Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2837/2024 24.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Şikayət vermiş şəxs X3, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi X4 iştirakları ilə, X3 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2024-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2024-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək, qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X6 barəsində Səhiyyə Nazirliyi tərəfindən 06 iyun 2024-cü il tarixdə MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sözügedən protokol əsasında Səhiyyə Nazirliyi tərəfindən tərəfindən MN seriyalı ******* saylı MN 06 iyun 2024cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İnzibati xəta haqqında həmin qərarda göstərilmişdir ki, guya X6 “Zed Centre” adlı obyektdə özəl tibbi fəaliyyət göstərməsi faktı aşkar edilmişdir. Aşkar edilmiş faktla bağlı X6 5000 manat cərimə tətbiq edilmişdir. Səhiyyə Nazirliyi tərəfindən 06 iyun 2024-cü il tarixdə MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və qərarında göstərilənlər həqiqətə uyğun deyil. X1 obyektdə hər hansı tibbi fəaliyyət göstərməmişdir. Bu faktı təsdiq edən hər hansı mötəbər sübut Səhiyyə Nazirliyinin əməkdaşlarında yoxdur. Lakin buna baxmayaraq əsassız və həqiqəti əks etdirməyən Səhiyyə Nazirliyi tərəfindən protokol tərtib edilmiş, daha sonra isə inzibati tənbeh vermə haqqında əsassız və qanunsuz qərar tərtib edilmişdir. Səhiyyə Nazirliyi tərəfindən 06 iyun 2024-cü il tarixli protokol tərtib edilərkən X6 həmin quruma dəvət edilməmiş, onun izahatı alınmamışdır. Səhiyyə Nazirliyi tərəfindən X6 barəsində inzibati xəta haqqında protokol və qərar onun iştirakı olmadan tərtib edilmişdir. X3 həmin protokol və qərar barədə ümumiyyətlə məlumatı olmamışdır. İnzibati xəta haqqında qərar X5 poçt vasitəsi ilə təqdim olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən X6 barəsində tərtib olunmuş MN ******* saylı 06 iyun 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Şikayət vermiş şəxs X6 məhkəmə iclasında şikayəti müdafiə edərək bildirmişdir ki, prokurorluq orqanın əməkdaşları “Zed Centre” adlı obyektə baxış həyata keçirərkən X6 işdə olmamışdır. O, kabineti icarəyə götürmüş, kabinetdən anbar kimi istifadə etmişdir. X6 bir ildir ki, işləmir və o, evdar qadındır. O, əvvəl kosmetoloji fəaliyyətlə məşğul olmuş, lakin hal-hazırda işləmir. X6 iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi X7 məhkəmə iclasında Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2024-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı müdafiə edərək X6 tərəfindən verilmiş şikayətin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə qərardan şikayət vermiş şəxs X3 şikayətinin dəlillərini işdə olan və təqdim edilmiş sübutlar əsasında qiymətləndirərək hesab edir ki, iş üzrə ictaata xitam verilməli, qərar ləğv edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarına əlavə edilmiş barəsində şikayət verilən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2024-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Bakı şəhəri Nərimanov rayonu prokurorluğundan daxil olmuş cinayət işinin başlanmasının rədd olunması barədə qərara əsasən X6 2019-cu il iyun ayında Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi, 19B ünvanında yerləşən “Zed Centre” obyektdə lisenziya olmadan özəl tibb fəaliyyət göstərməsi faktı aşkar edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 5000 (beş min) manat məbləğində cərimə edilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarda qeyd edilir ki, X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması qərara alınmışdır. İş materiallarında olan “Zəka Academy Təhsil Mərkəzi” tərəfindən verilmiş № 5821 saylı diploma əsasən X6 21 iyun 2021-ci il tarixdə “tibb bacısı” kursunu bitirmişdir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 48-ci maddəsinə görə, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə olunmuş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə-fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə görə, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Məhkəmə qeyd edir ki, inzibati orqanın qərar qəbul etməsinə əsas olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarda Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi, 19B ünvanında yerləşən “Zed Centre” obyektdə lisenziya olmadan özəl tibb fəaliyyət göstərməsi faktını sübut edən dəlillər məhkəmə iclasında təqdim olunmamış, bu faktı təsdiq edən mötəbər sübutlar əldə edilməli və əldə edilmiş sübutlara əsasən qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən 06 iyun 2024-cü il tarixli protokol tərtib edilərkən X6 inzibati material araşdırılarkən orqana dəvət edilməmiş, onun izahatı alınmamışdır. İnzibati xəta haqqında protokol və qərar onun iştirakı olmadan tərtib edilmişdir Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, X3 şikayəti təmin edilməli, X3 barəsində MN ******* nömrəli, xx.xx.2024-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. AR Səhiyyə Nazirliyinin X3 barəsində MN ******* nömrəli, xx.xx.2024-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-2837/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2837/2024
24.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver