Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-283/2024 26.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis şöbəsinin polis sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PŞ-dən daxil olmuş 26 yanvar 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqında protokoldan görünür ki, Şəxs 16 yanvar 2024-cü il tarixdə saat 19:00 radələrində qanunsuz olaraq narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PŞ-nin polis sahə inspektoru X2 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək Şəxs barəsində müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilib izahatında göstərmişdir ki, protokolda yazılanlar düzgün deyil. Belə ki, o, polis əməkdaşları tərəfindən 23 yanvar 2024-cü il tarixdə saxlanılmışdır. Üç gündür ki, müvəqqəti saxlama yerində saxlanılır. Polis əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov RPİ-nə aparılmışdır. Polis İdarəsində üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı o, üzərində gəzdirdiyi psixotrop maddəni polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra sənədləşdirmə işləri aparılmış və onun barəsində CM-nin 234-cü maddəsi ilə cinayət işi başlanılmışdır. Hazırda həmin cinayət işi müstəntiq Rahib müəllimin icraatındadır. Daha sonra onu Nərimanov rayon prokurorunun yanına aparmışlar, prokuror onun barəsində həbs seçməmişdir. Bundan sonra onu müvəqqəti saxlama yerindən azad etməyərək 16-cı Polis Şöbəsinin polis əməkdaşlarına təhvil vermişlər. Hazırda barəsində protokol tərtib edilmişdir. Barəsində cinayət işi ola-ola inzibati protokol tərtib edilməsini başa düşmür. Hazırda həmin cinayət işi üzrə onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “İnzibati qaydada tutma haqqında” 25 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs 25 yanvar 2024-cü il tarixdə 12:30-da inzibati qaydada tutulmuşdur. “Cinayət işi başlamaq və icraata götürmək barədə” 24 yanvar 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılaraq istintaqı aparılır. “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 25 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak edən şəxsin izahatını dinləyərək, hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında araşdırma zamanı müəyyən edilmişdir ki, cinayət işinin başlanmasına əsas və səbəb xx.xx.2024-cü il tarixdə Nərimanov RPİ-nin 16-cı PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi, 94 ünvanının qarşısında yerləşən avtobus dayanacağında şübhəli şəxs qismində saxlanılaraq Nərimanov RPİ-nin 16-cı PŞ-nə gətirilmiş Şəxs şəxsi axtarış zamanı bir ədəd bükümdə təmiz çəkisi 0,950 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülməsi faktına dair toplanmış materiallar olmuşdur. Şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin bilavasitə törədilməsini şübhə etməyə kifayət qədər əsaslar olduğundan o, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixdə cinayət işi Nərimanov RPİ-nin İŞ-nə daxil olmuş və istintaqın aparılması müstəntiq Rahib Əliyevə həvalə edilmişdir. Fakt əsasında və toplanmış ilkin sübutların məcmusuna əsasən Şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmiş və o, həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2024-cü il tarixdə Şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov rayon prokuroru qarşısında vəsatət qaldırılmış və xx.xx.2024-cü il tarixdə prokuror tərəfindən Şəxs vəsatətin müdafiə edilməsi və şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında qərar qəbul edilmişdir. Şəxs barəsində 25 yanvar 2024-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Şəxs psixotrop maddə olan metamfetamin əldə edib üzərində daşıdığına görə xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılmış, xx.xx.2024-cü il tarixdə ona qarşı CM-nin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş, xx.xx.2024-cü il tarixdə isə onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və onun həbsdən azad edilməsi qərara alınmışdır. Lakin Şəxs həbsdən azad edilməmiş, onun barəsində həmin fakta görə cinayət təqibi getdiyi halda Nərimanov RPİ-nin 16-cı PŞ-nin əməkdaşları tərəfindən sadəcə istifadəçi kimi sənədləşdirilərək 26 yanvar 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12.2-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın; 53.1.7-ci maddəsinin tələbinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində cinayət əlamətləri aşkar edildiyindən və fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduğundan onun barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməzdi. Odur ki, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə başlanılmış iş üzrə icraata xitam verilməli və o, məhkəmə iclas zalından dərhal azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 53, 105, 114.1.4, 115,128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-283/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-283/2024
26.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver