Məhkəmə qərarları › İş №3(005)-2816/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2816/2024

19.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2816/2024 19.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X8, X1 iştirakları ilə, X4 Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş AYN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” elektron qərarın ləğv edilməsi barədə verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X9 Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş AYN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” elektron qərarının ləğv edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. X2 məhkəmə iclasında bildirmişdir ki, X9 xx.xx.2024-cü il tarixdə saat 10:48 radələrində Nərimanov rayonu, Alba hotelin qarşısında idarə etdiyi **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə dayanaraq oteldən qonaqların gəlməsini gözləmişdir. Bu zaman tanımadığı bir nəfər şəxs yaxınlaşaraq özünü “Parking.az” işçisi olduğunu və X6 vaxt açmağını bildirmişdir. X9 həmin şəxsə qonaqların gəlməsini və onun da avtomobilin daxilində sükan arxasında oturaraq qonaqları gözlədiyini bildirmişdir. Həmin şəxs bir daha yaxınlaşdıqda X9 ona 2 manat vermişdir ki, yenidən yaxınlaşmasın. Biraz keçdikdən sonra “Parking.az” işçisi maşının içərisində sükan arxasında və maşının işlək vəziyyətdə olduğunu görə-görə avtomobilin şəklini çəkmişdir. Bu zaman “Parking.az” işçisi ilə X9 arasında mübahisə yaranmışdır. Hadisədən 2-3 saat keçdikdən sonra X6 20 manat cərimə olunmağı ilə bağlı sms gəlmişdir. X9 dəfələrlə aidiyyatı üzrə müraciət etsə də, onun müraciətinə baxılmamışdır. Qərar əsassızdır və inzibati xəta hadisəsi olmamışdır. X9 Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş AYN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X13 etiraz təqdim edərək bildirmişdir ki, 30 iyul 2024-cü il tarixli AYN ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərardan barəsində icraat aparılan X9 tərəfindən verilmiş şikayət qanunvericiliyin tələbləri baxımından əsassız olduğundan təmin edilməməli və həmin qərar qüvvədə saxlanmalıdır. Belə ki, X2 barəsində inzibati xəta haqqında parklanma müddətinin ölçülməsi ilə bağlı sübutun olmamasını qeyd etmişdir. X3 idarə etdiyi “MERCEDES BENZ VİTO 120 CDİ MİNİK” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2024-cü il tarixdə, saat 10:48:36-dan 10:48:24-dək Nadir Əliyev küçəsindəki 20359 nömrəli parklanma yerində saxlanması inzibati xəta hadisəsini fiksə edən fotoşəkillərdə də göründüyü kimi təsdiq olunur. Qeyd olunur ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı haqqında 23 fevral 2017-ci il tarixli, 1256 nömrəli Fərmanın 1.11-ci bəndinə əsasən Mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların və Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin rəhbərləri, onların müavinləri (bu Siyahıda nəzərdə tutulan publik hüquqi şəxslər istisna olmaqla), həmin orqanların və Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin yerli bölmələrinin rəhbərləri, onların müavinləri baxmağa səlahiyyətli şəxslərdir. X9 barəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 30 iyul 2024-cü il tarixli AYN ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərar X12 sədr müavini tərəfindən qəbul edilmişdir. Qanunvericilikdə parklanmaya görə ödəniş üsulu yalnız parkomatlarla məhdudlaşdırılmır. Analoji iş üzrə, İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsi ilə AYNA tərəfindən qəbul edilmiş qərar həm Səbail Rayon Məhkəməsinin 3(009)-305/2021 saylı 16 fevral 2024-cü il tarixli Qərarı ilə, həm də həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 3(103)-412/2024 saylı 01 mart 2024-cü il tarixli Qərarı ilə qüvvədə saxlanılmışlar və qeyd olunan qərarlarda İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin səlahiyyətləri mübahisə predmenti olmamışdır. “Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2023-cü il 2109 nömrəli Fərmanda Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin ona qoşulması formasında yenidən təşkil edilməsi qərara alınmışdır. Həmçinin, Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkilində iştirak edilməsi, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmənin və nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilmişdir. Eyni zamanda, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin balansındakı əmlak Agentliyin balansına verilmişdir. Odur ki, sözügedən Fərmandan göründüyü kimi bu səlahiyyət Agentliyə ölkə başçısı tərəfindən verilmişdir. Həmçinin, qeyd edilməsi zəruridir ki, Agentlik tərəfindən şikayətdə qeyd olunan normativ hüquqi akta dəyişikliklərin edilməsi ilə bağlı müvafiq tədbirlər görülmüşdür. Qeyd olunur ki, AYNA parklanma yerlərini müəyyənləşdirir, onları təşkil və idarə edir, parklanma yerlərində nəqliyyat vasitələrinin parklanmasına dair tələblərə əməl olunmasına nəzarət edir və parklanma qaydalarını pozmuş şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə tədbirlər görür. Ölkə Prezidentinin BNA-ya səlahiyyətlər verilməsinə dair əvvəlki Fərmandan sonra qəbul edilmiş “Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2023-cü il 2109 nömrəli Fərmanı BNAnın AYNA-ya qoşulması və BNA-nın bütün səlahiyyətlərinin AYNA ötürülməsini ehtiva edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair 09 iyul 2024-cü il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsinin” 3.1.2,-ci maddəsinə əsasən, müvafiq sahədə inzibati xəta əlaməti aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək Agentliyin vəzifəsi kimi müəyyən edilmişdir. Konstitusiya Məhkəməsi Palatası hesab edir ki, “inzibati Xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci il tarixli, 1256 nömrəli Fərmanı ilə İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci və 346-1.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti Bakı Nəqliyyat Agentliyindən funksional hüquqi varislik qaydasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən funksional hüquqi varislik qaydasında Azərbaycan Yerüstı Nəqliyyat Agentliyi publik hüquqi şəxsinə ötürülmüşdür. Həmçinin “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 7.4-cü maddəsinə əsasər dövlət orqanının adı dəyişdirildikdə və va bu orqan adının dəyişdirilməsinə səbəb olan birləşmə qoşulma, çevrilmə yolu ilə yenidən təşkil edildikdə, əvvəlki adı əks etdirən normativ hüquqi aktlar; addəyişmə hissəsində dəyişikliklər edilməlidir. Belə dəyişikliklər edilənədək əvvəlki adı əks etdirəı normativ hüquqi aktlar adı dəyişdirilmiş (yeni yaradılmış) orqana tam həcmdə şamil olunur. Qeyd olunur ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliy qoşulma yolu ilə “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” olmuş və Azərbaycan Respublikasını Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlikdə Agentliyin yenidən təşkilini həyat keçirilmişdir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin hüquqi varisidir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin inzibati tənbeh vermə haqqında qərarı mövcud qanunvericiliyin tələblərinə uyğun qəbul edildiyindən X10 şikayəti əsassızdır və təmin edilməməlidir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) parklanma yerlərini müəyyənləşdirir, onları təşkil və idarə edir, parklanma yerlərində nəqliyyat vasitələrinin parklanmasına dair tələblərə əməl olunmasına nəzarət edir və parklanma qaydalarını pozmuş şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə tədbirlər görür. Həmçinin qanunvericiliyin tələbinə uyğun olaraq, bütün ödənişli parklanma yerlərində Agentlik tərəfindən istifadəçilər üçün aydın görünən yerdə və oxuna bilən ölçülərdə məlumat lövhələri yerləşdirilmişdir. Həmin lövhələrdə parklanma məntəqəsinin nömrəsi, parklanmaya görə ödənişin məbləği və parklanmaya görə ödəniş üsulları; həmçinin parklanma yerlərindən istifadə qaydalarına dair məlumatlar yerləşdirilmişdir. Hər bir sürücü ödənişli parklanma məntəqəsinə daxil olarkən həmin məlumatlarla tanış olmalı və özünə uyğun ödəniş vasitəsini seçməlidir. Belə ki, sürücülərin rahatlığını təmin etmək məqsədilə həm sms, həm mobil tətbiq vasitəsi ilə, həm də ödəmə terminalı vasitəsi ilə (balansin artırılması) ödəniş üsulları mövcuddur. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X13 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 30 iyul 2024-cü il tarixli AYN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından X9 tərəfindən verilmiş şikayət əsassız və qanunsuz olduğunu bildirərək onun təmin edilməməsini, həmin inzibati tənbeh vermə haqqında elektron qərar dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş AYN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X9 nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 20 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Məhkəmə, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, X5 İXM-in 346-1.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş AYN seriyalı ******* nömrəli, xx.xx.2024-cü tarixli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli, işə yenidən baxılması Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə tapşırılmalıdır. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X9 tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Belə ki, İXM-in: 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir; 124.4.-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 346-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına, nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə iyirmi manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, inzibati xətanın mövcudluğu ilə razılaşmayan X4 barəsində tərtib edilən inzibati xəta haqqında protokola baxılarkən onun iştirakı təmin edilməmiş, araşdırma düzgün aparılmamış və barəsində inzibati qaydada cərimə olunmasına dair qərar qəbul edilmiş, həmçinin hazırki məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, halbuki sübutetmə yükü məhz onun üzərinə düşür (İXM-8.2). İXM-in: 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X9 barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. X9 inzibati xətanın mövcudluğu ilə razı olmadığından iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş AYN seriyalı ******* nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli, X9 barəsində işə yenidən baxılması Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə tapşırılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X4 İXM-in 346-1.1-ci maddəsi ilə cərimə olunmasına dair Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş AYN seriyalı ******* nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilsin və işə yenidən baxılması Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə tapşırılsın. Qərardadın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar