Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2831/2025 02.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakları ilə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində İXMnin 430.4-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola görə Şəxs MMC 25308.25 Avro məbləğində olan vəsaiti bank hesabından xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddətin keçməsinə baxmayaraq, qalıq qalan 109610.00 Avro hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Xəta xx.xx.2025-ci il tarixdə törədilmişdir. Məhkəməyə təqdim edilən protokolda qeyd edilir ki, Şəxs MMC 150000.00 Avro məbləğində vəsaiti xx.xx.2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 109610.00 Avro məbləğində vəsait hesabına alınan mallar (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Məhkəmə iclasında iştirak edən Şəxs MMC -nin nümayəndəsi X2 çıxış edərək bildirmişdir ki, Alufar MMC ilə ABŞ şirkəti olan "xxxx" LLC arasında xx.xx.2023-cü ildə Alqı-Satqı müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən Şəxs MMC ümumi dəyəri $ 3,151,980.50 USD olan alüminium qapılar və pəncərələri ABŞ-ın Nyu York şəhərində yerləşən tikinti obyektinə çatdırıb təqdim etməlidir. Müqavilə üzrə öhdəliklərin icra edilməsi çərçivəsində alüminium qapı və pəncərə çərçivələri Şirkət tərəfdən Azərbaycanda yerləşən zavodda istehsal edilib Türkiyə Respublikasına göndərilmişdir. Müqavilə üzrə mallar su nəqliyyatı ilə Türkiyənin İstanbul limanından konteynerlərə yüklənib nəql olunmasını nəzərə alaraq, qapı və pəncərələrin şüşələri isə Türkiyədə istehsal edilib, əlavə vaxt və maliyyə itkisi olmaması məqsədi ilə İstanbuldan birbaşa konteynerlərə yüklənib Sifarişçiyə göndərilmişdir. Şüşələrin istehsal edilməsinə dair Şəxs MMC ilə Türkiyə şirkəti olan “FF X5. Ve Tic.A.Ş” arasında xx.xx.2018-ci il tarixli, 01/18 nömrəli müqavilə bağlanmışdır və malların dəyəri, miqdarı, göndərilmə şərtləri, ödəmə şərti xx.xx.2023-cü il tarixli FFKA2023-118 nömrəli proforma invoysa ilə tənzimlənir, ümumi dəyəri 409020,35 EURO-dur. Beləliklə Müqavilə üzrə “FF X5. Ve Tic.A.Ş” Sifarişçi tərəfindən ümumilikdə $ 3,151,980.50 USD vəsait alıb, bu vəsaitdən 150000 euro məbləğində şüşənin dəyərini FFX5ayi Ve Ticaret Anonim şirkətinə ödəyib, “FFX5ayi Ve Ticaret Anonim” şirkəti isə alınan vəsait müqabilində 150000 Avro məbləğində şüşə məhsulları Türkiyədən birbaşa ABŞ-ya Sifarişçinin tikinti sahəsinə göndərib. Bununla bağlı zəruri sənədləri məhkəməyə təqdim edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qeyd etmişdir ki, şirkətin pul vəsaitinin yayındırılması ilə bağlı hər hansı qəsdi olmamış, məqsəd maliyyə xərclərini azaltmaq olmuşdur. Türkiyə Respublikasından gələcək malların birbaşa Amerikaya göndərilməsi nəticəsində hər hansı pozuntu olmamış, tədiyyə balansı pozulmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarına əlavə olunmuş sübutlardan müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə 700,000Şəxs MMC ilə "xxxx" MMC arasında bağlanmış 16.06.203-cü il tarixli tədarük müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixdə, 700.00,00 ABŞ dolları, xx.xx.2024-cü il tarixdə 500.000,00 ABŞ dolları, xx.xx.2025-ci il tarixdə 90637,00 ABŞ dolları "xxxx" MMC” adından "xxxx".LTD tərəfindən Alufar MMC-nin xeyrinə həyata keçirilib. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mərkəzi X3 xx.xx.2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə əsasən, iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. 53-cü maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi qərarında qeyd olunduğu kimi, Buna görə yuxarıda qeyd edilən normaların tələbləri baxımından məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə inzibati xəta haqqında iş üzrə icraatın hərtərəfli, tam və obyektiv aparılması prinsipini rəhbər tutaraq, işdə olan sənədləri və tərəflərin mövqelərini tədqiq edərək aşağıdakı qənaətə gəlir. Məhkəmə, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolda irəli sürülən formal hüquq pozuntusu iddiasının mahiyyətini təyin etmək üçün, ilk növbədə, iş üzrə təqdim edilmiş sübutlar məcmusunu qiymətləndirməyi zəruri hesab edir. İş materiallarından müəyyən edilir ki, mübahisələndirilən valyuta köçürməsi genişmiqyaslı bir layihənin tərkib hissəsidir. Təqdim edilmiş 16 iyun 2023-cü il tarixli müqavilə ilə təsdiq olunur ki, Şəxs MMC və ABŞ şirkəti "xxxx" MMC arasında Nyu-York şəhərindəki tikinti layihəsinin şüşə və metal konstruksiyalarla təchiz edilməsi barədə ümumi dəyəri 3,151,980.50 ABŞ dolları olan müqavilə bağlanmışdır. Bu müqavilə, mübahisə predmeti olan bütün sonrakı hərəkətlərin əsasını təşkil edir. Məhkəmə müəyyən edir ki, bu əsas ixrac müqaviləsinin icrası çərçivəsində Şəxs MMC, Türkiyə Respublikasında fəaliyyət göstərən “FF X5AYİ VE TİCARET A.Ş.” ilə 25 yanvar 2018-ci il tarixli 01/18 saylı alqı-satqı müqaviləsi bağlamışdır. Bu alt-müqavilənin predmeti, ABŞ-dakı layihə üçün zəruri olan şüşə məhsullarının istehsalı və birbaşa ABŞa göndərilməsindən ibarət olmuşdur. Məhz bu alt-müqavilənin icrası məqsədilə 26 iyul 2023-cü il tarixində Şəxs MMC tərəfindən Türkiyə Respublikasının şirkətinin hesabına 150,000 avro məbləğində avans vəsaiti köçürülmüşdür. Beləliklə, təsdiq olunur ki, valyuta köçürməsi Azərbaycan Respublikasından kapital axını deyil, əksinə, ölkənin ixrac potensialını reallaşdıran bir aktdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin və "xxxx" MMC-nin 11 və 26 sentyabr 2025-ci il tarixli məktubları, eləcə də "xxxx" ASC-dən olan 13 dekabr 2023-cü il tarixli hesab çıxarışı sübut edir ki, ABŞ-dakı layihə çərçivəsində Şəxs MMC-nin Azərbaycan Respublikasındakı hesablarına ümumilikdə 1,770,221.58 ABŞ dolları məbləğində vəsait daxil olmuşdur. Mərkəzi Bankın iddiasının predmeti olan 109,610 avro məbləğində geri qayıtmamış vəsait, Şəxs MMC-nin qazandığı 443,580.64 ABŞ dolları məbləğindən dəfələrlə azdır. Bu, o deməkdir ki, dövlətin tədiyyə balansı və valyuta ehtiyatları bu əməliyyatdan zərər çəkməmiş, əksinə, ölkəyə xalis valyuta axını təmin edilmişdir. Təqdim edilmiş ABŞ Gömrük və Sərhəd Mühafizəsi Xidmətinin çoxsaylı bəyannamələri və “FF GRUP”-un invoysları sübut edir ki, Türkiyədə istehsal edilmiş şüşə məhsulları birbaşa yekun təyinat məntəqəsi olan ABŞ-a göndərilmişdir. Bu beynəlxalq ticarətdə daşınma xərclərini minimuma endirmək üçün istifadə olunan səmərəli kommersiya təcrübəsidir. Malların fiziki olaraq Azərbaycana gətirilib, burada yenidən gömrük rəsmiləşdirilməsindən keçirilərək ABŞ-a göndərilməsi həm iqtisadi cəhətdən səmərəsiz, həm də əlavə vaxt itkisi olardı. Beləliklə, malların müqavilə üzrə təyinat nöqtəsinə çatdırılması faktı sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə, işin faktiki hallarını qiymətləndirərkən, tətbiq edilən normanın hərfi mənasından daha çox, onun hüquqi təyinatını və qanunvericiliyin ümumi prinsiplərini rəhbər tutmağı zəruri bilir. İXM-nin 430.4-cü maddəsi Azərbaycan Respublikasının iqtisadi təhlükəsizliyinin mühüm elementlərindən olan valyuta tənzimi və nəzarətinin təmin edilməsinə yönəlmişdir. Bu normanın məqsədi rezidentlər tərəfindən idxal əməliyyatı adı altında valyuta vəsaitlərinin əvəzsiz və geri qaytarılmamaq şərtilə ölkədən çıxarılmasının, yəni pərdələnmiş kapital axınının qarşısını almaqdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2019-cu il tarixli Qərarında da qeyd edildiyi kimi, bu kimi normalar valyuta nəzarətinin effektivliyinin artırılmasına xidmət edir. Lakin, təqdim olunmuş iş üzrə vəziyyət bu normanın nəzərdə tutduğu hüquq pozuntusu fərziyyəsindən köklü şəkildə fərqlənir. Qanunun məqsədi valyuta itkisinin qarşısını almaqdırsa, valyuta qazancı ilə nəticələnən bir əmələ görə cəza tətbiqi həmin qanunun ruhuna və məqsədinə zidd olardı. Hüququn formal tətbiqi, onun əsl mahiyyətini üstələməməlidir. İXM-nin 8-ci maddəsi (Təqsirsizlik prezumpsiyası) tələb edir ki, şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilsin. Bu işdə, təqdim olunmuş sənədlər toplusu ən azı Şəxs MMC-nin təqsirsizliyi barədə ciddi və əsaslı şübhələr yaradır ki, bu da təqsirsizlik prezumpsiyasının prinsiplərinə uyğun olaraq şirkətin xeyrinə yozulmalıdır. İnzibati xətanın obyektiv cəhəti qanunla qorunan ictimai münasibətlərə zərər vuran və ya zərər vurma təhlükəsi yaradan ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) ehtiva edir. Mərkəzi Bankın tərtib etdiyi protokol formal olaraq Şəxs MMC-nin hərəkətsizliyinə yəni, vəsaitin ödənilməsindən sonra 2 il ərzində malların Azərbaycana idxal edilməməsinə və ya vəsaitin geri qaytarılmamasına istinad edir. Lakin məhkəmə hesab edir ki, bu hərəkətsizliyin ictimai təhlükəliliyi sıfıra bərabərdir. İctimai təhlükəliliyin əsas meyarı qorunan ictimai münasibətlərə vurulmuş və ya vurula biləcək zərərdir. İXM-nin 430.4-cü maddəsinin qoruduğu ictimai münasibət ölkənin valyuta ehtiyatlarının sabitliyi və tədiyyə balansının qorunmasıdır. İş materiallarından isə birmənalı şəkildə görünür ki, Şəxs MMC-nin həyata keçirdiyi əməliyyatlar zənciri nəticəsində Azərbaycan Respublikasının iqtisadi maraqlarına heç bir zərər dəyməmişdir. İXM-nin 3-cü maddəsinin tələbinə görə, inzibati məsuliyyət yalnız təqsirli əmələ görə yaranır. Təqsir isə şəxsin törətdiyi əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə psixi münasibətini ifadə edir. Məhkəmə, işin hallarını təhlil edərək müəyyən edir ki, Şəxs MMC-nin hərəkətlərində valyuta tənzimi qaydalarını pozmağa yönəlmiş nə qəsd, nə də ehtiyatsızlıq mövcuddur. Şirkətin məqsədi qanunsuz yolla valyuta çıxarmaq deyil, beynəlxalq ticarət müqaviləsi çərçivəsində xərcləri azaltmaq olmuşdur. Şirkətin bu addımı, vicdanlı sahibkarlıq fəaliyyəti çərçivəsində, kommersiya səmərəliliyi mülahizələri ilə izah olunur. "xxxx" MMC-nin əməliyyatın bütün mərhələlərini sənədləşdirməsi, şəffaf şəkildə aparması və nəticədə əldə olunan gəliri tam həcmdə ölkəyə geri qaytarması onun hər hansı qanunsuz niyyətinin olmadığını sübut edir. Belə olan halda, şirkətin hərəkətlərində inzibati xəta tərkibinin subyektiv cəhəti, yəni təqsir elementi mövcud deyildir. Məhkəmə, yuxarıda göstərilən faktiki və hüquqi əsasların məcmusunu qiymətləndirərək bu qənaətə gəlir ki, Şəxs MMC tərəfindən həyata keçirilən əməliyyat bütövlükdə qanuni ixrac müqaviləsinin icrasına yönəlmiş, ölkənin iqtisadi maraqlarına zərər vurmamış və bu əməldə şirkətin təqsiri olmamışdır. Buna görə də, Şəxs MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin elementləri mövcud deyildir. Məhz bu səbəbdən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2ci maddəsinə əsasən, Şəxs MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 43, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamal Babayev
Məhkəmə qərarları › İş №3(005)-2831/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2831/2025
02.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver