Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-280/2025 12.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Şikayət vermiş şəxs – X6, Qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Nərimanov rayon DYPŞ-nin nümayəndəsi X4 iştirakları ilə, Bakı şəhər Nərimanov rayon X11 Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X9 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X9 Bakı şəhər Nərimanov rayon X11 Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayətlə müraciət edərək qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X9 barəsində xx.xx.2024-cü il tarixdə əsassız olaraq tərtib olunmuş İXP6735460 nömrəli protokol əsasında TP ******* saylı, xx.xx.2024-cü il tarixli elektron qərar qəbul edilmişdir. Qərarla müəyyən edilmişdir ki, guya o, Bakı şəhəri, Nərimanov rayonu, A.Aqarunov küçəsində xx.xx.2024-cü il tarixdə saat 09:00-da KİA SORENTO minik markalı, ** BP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, işıq cihazlarının istifadə qaydalarını pozmağa görə, nəqliyyat vasitəsinin alkoqoldan istifadə nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə qaydaları pozmuşdur. Buna görə də, AR İXM-nin 329.3 və 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 400 manat məbləğində cərimə edilmişdir. Halbuki, sözügedən Qərar qanunsuz və əsassız olaraq qəbul edilmiş, qanunvericiliyin bütün normaları pozulmuşdur. Belə ki, Nərimanov Rayon DYPŞ polis əməkdaşı tərəfindən saat 09.00-da deyil, saat 11.00-da saxlanılmışdır. Həmin vaxt o, ailə üzvləri ilə səhər yeməyinə gedərək yaxın qohumları ilə birlikdə görüşüb səhər yeməyi yeyəcəkdi. Həmin vaxt yemək yemədiyi üçün ac olmuşdur. Lakin nə səhər, nə də əvvəlki gün spirtli içki qəbul etməmişdir. Polis əməkdaşı onu saxlayarkən, sənədlərini təqdim etmişdir. Polis əməkdaşı guya işıq cihazlarından istifadə qaydalarını pozduğunu bildirdi. O, həmin qaydaya riayət etdiyini bildirdikdə, alkoqol testi edib guya onun sərxoş olduğunu, alkoqollu içki qəbul etdiyini dedi. O, buna qəti etiraz edib alkoqollu içki qəbul etmədiyini bildirdi və dəfələrlə həkim müayinəsinə aparılmağını xahiş və tələb etdi. Onda polis əməkdaşı PPX çağırdı, sanki o, hər hansı qarşıdurma yaratmışdır. PPX gəldikdən sonra ona bildirdilər ki, şöbəyə getməlidir, o, öz avtomobili ilə, PPX əməkdaşı da öz avtomobili ilə şöbəyə getmişdir. Halbuki, o, sərxoş olsaydı, heç bir halda saxlanıldıqdan sonra avtomobil idarə etməyinə icazə verə bilməzdilər. Bu özü qanun pozuntusu olardı. Şöbədə də həkim müayinəsinə aparılmağını istəmiş, lakin polis əməkdaşları müxtəlif bəhanələrlə vaxtı uzatmağa, onu razılaşdırmağa çalışırdılar və özləri kömək edəcəyini bildirib maşında olarkən, ona izahatında guya bir gün öncə gün ərzində 2 bakal pivə içdiyinə dair qeyd yazmağını bildirdilər. O da onlara inanıb ailəsini tez bir zamanda oradan aparmaq üçün həmin qeydi yazmışdır. Lakin sonradan ona cərimə barədə sms gəldi. Onda da qərarın nömrəsi qeyd olunmamışdı. O, sürücülük vəsiqəsini və qərarın surətini verilməsini istədikdə bildirdilər ki, qərarı məhkəmə verib, sürücülük vəsiqəsi də məhkəmədədir. X2 Rayon Məhkəməsinə müraciət etdikdə məhkəmədə barəsində belə bir iş olmadığını bildirdilər. Polis əməkdaşları onu müayinəyə aparmadılar və o buraxılan kimi dərhal şəxsən həkim müayinəsinə getmiş, müayinənin nəticəsində sərxoş olmadığı müəyyən edildi və bununla bağlı ona arayış təqdim edildi. Təxminən 14.00 radələrində Nərimanov DYPŞ-nə gəlib arayışı təqdim etmiş, polis əməkdaşı arayışı ondan aldı, surətini çıxarmağa imkan vermədi və arayışı necə etdiklərini bilmədi. Məcbur qalıb təkrar “Respublika Narkoloji Mərkəz”ə gedib xx.xx.2024-cü il tarixli müayinə ilə bağlı arayış almalı oldu. Qərarın surətinin ona verilməsi üçün dəfələrlə polis şöbəsinə müraciət etsə də, qərarın surətini ona vermədilər. Bundan sonra rəsmi ərizə ilə şöbəyə müraciət etmiş, həmin ərizəsinə də rəsmi cavab verilməmişdir. Nəhayət xx.xx.2025-ci il tarixdə öz təşəbbüsü ilə şöbəyə getdi və qərarın surəti ona təqdim edildi. Qərarla tanış olarkən ona məlum oldu ki, protokolda əlavə olaraq guya işıq cihazlarından istifadə qaydalarını pozmağı da qeyd edilmişdir. Əlavə olaraq bildirir ki, barəsində nə vaxt, harada protokol tərtib edildiyindən xəbəri yoxdur. Nə o saxlanılarkən, nə də şöbədə olarkən belə bir protokol tərtib edilməmişdi. Onun tərəfindən heç bir qayda pozulmamış, sərxoş vəziyyətdə avtomobil idarə etməmişdir. Bununla belə, hadisədən dərhal sonra həkim müayinəsində olmağı və sərxoş olmamağı ilə bağlı həkim arayışı onun heç bir inzibati xəta hadisəsi törətmədiyini bir daha sübut edir. Tərəfindən elektron qaydada xx.xx.2024-cü il tarixdə ASAN Pay və DİN saytları vasitəsilə şikayətlər verilmişdir. BDYP-dən daxil olan məktubdan aydın olur ki, müraciəti araşdırılması üçün Nərimanov Rayon DYPİ-nə göndərilmiş, həmin idarədən isə müraciətinə heç bir münasibət bildirilməmişdir. Şikayət vermiş X9 verilmiş şikayət ərizəsinin məzmununa uyğun şəkildə çıxış edərək şikayət ərizəsinin təmin edilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, xx.xx.2024-cü il tarixdə müayinəyə getmiş və sərxoş olmadığı müəyyən edilmişdir. Qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Nərimanov rayon DYPŞ-nin nümayəndəsi X5 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, X9 xx.xx.2024-cü il tarixdə avtomobili sərxoş halda idarə etmiş və saat 09:00da tərtib olunmuş protokolda sərxoş olduğunu özü də etiraf etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhər Nərimanov rayon X11 Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə 400 manat məbləğində cərimə edilmişdir. “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” İXP ******* nömrəli protokoldan görünür ki, müayinə nəticəsində X1 içki qəbul etməsi müəyyən olunmuşdur. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlil məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3--cü maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə - otuz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X9 öz şikayət ərizəsində inzibati xəta törətmədiyini irəli sürmüşdür. Halbuki təqdim edilmiş sənədlərə məhkəmə iclasında baxış keçirilmiş və araşdırma zamanı müəyyən edilmişdir ki, X9 xx.xx.2024-cü il tarixdə saat 09:00 radələrində KİA SORENTO minik markalı, ** BP *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş halda idarə etmişdir. Belə ki, “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” ******* nömrəli protokolda X3 içki qəbul etməsini etiraf edir və həkim müayinəsinə ehtiyac olmadığını qeyd etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X9 tərəfindən təqdim edilmiş “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair xx.xx.2024-cü il tarixli, xx/xx-14433 nömrəli akta münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarında olan inzibati xəta haqqında protokoldan görünür ki, sərxoşluq faktı xx.xx.2024-cü il tarixdə, saat 09:00-da aşkar edilmiş, X6 isə xx.xx.2024-cü il tarixdə tibbi müayinədən hansı saatda keçməsi müəyyən olunmur. Belə ki, protokolun tərtib olunduğu vaxtla X6 müayinədən keçdiyi vaxt arasındakı saat fərqinə görə gün ərzində təbii yolla və ya müxtəlif vasitələrdən istifadə etməklə şəxs ayılmış və sərxoşluq vəziyyəti aradan qalxmış ola bilər. Bununla da məhkəmə iclasında iş materiallarının qarşılıqlı tədqiqi zamanı X6 xx.xx.2024-cü il tarixdə saat 09:00 radələrində KİA SORENTO minik markalı, ** BP *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş halda idarə etməsi öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə hesab edir ki, X9 tərəfindən İnzibati Xətalar Məcəlləsinin həmin maddəsində göstərilən inzibati xəta törədilmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzibati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilməmişdir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X6 şikayəti təmin edilməməli, barəsində Bakı şəhər Nərimanov rayon X11 Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137- ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X6 Bakı şəhər Nərimanov rayon X11 Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-280/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-280/2025
12.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver