Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2803/2021 16.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs1 MMC-nin nümayəndəsi Şəxs2 iştirakı ilə, Şəxs1 MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 485.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 00100-2202/21 nömrəli, 29 oktyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs1 MMC-nin ünvanına Türkiyə Respublikasının “X1 Tic. A.Ş.” şirkətindən 31NAT40/31NAT17 nömrə nişanlı yük avtomaşınında 24 oktyabr 2021-ci il tarixdə saat 13:26-da Qərb Ərazi Bas Gömrük idarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuş və Bakı Baş Gömrük idarəsində **********0582 sorğu nömrəli 26.10.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən yüklərə dair mallar gömrük ərazisinə gətirilməzdən əvvəl, yəni 21 oktyabr 2021-ci il tarixdə saat 16:59-da **********4444 sorğu nömrəli qısa idxal bəyannaməsi gömrük orqanına verilmiş, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Şəxs1 MMC tərəfindən gömrük orqanına təhrif olunmuş məlumat verilmişdir. Belə ki, Türkiyə Respublikasından Şəxs1 MMC-nin ünvanına göndərilmiş malların ümumi invoys dəyəri 24135 ABŞ dolları təşkil etmiş, **********0582 sorğu nömrəli 26.10.2021-ci il tarixli gömrük bəyannaməsində malların ümumi invoys dəyəri 24135 ABŞ dolları bəyan edilmiş, lakin şirkət tərəfindən eyni mallara dair gömrük orqanına təqdim edilmiş **********4444 sorğu nömrəli qısa idxal bəyannaməsində malların ümumi invoys dəyəri 16894,50 ABŞ dolları qeyd edilmişdir. Beləliklə də, araşdırma zamanı müəyyən edilmişdir ki, Türkiyə Respublikasının “X1 Tic. A.Ş.” şirkətindən Şəxs1 MMC-nin ünvanına daxil olmuş malların ümumi invoys dəyəri 24135 ABŞ dolları olsa da, həmin mallara dair tərtib edilmiş və gömrük orqanına verilmiş **********4444 sorğu nömrəli qısa idxal bəyannaməsində malların ümumi invoys dəyəri 16894,50 ABŞ dolları qeyd edilmiş, bununla da Şəxs1 MMC tərəfindən mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən gömrük orqanına təhrif olunmuş məlumat verilmişdir. Bununla da Şəxs1 MMC-nin barəsində İXM-in 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibat xəta haqqında iş üzrə icraat aparılan Şəxs1 MMC-nin nümayəndəsi Şəxs2 izahatında göstərdi ki, Türkiyə Respublikasının “X1 Tic. A.Ş.” şirkətindən Şəxs1 MMC-nin ünvanına daxil olmuş malların ümumi invoys dəyəri ilkin olaraq onlara verilmiş məlumata əsasən 16894,50 BAŞ dolları olaraq göstərilmişdir. Bu səbəbdən də Şəxs1 MMC tərəfindən gömrük orqanına göndərilmiş qısa idxal bəyannaməsində malların invoys dəyəri 16894,50 ABŞ dolları olaraq göstərilmişdir. Lakin, sonradan “X1 Tic. A.Ş.” şirkəti malların dəyərinin yalnış göstərildiyini bildirmiş və buna dair Şəxs1 MMC şirkətinə məlumat vermişdir. Bu məlumatdan sonra Şəxs1 MMC tərəfindən gömrük orqanına verilmiş məlumatda düzəliş olunmuşdur. Hətta, “X1 Tic. A.Ş.” şirkəti tərəfindən Azərbaycan Respublikasının gömrük orqanına müvafiq məktub da göndərilmişdir. Həmin məktubu məhkəməyə təqdim etdi. Yəni, baş vermiş hadisədə Şəxs1 MMC-nin günahı yoxdur. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə, qeyd olunan şəxsin (nümayəndəsinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 22.10.2021-ci il tarixli raportdan görünür ki, Şəxs1 MMC-nin ünvanına 31NAT40/31NAT17 nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş və **********0582 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yük üçün tərtib edilmiş **********4444 sorğu nömrəli qısa idxal bəyannaməsinin 22-ci qrafasında uyğunsuzluq aşkar edilmişdir; 26.10.2021-ci il tarixli, **********0582 nömrəli gömrük bəyannaməsinin 22-ci qrafasından görünür ki, Şəxs1 MMC tərəfindən idxal olunan malların invoys dəyəri 24135 ABŞ dollarıdır; 21.10.2021-ci il tarixli, **********4444 nömrəli qısa idxal bəyannaməsinin 22-ci qrafasından görünür ki, Şəxs1 MMC tərəfindən idxal olunan malların invoys dəyəri 16894,50 ABŞ dollarıdır; “Vahid avtomatlaşdırılmış idarəetmə sistemi”ndən çıxarışdan görünür ki, Şəxs1 MMC-nin ünvanına 31NAT17 nömrəli nəqliyyat vasitəsi ilə göndərilmiş mallar Azərbaycan Respublikasının gömrük ərazisinə 24.10.2021-ci il saat 13:26-da daxil olmuşdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, 31NAT40/31NAT17 nömrəli nəqliyyat vasitəsi ilə daxil olmuş yüklərə dair Şəxs1 MMC tərəfindən **********4444 sorğu nömrəli qısa idxal bəyannaməsinin 22-ci qrafasında malların invoys dəyəri təhrif olunmuş məbləğdə göstərilmişdir. Hüquqi əsaslandırma: Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 146-cı maddəsinə əsasən gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir; 148-ci maddəsinə əsasən malları və nəqliyyat vasitələrini bu Məcəllədə nəzərdə tutulan qaydada bəyan etmək bəyannaməçinin vəzifəsidir. İXM-in 485.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə - fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs1 MMC-nin nümayəndəsinin izahatında göstərdiyi xüsusatlara dair qeyd edir ki, bəyanetmə - Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barəsində məlumatların gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsidir. Gömrük bəyannaməsi bəyannaməçi tərfindən tərtib edilərək gömrük orqanlarına qanunvericiliklə müəyyən olunmuş qaydada, vaxtda təqdim edilməlidir və həmin bəyannamədə göstərilən məlumatlar təhrif olunmamalıdır (Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1, 146, 148-ci maddələri). Yəni, bəyannamənin düzgün tərtib edilməməsi ilə bağlı məsuliyyət bəyannaməçinin üzərinə düşür və bu səbəbdən də İXM-in 485.1-ci maddəsində Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına təhrif olunmuş məlumatın verilməsinə görə məsuiyyət nəzərdə tutulmuşdur. İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs1 MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs1 MMC İXM-in 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs1 MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 250 (iki yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №3(005)-2803/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2803/2021
16.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver