Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2784/2022 27.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi tərəfindən 09 sentyabr 2022-ci il tarixdə, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Səlahiyyətli orqana və tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi və tərəflər məhkəmə iclasına gəlməmişlər. Buna görə də, məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin və tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: HK-1-N-846 nömrəli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 00:30-da Bakı Sağlamlıq Mərkəzindən həkim Həsənzadə məlumat verərək, Y.V.Çəmənzəminli küçəsində baş verən YNH nəticəsində 2003-cü il təvəllüdlü Şəxs yüngül bədən xəsarəti almasını bildirmişdir. MK-2-N 9569 /102-6234/ nömrəli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 15:14-də, vətəndaş Şəxs DİN-nin 102 xidmətinə məlumat verərək bildirmişdir ki, idarə etdiyi mopedlə “Toyota” markalı avtomaşının toqquşması nəticəsində xəsarət almasını, lakin araşdırma aparan əməkdaşın ona məlumat verməməsindən narazılığını bildirmişdir. HK-2-N 9960 /102-7685/ nömrəli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 14:53-də DİN-in 102 Xidməti-Zəng Mərkəzinə müraciət edən vətəndaş Şəxs məlumat verərək, xx.xx.2022-ci il tarixdə idarə etdiyi mopedlə “Toyota Corolla” minik markalı **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşması zamanı xəsarət alması ilə əlaqədar Nərimanov RPİ-nin təhqiqatçısı T.Məmmədov tərəfindən aparılan araşdırmadan narazılığını bildirmişdir. Araşdırma zamanı Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, təxminən 23:30 radələrində radələrində icarə əsasında idarə etdiyi “Tufan M50” markalı mopedlə Bakı şəhəri Y.V.Çəmənzəminli küçəsi ilə S.Vurğun küçəsi istiqamətindən üzü Azadlıq prospekti istiqamətində 2 zolaqdan ibarət avtomobil yolunda sağdan 2-ci zolaqla saat da 30-40 km sürətlə düzünə hərəkət edirmiş. Həmin vaxt onunla eyni zolaqdan ondan qarşıda “Toyota Corolla” minik markalı **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü heç bir xəbəredici işığını yandırmadan Y.V.Çəmənzəminli küçəsində yerləşən və S.Vurğun küçəsi istiqamətində geriyə dönmə yerinə çatdıqdan sonra geriyə dönmə əməliyyatını həyata keçirmişdir. Bu zaman o onun dönəcəyini fikirləşməmiş və nəticə də idarə etdiyi mopedin ön çarx hissəsi “Toyota Corolla” minik markalı **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol bufer hissəsinə çırpılmışdır. Zərbənin təsirindən o müqavimətini saxlaya bilməmiş və asfalt örtüyün üzərinə yıxılmışdır. Bundan sonra ətrafdan təsadüfi keçən şəxslər hadisə olduğunu görüb, köməklik etmək üçün ona yaxınlaşmışlar və daha sonra isə xəstəxanaya aparmışlar. O da, xəstəxanada müayinə olunduqdan sonra Nərimanov RPİ-də aparılan araşdırmada iştirak etmişdir. Araşdırma zamanı X2 izahat verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, təxminən 23:40 radələrində özünə məxsus idarə etdiyi “Toyota Corolla” minik markalı **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi ilə S.Vurğun küçəsi istiqamətindən üzü Azadlıq prospekti istiqamətində 2 zolaqdan ibarət avtomobil yolunda sağdan 2-ci zolaqla saat da 30 km sürətlə düzünə hərəkət edirmiş. O, idarə etdiyi avtomobil ilə sola dönmə işığını yandırıraq Y.V.Çəmənzəminli küçəsində olan və S.Vurğun küçəsi istiqamətində geriyə dönmə yerinə çatdıqdan sonra geriyə dönmə əməliyyatını etmək üçün əks zolaqda hərəkət edən avtomobilləri gözləməyə başlamışdır. O, avtomobil olmadığını gördükdən sonra adı olmayan küçəyə doğru avtomobilinin sükanını sola döndərib hərəkətə başlamışdır. Həmin vaxt onunla eyni zolaqda ondan arxada hərəkət edən mopedin sürücüsü düzgün ara məsafəni saxlaya bilmədiyi üçün əks zolağa keçərək idarə etdiyi mopedin ön hissəsi ilə onun avtomobilinin arxa sol bufer hissəsini vurmuşdur. Hadisədən sonra o, dərhal avtomobilindən düşərək mopedin sürücüsünə yaxınlaşıb, xəsarət alıb-almadığını soruşmuşdur. Həmin vaxt ətrafdan təsadüfi keçən şəxslər hadisə olduğunu görüb, onlara yaxınlaşmışlar. Bundan sonra tanımadığı şəxslərdən biri mopedin sürücüsünü avtomobilinə əyləşdirərək xəstəxanaya aparmışdır. Bundan sonra o, Nərimanov RPİ-də aparılan araşdırmada iştirak etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X3 xx.xx.2022-ci il tarixli, 64-M saylı rəyindən görünür ki, vətəndaş Şəxs almış olduğu xəsarətlər- saidin dəqiqləşdirilməmiş səthi travması, aşıq-baldır oynağı və ayağın dəqiqləşdirilməmiş səthi travması, sağ dirsəyin və sağ topuğun yüngül travması (səthi sıyrıq) küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddirlər. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 19 avqust 2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən əməlində cinayət tərkibi olmadığına görə Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4 - 338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, həmçinin inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 (səksən) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-2784/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2784/2022
27.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver