Məhkəmə qərarları › İş №3(005)-2772/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2772/2025

05.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2772/2025 05.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X9 və MMC-nin nümayəndəsi (vəkili) “Hümbətov və Partnyorları” Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə 04 avqust 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci ildə sosial şəbəkədə “İndi al üç ay sonra ödə” məzmunlu reklamlarda bilə-bilə yalan məlumat verilməklə İXM-in 428.10-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu fakt vətəndaş Güllü Həsənovanın xx.xx.2025-ci il tarixli müraciəti və Şəxs MMC-dən daxil olmuş xx.xx.2025-ci il tarixli məktub ilə təsdiq olunur. Məhkəmə iclasında Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndəsi X3 bildirmişdir ki, vətəndaş X10 xx.xx.2025-ci il tarixdə Agentliyə müraciət edərək Şəxs MMC-yə məxsus “bfhome.kitchen” instagram səhifəsində “İndi al, üç ay sonra ödə” məzmununda yayımlanmış reklam kampaniyasının şərtlərinə əməl edilmədiyini bildirməklə köməklik göstərilməsini xahiş etmişdir. Qeyd edilən müraciətə baxılması ilə əlaqədar Şəxs MMC tərəfindən Agentliyə daxil olmuş xx.xx.2025-ci il tarixli məktubda “İndi al, 3 ay sonra ödə” adlı kampaniya şərtlərinin kredit müddətindən asılı olaraq 15 aylıq kredit şərtlərində ilk ödənişin 3 ay sonra, 18 aylıq kredit şərtlərində ilk ödənişin 2 ay sonra, 24 aylıq kredit şərtlərində isə ilk ödənişin növbəti aydan sonra başladığı qeyd edilsə də hüquqi şəxsin yayımladığı reklamda qeyd edilən məlumatlar öz əksini tapmamışdır. Göründüyü kimi qeyri-dəqiq reklam yayımlamaqla qanunla müəyyənləşdirilmiş qayda və tələblərə əməl edilmədiyinə görə hüquqi şəxs barəsində Azərbaycan Respublikası İXM-in 428.10-cu maddəsi ilə inzibati qaydada tənbeh tətbiq edilməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi (vəkili) X7 bildirmişdir ki, X10 mağazaya müraciət edərək məhsulun 18 aylıq kredit şərtləri ilə əldə olunmasını istəmiş, bu məqsədlə oğlunun şəxsiyyət vəsiqəsinin fotosunu təqdim etmişdir. Lakin 18 aylıq kredit müraciəti mağazanın əməkdaşlıq etdiyi kredit təşkilatı tərəfindən təsdiqlənmədiyi üçün satış baş tutmamışdır. Daha sonra Güllü Həsənova öz şəxsiyyət vəsiqəsini təqdim etmiş və ona yalnız 24 aylıq kredit təklif edilmiş, razılaşma əsasında satış həyata keçirilmişdir. Mağazada tətbiq olunan “İndi al, 3 ay sonra ödə” adlı kampaniyanın şərtləri müddətindən asılı olaraq 15 aylıq kreditə görə 3 ay, 18 aylıq kreditə görə 2 ay, 24 aylıq kreditə görə isə növbəti aydan ödənişin edilməsini nəzərdə tutur. Güllü Həsənova 24 aylıq kreditlə satış edildiyi üçün o, növbəti aydan ödəniş etməli idi. Həmin reklama uyğun alıcılarla aralarında alqı-satqı müqavilələri də bağlanılmışdır. Bu barədə müqavilə və müvafiq cədvəli materiala əlavə olunması üçün məhkəməyə təqdim etməklə reklamın həqiqəti əks etdirdiyini bildirərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq qeyd etmişdir ki, reklamın qısa və lokanik olması səbəbindən “indi al, 3 ay sonra ödə” adlı reklam daha geniş formada yayımlanmamış, lakin müştərilərə bu barədə soruşduqda məlumatın verilməsi təmin olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru X1 Valeh Adil oğlu ilə oxşarməzmunlu izahat vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: X10 Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə elektron qaydada daxil olmuş xx.xx.2025-ci il tarixli şikayətində qeyd etmişdir ki, xx.xx.2025-ci il tarixdə Şəxs MMC-dən 92 parçalı qazan dəsti alıb, məhsul ona “indi al üç ay sonra ödə” və qızıl üzük hədiyyəsi vədi ilə satıcı tərəfindən təqdim edilmiş, lakin kampaniya şərtlərinə əməl edilməmiş, qızıl üzük təqdim edilməmiş, razılaşdırılmış üç aylıq güzəşt müddəti verilməmiş və xx.xx.2025-ci ildə ondan ödəniş tələb edilmişdir. Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə təqdim edilmiş məlumatda qeyd edilmişdir ki, vətəndaş ilkin olaraq məhsulun 18 ay kredit müddətinə alınması üçün oğlunun şəxsiyyət vəsiqəsi ilə mağazaya yaxınlaşmış, lakin əməkdaşlıq etdikləri kredit təşkilatı onun təsdiqləmədiyi üçün satış baş tutmamışdır, sonra öz şəxsiyyət vəsiqəsi ilə yaxınlaşmış 24 ay müddətə alqısatqı baş tutmuşdur. “İndi al üç ay sonra ödə” kampaniyanın şərtləri kredit müddəti üzrə olmaqla aşağıdakı kimidir: 15 aylıq kredit müddəti üzrə - ilkin ödəniş 3 ay sonra 18 aylıq kredit müddəti üzrə - ilkin ödəniş 2 ay sonra 24 aylıq kredit müddəti üzrə - ilkin ödəniş növbəti aydan Şəxs MMC tərəfindən 2 ay sonra ödəniş edilməsini nəzərdə tutan X5 ilə bağlanmış xx.xx.2025-ci il tarixli 18 aylıq hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə alqı-satqı müqaviləsinin surəti təqdim edilmişdir. Təqdim edilmiş videogörüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, “bfhome.kitchen” instagram səhifəsində “İndi al üç ay sonra ödə” adlı reklam yayımının məzmununda ödənişin kredit müddətindən asılı olaraq üç ay sonra ödənilməsi barədə dəqiq məmulat verilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunun: 2.0.1-ci maddəsinə əsasən reklam – reklam istehlakçısının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumatdır. 4.1-ci maddəsinə əsasən reklam bu Qanunla qadağan edilməyən üsul və vasitələrlə reklam istehlakçılarının diqqətini əmtəəyə cəlb etməli, əmtəə barədə məlumat vermək və rəy formalaşdırmaqla ona tələbat yaratmalıdır. 7.1 və 7.1.4-cü maddələrinə əsasən əmtəənin qiyməti, qiymət güzəştləri, əldəetmə və ödəniş şərtləri barədə məlumatları təhrif edilmiş, həqiqətə uyğun olmayan şəkildə əks edən reklam qeyri-dəqiq hesab olunur. 7.2-ci maddəsinə əsasən qeyri-dəqiq reklama yol verilmir. 33.4-cü maddəsinə əsasən istehlak kreditinə dair reklamda kreditin hər hansı xərci ilə bağlı məlumat verildikdə, istehlakçı aşağıdakılar barədə də məlumatlandırılmalıdır: 33.4.1. kreditin ümumi xərcinə daxil olan istənilən xərclər, o cümlədən illik faiz dərəcəsi, faktiki illik faiz dərəcəsinin hesablanmasına qanunvericiliyə müvafiq qaydada daxil olan digər xərclər; 33.4.2. kreditin müddəti; 33.4.3. kredit müəyyən malın alınması və ya xidmətlərin göstərilməsi ilə əlaqədar verildikdə, həmin mal və ya xidmət, onun nağd qiyməti və ilkin ödənilən məbləğ; 33.4.4. kredit müqaviləsinin bağlanması üçün əlavə xidmət müqavilələrinin bağlanması məcburi olduqda və həmin xidmətin qiyməti əvvəlcədən müəyyən edilə bilinmədikdə, həmin müqaviləni bağlamaq öhdəliyi; 33.4.5. bu Qanunun 33.4.1-33.4.4-cü maddələrində nəzərdə tutulan məlumatlar digər məlumatlardan kiçik olmayan və aydın şəkildə oxuna bilən ölçülərdə yayımlanmalıdır. 33.5-ci maddəsinə əsasən reklam daşıyıcısının xüsusiyyətlərinə görə bu Qanunun 33.1-ci və 33.4-cü maddələrində göstərilən məlumatların qeyd edilməsi mümkün olmadıqda, reklam istehlakçısına həmin məlumatlarla tanış olmaq imkanı yaradılmalı və bu barədə reklam istehlakçısı məlumatlandırılmalıdır. 39.2-ci maddəsinə əsasən haqsız, qeyri-dəqiq və gizli reklama yol verən reklamverici, reklam yaradıcısı, reklam istehsalçısı, rəqəmsal platforma təsirçisi, reklam yayıcısı və reklam agenti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın: 5.7-ci maddəsinə əsasən satıcı istehlakçıların düzgün seçim etməsini təmin etmək üçün mallar, onların istehsalçıları haqqında zəruri və düzgün məlumat verməyə borcludur. Satışa çıxarılan malların reklamı “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmalıdır. 5.27-ci bəndinə əsasən istehlakçıya göstərilən xidmətlər, onların qiymətləri, şərtləri, eləcə də malların satışı ilə əlaqədar tətbiq edilən xidmətlərin formaları (əvvəlcədən sifariş, malların evə və digər təyinat yerinə çatdırılması və s.) haqqında da düzgün məlumat verilməlidir. Məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Məhkəmə tərəflərin çıxışlarını və şahidlərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsinə nəzərdə tutulan inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Belə ki, məhkəmədə inzibati xəta haqqında iş üzrə icraata baxılarkən müəyyən edilmişdir ki, hüquqi şəxs Şəxs MMC-nin xeyrinə instagram sosial şəbəkə platformasında ona aid “bfhome.kitchen” adlı səhifə üzərindən “İndi al, 3 ay sonra ödə” məzmununda, əmtəənin əldəetmə və ödəniş şərtləri barədə məlumatları təhrif etməklə və həqiqətə uyğun olmayan şəkildə əks etdirməklə qeyri-dəqiq reklam yayımlanaraq reklam yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməmişdir. Yayımlanmış həmin reklamın məzmunundan belə agah olur ki, bu kampaniya çərçivəsində alınan mallar üzrə istənilən halda şərtsiz olaraq ödənişin edilməsinə üç ay sonra başlanılacaqdır. Halbuki, iş materialları ilə də müəyyən edilir ki, bu reklam yayımı qeyri-dəqiq olmaqla həqiqəti əks etdirməmiş, hüquqi şəxs tərəfindən malın əldə edilmə və ödəmə şərtləri dəqiqliklə və düzgün olaraq reklam yayımında əks etdirilməmişdir. Təbii ki, reklam yayımında üç ay sonra ödəmənin şərtləri təhrif edilmədən, dəqiq əksini tapsa idi, istehsalçı öz seçimini daha düzgün formada həyata keçirə bilər, sonradan hər hansı çaşqınlıq yaranmazdı. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “İndi al üç ay sonra ödə” kampaniyası üzrə müştərilərlə 15 aylıq kredit müddəti ilə üç ay sonra ödəmək şərti ilə nisyə alqı-satqı müqaviləsinin bağlanması bu reklamın qeyri-dəqiqliyini aradan qaldırmır. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 428.10-cu maddəsi ilə təqsirli bilinməli və inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-3.6-cı maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında hüquqi şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xəta haqqında iş üzrə məsrəf yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 31, 40, 43, 48-51, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 1000 (min) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar