Məhkəmə qərarları › İş №3(005)-2803/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2803/2024

01.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2803/2024 01.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 491.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı X2 Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə 00100- 02415/24 nömrəli, 04 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Bakı səhəri, Nərimanov rayonu, X1, ev 40, mənzil 7 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən **********1135 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilərək ünvan 2 ünvanında yerləşən anbarda saxlanılmalı olan yüklərin mövcudluğunun monitorinqi həyata keçirilmişdir. Monitorinq zamanı həmin anbara xx.xx.2024-cü il tarixdə baxış keçirilmişdir. Baxış zamanı **********1135 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi üzrə 2160 ədəd bəyan edilmiş “Sulfasil, kapli qlaznıye, rastvor 300 mq/ml 10 ml flakon” adlı dərman vasitəsinin faktiki olaraq 1945 ədəd olduğu, yəni 215 ədəd əskik olduğu, 5155 ədəd bəyan edilmiş “Testosteron propinat, rastvor dlva inyeksiy 50 mq/ml 1ml №5 ampula” adlı dərman vasitəsinin isə faktiki olaraq 5008 ədəd olduğu, yəni 147 ədəd əskik olduğu aşkarlanmışdır. Bununla da, gömrük qanunvericiliyinin tələbləri pozularaq dərman vasitələrindən istifadə edilməklə üzərində sərəncam verildiyi müəyyən edilmişdir. Qeyd edilən faktla bağlı müvafiq akt tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 3-33-1100/019/022608 nömrəli xx.xx.2024-cü il tarixli raportdan görünür ki, monitorinq şöbəsi tərəfindən Şəxs MMC-nin (VÖEN: **********) Binəqədi rayonu, X4 ŞTQ, Biləcəri şosesi, ev 1 ünvanında yerləşən anbarında müvəqqəti saxlanc proseduru altında rəsmiləşdirilmiş malların mövcudluğunun monitorinqi həyata keçirilmişdir. Şəxs MMC-nin (VÖEN:**********) Binəqədi rayonu, X4 ŞTQ, Biləcəri şosesi, ev 1 ünvanında yerləşən anbarında Monitorinq şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə anbara baxış keçirilən zaman xx.xx.2024-cü il tarixli **********1135 sorğu nömrəli bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş və AA1041008 seriya və nömrəli stikerlərlə gömrük təminatına alınmış “Dərman vasitələri” adlı yüklərindən istifadə edilməsi müəyyən edilmişdir. Qeyd olunan hal barədə Monitorinq şöbəsi əməkdaşları tərəfindən müvafiq akt tərtib edilmişdir. “İpək Yolu” gömrük postunun böyük inspektoru Nəcməddin Allahverdiyev, BBİ-sinin böyük inspektoru Əli Niftəliyev və Şəxs MMC-nin nümayəndəsi Sədi Həsənov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Ukrayna Respublikasından BH1535XG nömrə nişanlı nəqliyyat vasitəsi ilə daxil olan BBGİ-də **********4219 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilən yüklərə baxış keçirilən zaman Sulfasil kapli 2160 ədəd olmalı olduğu halda1945 ədəd olduğu, Testosteron propinat 50 mq 5155 ədəd olmalı olduğu halda, 5008 ədəd olduğu faktı aşkar olunmuşdur. İş materiallarında olan 3-33-1100/012/024017 nömrəli xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Şəxs MMC tərəfindən **********1135 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi üzrə istifadə edilməklə üzərində sərəncam verilmiş 215 ədəd “Sulfasil, kapli qlaznıye, rastvor 300 mq/ml 10 ml flakon” adlı və 147 ədəd “Testosteron propinat, rastvor dlya inyeksiy 50 mq/ml 1ml № 5 ampula” adlı dərman vasitəsi yükünün ümumi gömrük dəyəri 1691,65 AZN təşkil edir. İş materiallarında olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X3 izahatında göstərmişdir ki, nümayəndəsi olduğu MMC müxtəlif ölkələrdən dərman vasitələrinin və tibbi ləvazimatların idxalını, sonradan həmin malların daxili bazarda satışını həyata keçirir, Şəxs MMC-nin ünvanına Ukraynanın “Farmak” şirkətindən BH2290PP/BH1535XG nömrə nişanlı yük avtomaşınında daxil olmus dərman vasitələri yükü **********1135 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə xx.xx.2024-cü il tarixədək müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş, Şəxs MMC tərəfindən idxal edilmiş dərman vasitələrinin rəsmiləsdirilməsinin həyata keçirilməsi üçün Səhiyyə Nazirliyindən icazə sənədi alınmalıdır, bu isə müəyyən vaxt tələb etdiyindən dərman vasitələri tərəflərindən müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilir, həmin icazə sənədi alındıqdan sonra mallar sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda rəsmiləşdirilir, rəsmiləşdirmə başa çatdıqdan sonra dərman vasitələrinin satışı həyata keçirilir, Ukraynanın “Farmak” şirkətindən daxil olmuş dərman vasitələri üçün də icazə sənədi tələb olunduğundan tərəflərindən Səhiyyə Nazirliyinə müraciət edilmiş, bu səbəbdən də, həmin mallar müvəqqəti saxlanc prosedurunda rəsmiləşdirilərək şirkətin ünvan 2 ünvanında yerləşən anbarına yerləşdirilmiş, həmin anbarda yaranmış anlaşılmazlıq nəticəsində anbarın əməkdaşları həmin malların gömrük ödənişlərinin ödənildiyini və rəsmiləşdirmənin başa çatdığını zənn etmişdirlər, bu səbəbdən də həmin malların anbardan çıxarılmasına icazə verilmiş, bu səbəbdən də, qeyd edilən dərman vasitələri sözügedən anbarda aşkar edilməmiş, gömrük qaydalarının pozulduğunu etiraf edirlər, həmin mallar satışının həyata keçirilməsi məqsədilə anbardan çıxarılmış və aidiyyəti üzrə göndərilmiş, həmin mallar üçün **********4219 sorğu nömrəli gömrük bəyannaməsi tərtib edilmişdir, sözügedən malları tezliklə rəsmiləşdirmək niyyətindədirlər. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 1.0.15-ci maddəsinə əsasən gömrük nəzarəti altında olan mallar - bu Məcəllənin tələblərinə uyğun olaraq üzərində gömrük nəzarəti başa çatmamış mallardır. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən gömrük nəzarəti altında olan mallar və nəqliyyat vasitələrindən istifadə olunmasına və onlar barəsində sərəncam verilməsinə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada və şərtlər daxilində yol verilir. Həmin Məcəllənin 177.1-ci maddəsinə əsasən saxlanc xüsusi gömrük prosedurunun sahibi aşağıdakılara görə cavabdehdir: 177.1.1. müvəqqəti saxlanc və ya gömrük anbarı xüsusi gömrük prosedurları altında yerləşdirilmiş malların gömrük nəzarətindən yayındırılmasına; 177.1.2. malların saxlancından irəli gələn öhdəliklərinin yerinə yetirilməməsinə; 177.1.3. gömrük və ya müvəqqəti saxlanc anbarlarının təsisi ilə əlaqədar verilmiş lisenziyada müəyyən edilən şərtlərə əməl edilməməsinə. Həmin Məcəllənin 177.2-ci maddəsinə əsasən prosedur sahibi malların müvəqqəti saxlanc və ya gömrük anbarı xüsusi gömrük prosedurları altında yerləşdirilməsindən irəli gələn öhdəliklərini yerinə yetirməməsinə görə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 491.1-ci maddəsinə əsasən bu Məcəllənin 491.2-ci və 491.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Göründüyü kimi, gömrük nəzarəti altında olan mallarla qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsi qadağan olunmaqla göstərilən hərəkətlərin edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarından göründüyü kimi Şəxs MMC tərəfindən bu tələb pozulmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 491.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.3-cü maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 491.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə məhkəmə törədilmiş inzibati xətaların xarakterini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olmamasını qeyd edib, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 491.1-ci maddəsi ilə təqsirli bilinməli və sonuncuya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh növünün tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olmuş 1691,65 manat məbləğinin otuz faizi miqdarında, yəni 507.495 manat cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar