Məhkəmə qərarları › İş №3(005)-2802/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2802/2020

17.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2802/2020 17.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1960-cı il tarixdə Gürcüstanın Bolnisi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, ünvan 1 mənzil 8 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri Suraxanı rayonu, Ramana qəsəbəsi, mərkəzi küçə 14-cü keçid ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına xx xxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci PŞ-nin polis sahə rəisi F.Süleymanov tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər daxil olmuşdur. MN seriyalı ******* nömrəli, xx xxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə, saat 12:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu Hidayətzadə küçəsində yerləşən kafedə karantin rejimi qaydalarını pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə günorta vaxtı tanıdığı yoldaşlıq münasibətləri olduğu Zəlimxan Məmmədli onun ilə əlaqə saxalyıb xx.xx.2020-ci il tarixdə saat 11:30 radələrində Montin qəsəbəsində parkda “Borçalı Cəmiyyəti” X1 və Ali Baş Komandana dəstək məqsədi ilə tədbir keçirilməsi barədə məlumat vermiş və həmin tədbirdə iştirak etməyə dəvət etmişdir. xx.xx.2020-ci il tarixdə saat 12:20 radələrində o, “Samir Xasıyev” adına parkda yerləşən “Yaşıl Ada” restoranına daxil olmuşdur. Orada 20ə yaxın şəxsin olmasını görüb masalardan birinin arxasında əyləşmişdir. O, daxil olduğu zaman X2 Baş Komandanın düşməni məhf etməsi ilə bağlı çıxış edirmiş. Bu zaman polis əməkdaşları daxil omuş və burada toplaşmaqlarının səbəblərini araşdırmaq üçün onları 18-ci Polis Şöbəsinə dəvət etmişlər. Hesab edir ki, tərtib edilmiş protokol əsassızdır, tərəfindən inzibati xəta törədilməmişdir. O səbəbdən inzibati işin icraatına xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş protokoldan görünür ki, inzibati xətanın törədilməsi xx xxxxxxx 2020-ci il tarixində saat 12:00 radələrində baş vermişdir. İnzibati xətanın törədilmə yeri Nərimanov rayonu, Hidayətzadə parkındakı kafe göstərilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, xx xxxxxxx 2020-ci il tarixində protokolda göstərilmiş vaxtda o, qeyd edilən yerdən çox uzaqlarda olmuşdur. Bundan əlavə, protkolda qeyd edilir ki, pozuntu sosial məsafənin gözlənilməməsi nəticəsində baş vermişdir. Eyni zamanda inzibati xətanın baş verdiyi yer kimi kafe göstərilir. Bununla belə protokolun məzmunundan bilmək olmur ki, sosial məsafə nə qədər olmalı idi, aşkar edilən vaxt nə qədər olmuşdur? Sosial məsafənin pozulması hansı qaydada, hansı texniki vasitələrdən istifadə edilməklə aşkar edilmişdir? Kafelərdə sosial məsafəyə əməl edilməsinin öhdəliyi kafe sahibinin üzərinə düşür, yoxsa kafeyə daxil olmaq istəyən vətəndaşın? Protokolda göstərilmiş kafenin istifadə sahəsinin nə qədər olduğu, orada olan şəraitin və insan sıxlığının Nazirlər Kabinertinin “Koronovirus (COVİD-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” Qərarının tələblərinə cavab verib-verməməsi də işin qanuni həlli baxımından müəyyən edilməmişdir. Bundan əlavə, iş materiallarında hadisənin aşkar olunduğu vaxtlar müxtəlif güstərilir ki, bu da həmin sənədlərin sübut qismində istifadə olunması imkanını aradan qaldırır. Bundan əlavə icraat materiallarına inzibati xətanı törətmiş şəxsin şəxsiyyəti barədə əlavə edilmiş sənədin onun şəxsiyyətinə heç bir aidiyyəti yoxdur. Beləliklə, iş materialları ilə tərəfindən inzibati xətanın törədilməsi istisna edilir. Odur ki, işin həmin hallarını və hüquqi əsaslarını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci PŞ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci PŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapır. İnzibati material üzrə araşdırılan sübutlarla müəyyən olundu ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə, saat 12:00 radələrində ünvan 3 ünvanında yerləşən kafedə karantin rejimi qaydalarını pozmuşdur. İş materiallarında olan Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin polis sahə inspektorları Faiq Süleymanov və Cavid Yusifkənan tərəfindən həmin Şöbənin rəisi Bayram Alıyevin adına yazılmış raportdan görünür ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 12:00 radələrində ünvan 3 ünvanında yerləşən “Samir Xasıyev adına istirahət parkında fəaliyyət göstərən “Yaşıl Ada” restoranının ümumi zalında 21 nəfər şəxsin karantin rejimi qaydalarını pozaraq ara məsafəsi saxlamadan toplaşdıqları müəyyən olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini və iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar