Məhkəmə qərarları › İş №3(005)-2801/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2801/2024

17.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2801/2024 17.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Şikayət verən şəxs X11 nümayəndəsi və vəkili X2 iştirakı ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 22 avqust 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan X11 verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X19 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 22 avqust 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, "xxxx" MMC adlı şirkətin direktorudur. Rəhbərlik etdiyi şirkət hazırda Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndində dövlət sifarişi əsasında “Ağıllı kənd” layihəsini icra edən "xxxx" MMC-nin subpotratçısı olaraq çıxış edir və həmin ərazidə layihə icra edir. Paralel olaraq Dövlət Xidməti eyni əsasla xx.xx.2024-cü il tarixdən xx.xx.2021-ci il tarixinədək guya vətəndaşlar X15, X7, X25 və X12 əmək müqaviləsi qüvvəyə minmədən işlərə cəlb edilməsi əsası ilə İXM-nin 192.1-ci maddəsinə vəzifəli şəxs olaraq onun 3000 (üç min) manat cərimə edilməyi barədə xx.xx.2022-ci il tarixli, ******* №-li inzibati tənbeh verilməsi haqqında qərar vermişdir. Paralel olaraq X21 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə MN seriyalı, ******* nömrəli, 12 avqust 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati tənbeh tədbiri görülməsindən ötrü material aidiyyəti üzrə baxılması üçün Nərimanov rayon məhkəməsinə göndərilmişdir. Nərimanov Rayon Məhkəməsinin 3(005)-2556/2024 saylı inzibati iş üzrə xx.xx.2024-cü il tarixli qərarı ilə keçirilmiş proses nəticəsində protokolun düzgün tərtib edilmədiyi üçün baxılmadan Dövlət Xidmətinə geri göndərilməsi qərara alınmışdır. Hesab edir ki, barəsində tərtib edilmiş cərimə xarakterli tənbeh qərarı qanunsuz və əsassız olduğu üçün aşağıda göstərilənlərə əsasən ləğv edilməlidir: Protokolun tərtib edilməsi əsası kimi guya vətəndaşlar X15, X7, X25 və X22 xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək "xxxx" MMC tərəfindən Qarabağ və X24 zonasının Zəngilan rayonunun Ağalı kəndində əmək müqavilələri qanuni qüvvəyə minmədən işlərin və xidmətlərin yerinə yetirilməsi üçün cəlb edilmələri olmuşdur. Bununla bağlı protokolda DƏMX-nin münayəndəsi tərəfindən sübut qismində “Qarabağ və X24 rayonlarına giriş” informasiya sistemi üzərindən əldə olunmuş məlumatlara istinad edildiyi qeyd edilmişdir. İşin faktiki halı ondan ibarətdir ki, yuxarıda adı çəkilən vətəndaşlardan - X22 ilə əmək müqaviləsi xx.xx.2024-cü il tarixində bağlanmışdır (əmək müqaviləsinin bağlanması ilə bağlı Əmək Müqaviləsi bildirişi əlavə edilir). Bundan əvvəl o, xx.xx.2024-cü il - xx.xx.2024-cü il tarixləri aralığı üçün qonaq qismində Qarabağ və X24 zonasına giriş etməsi və oradakı iş şəraiti ilə tanış olması məqsədilə şəxsən öz adına müvafiq icazə əldə edilmişdir. Həmin dövr ərzində X1 iş gedən ərazi və əmək şəraiti ilə tanış edilmiş və razılığını bildirdikdən sonra xx.xx.2024-cü il tarixdə onunla rəsmi Əmək Müqaviləsi bağlanmış və əraziyə işçi qismində giriş edə bilməsi üçün müvafiq qaydada şirkət adından həmin tarixdə icazə alınmışdır. Beləliklə, o, xx.xx.2024-cü il tarixində xx.xx.2024-cü il tarixinədək Zəngilan rayonu Ağalı kəndində işçi qismində işlərə cəlb edilmişdir. Lakin xx.xx.2024-cü il tarixindən etibarən onunla bağlanmış əmək müqaviləsinə öz təşəbbüsü əsasında xitam verilmiş və həmin gündən Qarabağ və X24 zonasını tərk etmişdir. Protokolda adıçəkilən digər vətəndaş X7 ilə Əmək Müqaviləsi xx.xx.2024-cü il tarixində bağlanmış və elə həmin tarixdən də ona şirkət adından Zəngilan rayonuna giriş icazəsi alınaraq xx.xx.2024-cü il tarixindən - xx.xx.2024-cü il tarixinədək Zəngilan rayonu Ağalı kəndində əmək müqaviləsi əsasında işçi qismində işlərə cəlb edilmişdir. Lakin xx.xx.2024cü il tarixindən onunla bağlanmış əmək müqaviləsinə öz təşəbbüsü əsasında xitam verilmiş, şəxs ərazini tərk etmişdir. Protokolda adıçəkilən növbəti vətəndaş X25 ilə əmək müqaviləsi xx.xx.2024-cü il tarixində bağlanılmış və ona da Zəngilan rayonuna işçi qismində həmin tarix üçün giriş icazəsi alınmışdır. Bundan öncə isə, adıçəkilən vətəndaşa xx.xx.2024 - xx.xx.2024-cü il tarixlər aralığını əhatə edən Qarabağ və Şərqi Zəngəzur rayonlarına qonaq qismində giriş etməsi üçün müvafiq icazəsi əldə edilmişdir. Adıçəkilən vətəndaş ərazi və əmək şəraiti ilə tanış edildikdən sonra, əmək müqaviləsi bağlanmasına dair razılığını bildirmişdir və xx.xx.2024-cü il tarixində əmək müqaviləsi bağlanmışdır. Eyni tarixdə əraziyə qonaq qismində giriş etməsi üçün alınmış müvafiq icazəsi ləğv edilmiş və işçi qismində giriş edə bilməsi üçün ona şirkət adından yeni icazə alınmışdır. xx.xx.2024cü il tarixindən xx.xx.2024-cü il tarixinədək X5 rayonu Ağalı kəndində əmək müqaviləsi əsasında işçi qismində işlərə cəlb edilmiş və xx.xx.2024-cü il tarixində əmək müqaviləsinə öz təşəbbüsü əsasında xitam verilmişdir, həmin tarixdən X6 və X24 zonasını tərk etmişdir. Nəhayət protokolda adıkeçən sonuncu şəxs vətəndaş X15 ilə əmək münasibətləri xx.xx.2024-cü il tarixindən etibarən rəsmiləşdirilmiş və ona Zəngilan rayonuna daxil olması üçün şirkət adından işçi icazəsi alınmışdır. Daha əvvəl ona da xx.xx.2024-cü il xx.xx.2024-cü il tarixləri üçün Qarabağ və Şərqi Zəngəzur rayonlarına qonaq qismində giriş etməsi üçün müvafiq icazə alınmışdır, şəxsi ərazi və əmək şəraiti ilə tanış etdikdən sonra əmək müqaviləsinin bağlanmasına razılığını bildirmişdir. Beləliklə, onunla da xx.xx.2024-cü il tarixində əmək müqaviləsi bağlanmış və həmin tarix üçün də Zəngilan rayonuna giriş icazəsi alınmışdır. X15 xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək Zəngilan rayonu Ağalı kəndində rəsmi şəkildə işçi kimi işlərə cəlb edilmiş, lakin xx.xx.2024-cü il tarixində öz təşəbbüsü əsasında əmək müqaviləsinə xitam verilmişdir. Onu da xüsusi olaraq vurğulayır ki, "xxxx" MMC-nin Qarabağ və Şərqi Zəngəzura göndərilməsi nəzərdə tutulan işçiləri üçün Zəngilan rayonuna buraxılması məqsədilə müvafiq icazələr SubPodratçısı olduğu Sifariçi şirkət "xxxx" MMC vasitəsilə bu tip icazələrin alınması üzrə məsul əməkdaşına işçilərin şəxsi məlumatları və əmək müqavilələri göndərilməklə Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə Xüsusi Nümayəndəliyinə müraciət edilərək alınmışdır. Çünki sözügedən icazə sistemi DİN-nin nəzarətində və birbaşa idarəetməsində olmaqla “işğaldan azad edilmiş ərazilərə buraxılış və informasiya sistemi” adlı ictimaiyyətə açıq olmayan elektron sistem üzərindən tənzimlənir. Bu barədə adi vətəndaşların və ya sahibkarlıq subyektlərinin sərbəst girib icazə ala biləcəyi heç bir publik sayt və mobil tətbiq yoxdur. Yəni "xxxx" MMC istəsə belə heç vaxt adıçəkilən şəxslərə icazə ala bilməz, icazə sisteminə giriş edə bilməzdi. Bununla yanaşı ortada olan ciddi hüquq pozuntularından ən əsası DƏMX faktı aşkar etdikdən sonra araşdırma məqsədilə nə adıçəkilən vətəndaşları, nə də "xxxx" MMC-nin nümayəndəsini, izahat alınması üçün yazılı bildirişlə Xidmətə dəvət etməməsidir. Belə ki, əgər araşdırma aparılsaydı vətəndaşlar X15, X7, X25 və X16 şəxsiyyətləri müəyyən edildikdən sonra qeydiyyatda olduqları ərazi üzrə yazılı bildiriş ünvanlanaraq və ya adlarına rəsmiləşdirilmiş mobil nömrə vasitəsilə əlaqə saxlanılaraq izahatlarının alınması üçün dəvət edilə bilərlərdi. Göründüyü kimi, protokolda sözü gedən, "xxxx" MMC tərəfindən vətəndaşlar X15, X7, X25 və X17 hər hansı işlərə qeyri-rəsmi cəlb edilməsi faktı mövcud deyil və bundan irəli gələrək əmək müqavilələrinin qanuni qüvvəyə minmədən işlərin və xidmətlərin yerinə yetirilməsi üçün vətəndaşları cəlb etmə kimi qeyriqanuni hərəkətlərin edilməsindən də söhbət gedə bilməz. Nəticə olaraq, DƏMX öncə "xxxx" MMC-nin vətəndaşlar X15, X7, X25 və X17 əmək münasibətlərini rəsmiləşdirmədən iş və xidmətlərin yerinə yetirilməsinə cəlb etməsi faktının həqiqətə uyğunluğunu müəyyən edilməsi üçün Xidmətə dəvət edilməli və bundan sonra onların izahatlarının nəticəsinə və digər sənədlər birgə araşdırmanın nəticəsinə uyğun olaraq inzibati iş üzrə icraata davam edilməsinin zərurət təşkil edib-etməməsinə dair məsələ öz həllini tapmış olacaqdı. DƏMXin sözü gedən protokolu tərtib etmiş səlahiyyətli şəxsi (əmək müfəttişi Mübariz Həsənli), heç bir araşdırma aparmadan sadəcə inzibati tənbeh tətbiq etmə məqsədi ilə, formallıq üzərində inzibati icraata başlamış və protokol tərtib edərək iş materiallarını məhkəməyə göndərmişdir. Göründüyü üzrə, sözügedən protokol qanunsuz və əsassızdır buna görə də yuxarıda sadalanan səbəblərdən rədd edilməli, "xxxx" MMC barəsində başlanmış inzibati xəta üzrə icraata xitam verilməlidir. Eyni zamanda qeyd edir ki, barəsində tərtib edilmiş sözügedən qərar ünvanına göndərilsə də uzun müddət həmin qərar poçtla gəlib ona çatmamışdır, nəticə olaraq qərarı xx.xx.2024-cü il tarixində əldə etmişdir. Qeyd olunanları nəzərə alaraq X21 Xidmətinin Bakı şəhər İdarəsi barəsində qəbul etdiyi 22 avqust 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X11 nümayəndəsi və vəkili X8 şikayətin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, qərarından şikayət verilən səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, işə qərarından şikayət verilən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 22 avqust 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün həmin İdarəyə göndərilməlidir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 22 avqust 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, “Qarabağ və X24 rayonlarına giriş” informasiya sistemlərindən əldə olunmuş məlumatlar əsasında müəyyənləşdirilmişdir ki, işğaldan azad olunmuş ərazilərdə iş icazəsi alınmış X15, X25, X7 və X22 işəgötürən tərəfindən AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər, lakin Nazirliyin “Əmək və Məşğulluq” altsistemində qüvvədə olan əmək müqaviləsi bildirişi aşkar olunmamışdır. X4 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə onun barəsində 3000 (üç min) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2556/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər İdarəsinə geri qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 3-cü maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətin yaranması üçün tərəflər arasında əmək münasibətləri mövcud olmalı, yəni işəgötürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmalı, həmçinin bu hallar əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həyata keçirilməlidir. İş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" MMC-nin direktoru X19 işçilərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərə cəlb edilməsinə görə inzibati məsuliyyətə cəlb edilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, işçilərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərə cəlb edilməsinə görə hüquqi şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Lakin, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2556/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər idarəsinə geri qaytarılmışdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında göstərilir ki, məhkəmələr inzibati xəta haqqında işin mühüm əhəmiyyət kəsb edən bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla müvafiq xətaya görə həm hüquqi, həm də vəzifəli şəxsin inzibati tənbeh edilməsinin məqsədəmüvafiqliyi məsələsini inzibati xətalar qanunvericiliyinin vəzifələri və prinsipləri, həmçinin inzibati tənbehin məqsədləri baxımından həll etməlidir. Məhkəmə, indiki vəziyyətdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)- 2556/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə X10, X18, X3 və X12 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərə cəlb edilməsinə görə "xxxx" MMC-nin barəsində tərtib edilmiş protokolun geri qaytarılmasını, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2556/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb etməsini nəzərə alır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Bundan başqa iş materiallarından müəyyən edilmişdir ki, X21 Xidməti tərəfindən iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən şikayət vermiş şəxsin qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. Habelə iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas göstərilmədən onun barəsində natamam araşdırma aparmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Səlahiyyətli orqan tərəfindən isə qeyd olunan xüsusatlar üzrə qanunvericiliyin tələblərinə uyğun araşdırmanın aparılmamış olması və araşdırma zamanı şəxsin hüquqlarının təmin edilməməsi, eləcə də X11 şikayətində göstərdiyi dəlilər məhkəmədə onun inzibati xətanın subyekti olmasına şübhə yaradır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə (Təqsirsizlik prezumpsiyası) əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi dəfələrlə öz qərarlarında vurğulamışdır ki, təqsirsizlik prezumpsiyası hüququna görə məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirli şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı bir şübhə onun xeyrinə həll olunmalıdır. Bu isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X19 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla X19 barəsində “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Bu səbəbdən də X19 Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə, barəsində icraat aparılan şəxsin iştirakı ilə yenidən əsaslı qərar qəbul edilməlidir. Ona görə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 22 avqust 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin İdarəyə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 22 avqust 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin idarəyə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar