Məhkəmə qərarları › İş №3(005)-2779/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2779/2021

01.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2779/2021 01.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X4, Zərərçəkmiş şəxs - X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonun Xanlıqlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Naxçıvan Muxtar Respublikası, Xanlıqlar ərazi dairəsi, Xanlıqlar kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda faktiki yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsindən daxil olmuş 01 noyabr 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 31.10.2021-ci il tarixdə saat 04:10 radələrində vətəndaş X2 məxsus 200 manat dəyərində mobil telefonu oğurlamışdır. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X7 məhkəmə iclasında protokolun məzmununa uyğun çıxış edərək bildirmişdir ki, qeyd olunan faktla bağlı 17-ci PŞ-nin təhqiqatçısı Samir İslamov 01.11.2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Daha sonra həmin müraciət əsasında toplanmış material Nərimanov RPİ-nin 17-ci PŞ-də araşdırılmış və araşdırma zamanı hadisə yerinə baxış keçirilmiş və protokol tərtib edilmişdir. Şəxs tərəfindən törədilmiş xırda talama Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, sonuncu barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, təxminən 6-7 aydır ki, X3 “Sima” adı ilə cinsi azlıq kimi tanıyır. Belə ki, internet vasitəsilə tanış olmuş və onun yaşadığı ünvana gəlib-getmişdir. Aralarında yaxın münasibətlər yaranmışdır. 31.10.2021-ci il tarixdə saat təxminən 04:00 radələrində yaşadığı ünvanda olarkən Samirə məxsus bir ədəd “Samsung X7” markalı, mobil telefonu gizli şəkildə götürüb həyətə düşmüşdü. Sonradan Samir ondan polisə şikayət edib. Sonda məhkəməyə müraciət edərək hazırda zərər çəkmiş şəxslə barışıq əldə etdiyini, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 məhkəmə iclasında Şəxs ilə barışdığını, buna görə də ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanı ödədiyini nəzərə alıb, ərizə ilə məhkəməyə müraciət edərək Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 01.11.2021-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət tərkibinin əlamətləri olmadığına görə material üzrə cinayət işinin başlanması rədd edilmiş və əməli törətmiş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Zərərçəkmiş şəxs X5 məhkəmə iclasında yazılı ərizəsini təqdim edərək Şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. İnzibati qaydada tutma haqqında 31 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Şəxs 31.10.2021-ci il tarixdə saat 17:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. 53.0.10-cu maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin və protokol tərtib etmiş şəxsin izahatlarını, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs 31.10.2021-ci il tarixdə saat 04:10-da vətəndaş X2 məxsus 200 manat dəyərində mobil telefonu oğurlamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bununla yanaşı məhkəmə, Şəxs məsuliyyətə cəlb edilməsi məsələsini müzakirə edərək hesab edir ki, Şəxs zərər çəkmiş şəxs X5 ilə barışması, zərərçəkmiş şəxsin bununla bağlı müvafiq ərizə ilə məhkəməyə müraciət etməsi nəzərə alınmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsi tətbiq edilərək o, inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və dərhal məhkəmə iclas zalından buraxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalından buraxılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar