarla özünü təqsirli bilir. Turizm sahəsində çalışır, bir nəfərlə biletə görə problem yaranmışdır. Buna görə də telefonla danışarkən əsəbi olmuşdur. Polis əməkdaşı ona yaxınlaşmışdır Polis əməkdaşını uzaqlaşdırmaq məqsədilə itələmişdir. Həmin vaxt fikri telefonda olmuş, öz əməllərinə davam etmişdir. Əməlindən peşmandır. Qeyd olunanların nəzərə alınmasını və ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil bildirdi ki, müdafiə etdiyi şəxs qeyd etdiyi kimi turizm sahəsində çalışır, biletə görə qarşı tərəf aqressiv danışdığına görə Şəxs da aqressiv danışmışdır, polisdən daha sonra üzr istəmişdir. Əməlindən peşiman olmasını, evin maddi tələbatını ödəyən şəxs olduğunu nəzərə alaraq, barəsində maksimum həddə cərimə növündə inzibati tənbeh verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 05 avqust 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs ünvan 2 ünvanında polisin qanuni tələblərinə tabe olmamışdır 05 avqust 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünürr ki, Şəxs ünvan 2 ünvanında küçədə ucadan söyüşlər söymüşdür. 05 avqust.2025-ci il tarixli “İnzibati qaydada tutmaq haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 16:35-də inzibati qaydada tutulmuşdur. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.4. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, inzibati xəta haqqında iş üzrə toplanmış materialları, o cümlədən 05 avqust 2025-ci il tarixli, MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokolları, inzibati qaydada tutma haqqında protokolu, inzibati xəta haqqında protokolu tərtib etmiş polis əməkdaşının və barəsində icraat aparılan şəxs Şəxs məhkəmə istintaqı zamanı verdiyi izahatları və digər sənədləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinin tələblərinə uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiq edərək, öz daxili inamı ilə qiymətləndirərək hesab edir ki, Şəxs əməlində İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların tərkib elementləri mövcuddur və onun inzibati məsuliyyətə cəlb edilməsi üçün kifayət qədər hüquqi və faktiki əsaslar vardır. İşin faktiki hallarından və məhkəmə iclası zamanı təsdiqini tapmış sübutlardan müəyyən edilmişdir ki, Şəxs 04 avqust 2025-ci il tarixdə, saat 13:30 radələrində ünvan 2 ünvanında ictimai asayişi nümayişkaranə şəkildə pozaraq ucadan nalayiq ifadələr işlətmiş, daha sonra isə ictimai qaydanın mühafizəsi üzrə öz xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamış, onu itələyərək fiziki müqavimət göstərmişdir. Məhkəmə, barəsində icraat aparılan şəxsin hər bir əməlinin tərkibini ayrıca təhlil etməyi zəruri hesab edir: İXM-nin 510-cu maddəsi (xırda xuliqanlıq) üzrə təhlil: Bu inzibati xətanın obyekti ictimai qayda və ictimai əxlaqdır. Obyektiv cəhətdən xəta, ictimai yerdə (küçədə) ucadan nalayiq ifadələr işlətməklə cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirməkdə təzahür etmişdir. Bu hərəkətlər ətrafdakı vətəndaşların dincliyini pozmuş və mövcud davranış qaydalarını kobud şəkildə pozmuşdur. “Xuliqanlıq işlə üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmə Plenum qərarında formalaşmış təcrübəyə görə, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Göründüyü kimi, əməlin obyektiv cəhəti tam şəkildə formalaşmışdır. Subyektiv cəhətdən isə Şəxs öz hərəkətlərinin ictimai təhlükəli xarakterini dərk etmiş, onların nəticələrini arzulamış və ya şüurlu surətdə buna yol vermişdir. Onun əsəbi olması bu əməlin qəsdən törədilməsini istisna etmir. İXM-nin 535.1-ci maddəsi (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) üzrə təhlil: Bu inzibati xətanın obyekti idarəçilik qaydaları, xüsusilə də dövlət hakimiyyəti nümayəndəsinin normal fəaliyyətinin təmin edilməsi ilə bağlı yaranan ictimai münasibətlərdir. Obyektiv cəhətdən xəta, ictimai qaydanın pozulmasının qarşısını almaq məqsədilə ona yaxınlaşan və özünü təqdim edən polis əməkdaşının qanuni tələblərinə (nalayiq ifadələrə son qoymaq və s.) məhəl qoymamaqda və daha sonra onu fiziki olaraq itələməkdə ifadə olunmuşdur. Polis əməkdaşına qarşı fiziki təmasın olması, tabesizliyin aktiv və aşkar formada olduğunu sübut edir. Subyektiv cəhətdən bu əməl də birbaşa qəsdlə törədilmişdir. Şəxs qarşısındakı şəxsin polis əməkdaşı olduğunu və onun tələblərinin qanuni xarakter daşıdığını dərk etmiş, lakin buna baxmayaraq, qəsdən onun tələblərini yerinə yetirməkdən imtina etmişdir. Məhkəmə, müdafiəçinin Şəxs sonradan peşman olması və üzr istəməsi ilə bağlı dəlilini nəzərə alır və bunu İXM-nin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Lakin, məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbehin məqsədi təkcə cəzalandırmaq deyil, həm də şəxsi gələcəkdə qanunlara əməl etmək ruhunda tərbiyələndirmək və yeni xətaların qarşısının alınmasıdır. Məhkəmə, tətbiq ediləcək tənbehin növünü və həddini seçərkən bu məqsədləri rəhbər tutur. İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, Şəxs törətdiyi iki müxtəlif inzibati xətaya dair işlər eyni orqanın səlahiyyətinə aid olduğundan və eyni vaxtda baxıldığından, bir icraatda birləşdirilmişdir. Törədilmiş xətaların zaman ardıcıllığına gəldikdə, məhkəmə müəyyən edir ki, xırda xuliqanlıq əməli başa çatmamış, davam edərkən polis əməkdaşının müdaxiləsi baş vermiş və bu müdaxiləyə cavab olaraq ikinci inzibati xəta – polisə tabesizlik törədilmişdir. Bu səbəbdən tətbiq ediləcək tənbeh 34.4-cü maddəsinin prinsipləri rəhbər tutularaq təyin edilməlidir. Müdafiəçinin cərimə tənbehinin tətbiqi barədə vəsatəti məhkəmə tərəfindən törədilmiş əməllərin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə qeyri-mütənasib hesab edildiyindən təmin edilmir. Belə ki, Şəxs hərəkətləri təkcə ictimai əxlaq normalarını pozmaqla məhdudlaşmamış, eyni zamanda dövlət hakimiyyəti nümayəndəsinin fəaliyyətinə fiziki müdaxilə ilə nəticələnmişdir. Bu cür davranış dövlət institutlarına və qanunun aliliyinə qarşı açıq hörmətsizlikdir və cəmiyyətdə cəzasızlıq mühitinin yaranmasına rəvac verə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə qeyd etmişdir ki, dövlət öz nümayəndələrini, xüsusilə də asayiş keşikçilərini, qanunsuz müdaxilələrdən qorumaq üçün effektiv tədbirlər görmək öhdəliyi daşıyır. Yalnız cərimə tədbirinin tətbiqi, bu halda, törədilmiş əməlin ciddiliyini və dövlət hakimiyyəti nümayəndəsinin toxunulmazlığı prinsipinin əhəmiyyətini adekvat şəkildə əks etdirməzdi. Məhkəmə hesab edir ki, törədilmiş əməllərin məcmusu, xüsusilə də polis əməkdaşına qarşı fiziki təmasla müşayiət olunan tabesizlik faktı, Şəxs islah olunması və gələcəkdə bu kimi ictimai təhlükəli əməllərdən çəkindirilməsi üçün onun cəmiyyətdən müvəqqəti təcrid edilməsini zəruri edir. İnzibati həbs tənbehi, bu halda, həm cəzalandırma, həm də preventiv funksiyaları yerinə yetirməklə ultima ratio (son çarə) olaraq qanuni və əsaslıdır. Yuxarıda göstərilənləri və İXM-nin 34.3-cü maddəsinin tələbini nəzərə alaraq, məhkəmə Şəxs barəsində daha ağır məsuliyyət nəzərdə tutan inzibati həbs tənbehinin tətbiqini mütənasib və ədalətli hesab edir. Həbs müddətinin İXM-nin 89.5-ci maddəsinə uyğun olaraq, onun faktiki tutulduğu 04 avqust 2025-ci il, saat 16:35-dən hesablanması qanunun tələbinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən barəsində 30 (otuz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 04 avqust 2025-ci il tarixdən, saat 16:35-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. . Hakim: Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar