Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2813/2024 01.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçi-müfəttişi X3 Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 03 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev 19a ünvanında yerləşən “Rahat Market”in fəaliyyəti zamanı əmələ gələn səs-küy çirklənməsi səviyyəsi müəyyən edilmiş normadan yüksək olmuşdur. Nəticədə Şəxs MMC tərəfindən İXM-in 275.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X5 məhkəməyə etiraz təqdim edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmiş və bildirmişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı X3 tərəfindən xx.xx.2024cü il tarixdə Şəxs MMC barədə İXM-nin 275.2 maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı inzibati xəta haqqında MN ******* 308/xx.xx.2024 saylı protokol tərtib edilmişdir. Şəxs MMC "xxxx" market əmtəə nişanının mülkiyyətçisidir. Şirkətin Bakı şəhəri, Nərimanov rayonu 19A ünvanında marketi mövcuddur və market icarə əsasında fəaliyyət göstərir. Həmin ərazidə əvvəl “Ekstra” adlı market fəaliyyət göstərmişdir. Marketdə olan havalandırma və soyuducu avadanlıqlar obyektin mülkiyyətçilərinə məxsusdur və onlar tərəfindən quraşdırılmışdır. Eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi xx.xx.2024-cü il tarixdə şirkətə İXM-nin 275.2-ci maddəsinin tələblərinin pozulması ilə bağlı MN ******* saylı protokol da tərtib etmişdir. Həmin protokolla bağlı Nəsimi rayon məhkəməsində 3(006)-3880/2024 saylı inzibati iş açılmış və işə X6 tərəfindən baxılacaqdır. Hazırki iş üzrə protokol tərtib olunan halda isə inzibati araşdırılma aparılmamışdır. Yuxarıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 275.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X8 Monitorinq İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 002289 saylı Aktdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əşrəf Əliyev küçəsində fəaliyyət “Rahat Market” adlı obyektdə saat 11:00-dan 12:00-dək sabit hava şəraitində monitorinq keçirilmiş, monitorinq ölçmə işləri “Rahat Market” fəaliyyətdə olan zaman marketin soyutma və havalandırma sistemlərinin qarşısında təxminən 3-5 metr məsafədə PCE-322 A səyyar cihaz vasitəsi ilə aparılmış, ölçmənin nəticələrinə görə həmin ərazidə səs küy çirklənməsi “73,0 dBA” norma “70,0 dBA” təşkil etmişdir ki, bu ətraf mühit üçün yol verilən hədd normasından artıqdır. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 86625 saylı Aktdan görünür ki, Şəxs MMC-yə məxsus ünvan 3 ünvanında fəaliyyət “Rahat Market” adlı obyektdə keçirilən monitorinq zamanı “Rahat Market” adlı obyektin havalandırma və soyutma sisteminin fəaliyyəti zamanı ətraf mühitə yayılan səs-küy səviyyəsinin 73,9 dBA “norma 70 dBA” təşkil edərək ətraf mühit üçün yol verilən hədd normasından yüksək olduğu müəyyən olunmuşdur. Nəticədə “Rahat Market” adlı obyektin fəaliyyəti nəticəsində “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinin və “Ekoloji Təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinin 3-cü bəndinə əsasən əhalinin sağlamlığın və əmək qabiliyyətinin qorunması, bitki və heyvanlar aləmi üçün əlverişli olan ətraf mühitin mühafizəsi məqsədilə səsküyün, vibrasiyanın, elektromaqnit sahələrinin səviyyəsinin, radioaktiv şüalanmanın və başqa zərərli fiziki təsirlərin yol verilə bilən son hədləri normativləri müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 iyul tarixli 796 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səsküy çirklənmələri” Normalarının: 1.3-cü bəndinə görə bu normalara mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün hüquqi və fiziki şəxslər tərəfindən riayət edilməlidir. 2.3-cü bəndinə görə nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normaları Cədvəl 1-də verilmişdir (cədvələ əsasən gündüz maksimal səviyyə 60 dBA). Yuxarıda sadalanan qanunvericiliyin tələblərindən müəyyən edilmişdir ki, nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normaları üzrə mikrorayonlar və yaşayış binaları qrupları, istirahət evləri, pansionatlar, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinin istirahət meydançaları, məktəbəqədər, ümumi və digər təhsil müəssisələrinin meydançalarında səs çirklənməsinin maksimal səviyyəsi gündüz 60 dBA, yaşayış, poliklinika və ambulatoriya binalarına, dispanserlərə, istirahət evlərinə, pansionatlara, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinə, məktəbəqədər, ümumi və digər təhsil müəssisələrinə, kitabxanalara bilavasitə bitişik ərazilərdə səs çirklənməsinin maksimal səviyyəsi gündüz 70 dBA səviyyəsindən yuxarı olmamalıdır. Qeyd olunan hal üzrə çirklənmənin səviyyəsinin normadan artıq olması ətraf mühitə mənfi təsir göstərir və qanunvericiliyin tələblərinə əsasən inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsinə görə ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC -nin hərəkətlərində İXM-nin 275.2-ci maddəsinin tərkibi mövcuddur. Buna görə də həmin hüquqi şəxsə Azərbaycan Respublikası İXM-nin 275.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tənbeh növü təyin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və barəsində 8000 (səkkiz min) manat cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-2813/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2813/2024
01.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver