Məhkəmə qərarları › İş №3(005)-281/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-281/2024

26.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-281/2024 26.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nərimanov Rayon İdarəsi 18-ci Polis Şöbəsinin polis sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1961-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bərdə rayonu, Şirvanlı Ərazi Dairəsi, Uğurbəyli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Nərimanov Rayon İdarəsi 18-ci Polis Şöbəsinin polis sahə inspektoru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN seriyalı ******* nömrəli 26 yanvar 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli 26 yanvar 2024-cü il tarixli inzibati xəta haqqında həmin protokolda göstərilir ki, vətəndaş Şəxs xx.xx.2024-cü il tarixdə Gənclik-Mail TM-nin 1-ci mərtəbəsində fəaliyyət göstərən “Bravo” super marketdən ərzaq oğurlayaraq 350 manat dəyərində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında Nərimanov Rayon İdarəsi 18-ci Polis Şöbəsinin polis sahə inspektoru X2 protokolda göstərilənlərə uyğun izahat verərək, Şəxs barəsində qanunla müəyyən edilmiş qaydada inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilərək izahatında göstərmişdir ki, əməlindən peşmandır və bir daha bu cür hallara yol verməyəcəkdir. Sonda Şəxs qeyd etdiklərinin nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan sənədlərlə müəyyən edildi: “İnzibati qaydada tutma haqqında” 25 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs 25 yanvar 2024-cü il tarixdə saat 21:40-da inzibati qaydada tutulmuşdur. Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin rəisi Bayram Alıyevə ünvanlanmış xx.xx.2024-cü il tarixli Raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə Abşeron rayonu Müşviqabad qəsəbəsi, Baab Marketin arxasında nömrəsiz evdə yaşayan X3, DİN-nin 102 xidməti-zəng mərkəzinə və Nərimanov RPİ-in 18-ci PŞ-nə müraciət edərək, marketin növbə rəisi dəfələrlə marketdən oğurluq edən şəxsi, hal-hazırda növbəti dəfə oğurluq edərkən tutub saxlaması barədə məlumat vermişdir. Araşdırma zamanı X3 göstərmişdir ki, Gənclik-Mail TM-nin 1-ci mərtəbəsində fəaliyyət göstərən “Bravo” super marketdə müdir müavini vəzifəsində çalışır. xx.xx.2024-cü il tarixdə saat 15:30 radələrində marketin mühafizəçiləri ona məlumat verərək oğurluq edən şəxsi saxladıqlarını bildirmişlər. O, dərhal mühafizəçilərin xidməti otaqlarına yaxınlaşmış və Şəxs adlı şəxsin oğurluq etdiyini aşkar etdiyini və ümumilikdə ‘'Bravo" super marketə 350 (üç yüz əlli) manat dəyərində maddi ziyan vurduğunu qeyd etmişdir. Araşdırma aparılaraq, cinayət faktı aşkar olunmadığından toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, qəbul edilmiş qərarın məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Nərimanov rayon prokuroruna göndərilməsi, qərarın surətinin icra olunmsı üçün Nərimanov RPİ-nin 18-ci PŞ-nə tapşırılması qərara alınmışdır. Beləliklə, araşdırmalar zamanı barəsində inzibati icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafedici izahatı və iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 28.3-1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İnzibati xəta haqqında işin dayandırılması və işə xitam verilməsi üçün hallar məhkəmə iclası zamanı müəyyən edilmədi. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən halı, inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətalanı törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməli, Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) saat ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılsın. Şəxs dərhal məhkəmə zalından azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar