Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2775/2021 01.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Cehun qızının katibliyi, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin sahə inspektoru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 01 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün inzibati xəta törədən şəxslə birlikdə məhkəməyə gətirilmişdir. MN seriyalı ******* nömrəli, 01 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında həmin protokolda göstərilir ki, vət. Şəxs 31.10.2021-ci il tarixdə 19:30 radələrində Heydər Əliyev prospektində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin sahə inspektoru X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, Şəxs 31.10.2021-ci il tarixdə idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozmuş, buna görə YPX əməkdaşları tərəfindən saxla əmri əmri verilmiş, verilmiş əmrə tabe olmamış, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra sərxoş vəziyyətdə olduğuna şübhə yarandığına müayinə lunmaq üçün göndərilməsi üçün şöbəyə dəvət edilmiş, lakin bundan imtina edərək tabesizlik göstərmişdir. Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olduğundan onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Göstərilənlərə əsasən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, 31.10.2021-ci il tarixdə etibarnamə əsasənda idarə etdiyi “Honda Accord” markalı, ** CT *** nömrəli nəqliyyat vasitəsi ilə Heydər Əliyev prospektində manevr qaydasını pozduğuna görə 10-cu zavod yol qovşağı yaxınlığında onu YPX əməkdaşları saxlamışlar. Yolda sürətlə hərəkət etmiş, buna görə də ilk saxla əmrini görməmişdir. Daha sonra arxasınca 2-3 ekipaj gəldiyini görmüşdür. Narkotik vasitə qəbul etdiyini də etiraf edir, belə vəziyyətdə olduğu üçün özünü idarə edə bilməmiş, polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Sonda Şəxs əməlindən peşman olduğunu bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər X6 İdarəsinin yol patrul xidməti inspektoru X4 izahatında göstərmişdir ki, 31.10.2021-ci il tarixdə xidmətdə olduğu zaman Honda markalı **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü H.Əliyev prospekti dəfələrlə manevr etmə qaydalarını pozduğuna və yolda sürət həddini aşdığına görə ona saxla əmri verilmişdir. Lakin həmin sürücü tabe olmayaraq öz hərəkətinə davam etmişdir. Həmin avtomobil H.Əliyev prospekti 10-cu zavod yaxınlığında saxlanılmış, hərəkətlərini idarə etməkdə çətinlik çəkdiyini görüb narkotik vasitələrin təsiri altında olduğundan şübhələnmişlər. Buna görə onu şöbəyə dəvət etmişlər, lakin həmin şəxs bundan imtina edərək polisin qanuni tələbinə tabesizlik göstərmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara müəyyən olundu: Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin rəisi Bayram Alıyevin adına yazılmış 31.10.2021-ci il tarixli Raportdan görünür ki, 31.10.2021-ci il tarixdə xidmətdə olduğu zaman “Honda” markalı, ** CT *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü H.Əliyev pr. İlə dəfələrlə manevr etmə qaydalarını və yolda müəyyən edilən sürət həddini aşaraq hərəkət etdiyinə görə YPX əməkdaşının verilən saxla işarəsinə tabe olmayaraq tərəfindən H.Əliyev pr. ilə 10-cu zavod yol qovşağının ətrafında saxlanılmışdır. O, dərhal sürücüyə yaxınlaşıb özünü təqdim etsə də sürücü narkotik vasitənin təsiri altında sərxoş olduğuna görə avtomobildən düşüb avtomobili təhvil verməkdən imtina edib polisin qanuni tələbinə tabe olmamışdır. O, dərhal digər YPX əməkdaşlarının köməyi ilə sürücü Şəxs tutub saxlayaraq qaçmasına imkan verməmiş və ərazi aidiyyəti üzrə 18-ci PŞ-nə təhvil vermişdir. Həmin şəxs barəsində müvafiq tədbirlər görülməsi barədə göstəriş verilməsi xahiş olunmuşdur. “İnzibati qaydada tutma haqqında” 31.10.2021-ci il tarixli protokoldan görünür ki, Şəxs 31.10.2021-ci tarixdə, saat 22:45-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan 31.10.2021-ci il tarixli, 1/3852 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” Aktından görünür ki, Şəxs 31.10.2021-ci il tarixdə, 20:25-də BOC (kokain) və THC (marixuana) qəbulu nəticəsində sərxoşluq vəziyyətində olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin rəisi Bayram Alıyev tərəfindən verilmiş 01.11.2021-ci il tarixli arayışdan görünür ki, vətəndaş Şəxs 01.11.2021-ci il tarixdə saat 10:00-da sərxoşluq dərəcəsindən ayılmışdır. Proses iştirakçılarının izahatlarını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması məhkəmə iclasında araşdırılan digər sübutlarla tam təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxsləriki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdəbir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 31 oktyabr 2021-ci il tarixdə saat 19:30 radələrində Heydər Əliyev prospektində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların və eyni zamanda onun hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf edərək əməlindən peşman olmasını İXM-in 32-ci maddəsinə əsasən əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xətanı sərxoş halda törətməsini məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 89.5-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh növünün tətbiq edilməsi, həbsetmənin əvvəli isə İXM-in 89.5-ci maddəsinə əsasən Şəxs ayıldığı vaxtdan, yəni 01.11.2021-ci il, saat 10:00-dan hesablanması məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 61, 114, 128-131-cimaddələrinirəhbərtutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 01 noyabr 2021-ci il tarixdən saat 10:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası DİN-nə bilavasitə tabe olan inzibati həbs olunanların saxlama mərkəzinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-2775/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2775/2021
01.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver