Məhkəmə qərarları › İş №3(005)-2840/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2840/2025

20.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2840/2025 20.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, Hüquqi şəxs “BRİGHTSTONE” (hazırkı adı ilə Şəxs) Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi hüquqi şəxs “BRİGHTSTONE” (Şəxs) Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsi ilə tərtib edilmiş 01 avqust 2025-ci il tarixli 00100- 02259/25 nömrəli inzibati xəta haqqında protokol edərək eyni tarixli 00100/02218 nömrəli qərardadla baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, “BRİGHTSTONE” (Şəxs) MMCnin ünvanına SM-SM1-25-218 nömrəli xx.xx.2025-ci il tarixli müqayilə üzrə 99CB923/99YD923 və 77SL594/99YH671 dövlət nömrə nişanlı nəqliyyat vasitələri ilə gətirilən malların xx.xx.2025-ci il tarixli **********5939 və **********5921 sorğu nömrəli gömrük bəyannamələri ilə Bakı Baş Gömrük İdarəsində bəyan edildiyi, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə qətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edilməyərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilmədiyi müəyyən edilmişdir. Belə ki, BBGİ-nin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş xx.xx.2025-ci il tarixli 3-33-1100/012/022612, 3-33-1100/012/022629 nömrəli raportlara əsasən “BRİGHTSTONE” (Şəxs) MMC-nin ünvanına SM-SM1-25-218 nömrəli xx.xx.2025-ci il tarixli müqavilə üzrə 99CB923/99YD923 və 77SL594/99YH671 dövlət nömrə nişanlı nəqliyyat vasitələri ilə ölkə ərazisinə daxil olmuş yüklər üçün Azərbaycan Respublikasının gömrük ərazisinə qətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Bununla da “BRİGHTSTONE” (Şəxs) Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati icraat aparılan hüquqi şəxs və səlahiyyəti orqan lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələr iştirak etməmiş, səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə barəsində inzibati icraat aparılan hüquqi şəxsin və səlahiyyəti orqanın nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “X1 Sistemi” informasiya resursundan “malın çatdırılması və boşaldılması”-na dair çıxarışdan görünür kı, SM-SM1-25-218 nömrəli xx.xx.2025-ci il tarixli müqavilə üzrə 99CB923/99YD923 və 77SL594/99YH671 dövlət nömrə nişanlı nəqliyyat vasitələri ilə “BRİGHTSTONE” (Şəxs) MMC-nin ünvanına göndərilən mallar xx.xx.2025-ci il tarixdə “Samur” gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmişdir. “X1 Sistemi” informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, “BRİGHTSTONE” (Şəxs) MMC tərəfindən Bakı Baş Gömrük İdarəsində xx.xx.2025-ci il tarixli **********5939 və **********5921 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmiş mallar “X2 & Geotechnical investigation Trading Co.LTD” şirkətindən SM-SM1-25- 218 nömrəli xx.xx.2025-ci il tarixli müqavilə üzrə 99CB923/99YD923 və 77SL594/99YH671 dövlət nömrə nişanlı nəqliyyat vasitələri ilə xx.xx.2025-ci il tarixdə “Samur” gömrük postundan keçməklə Azərbayçan Respublikasının gömrük ərazisinə gətirilmiş, gətirilmiş mallara dair qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilməmişdir. 18 iyul 2025-ci il tarixli raportdan görünür ki, “BRİGHTSTONE” (Şəxs) Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına **-YD-*** nömrəli nəqliyyat vasitəsi gələn **********5939 və **-SL-*** nömrəli nəqliyyat vasitəsi gələn **********5921 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan olunan mallar ölkə ərazisinə daxil olarkən qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursunun “avtomobil nəqliyyatı” barədə çıxarışından, **********55939 və **********5921 sorğu nömrəli gömrük bəyannamələrindən görünür ki, “BRİGHTSTONE” (Şəxs) Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına gələn mallar xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuşdur. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl electron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli, 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi” Qaydalarının 13-cü bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Elektron formada təqdim olunan qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir. Elektron formada təqdim olunan qısa idxal bəyannaməsi malları gömrük ərazisinə gətirən və ya daşınmasına cavabdeh olan şəxslər, onların nümayəndələri, idxalatçı, malın alıcısı, yaxud malları gömrük rəsmiləşdirilməsi ilə əlaqədar gömrük orqanına təqdim edən şəxs tərəfindən bu məqsəd üçün gömrük orqanlarının müəyyən etdiyi rəsmi informasiya sistemləri vasitəsilə verilir. Məlumatların elektron emalı üsullarından istifadə edilməklə təqdim olunan qısa idxal bəyannaməsi mallar gömrük sərhədini keçənədək təqdim edilir. Bu hissənin müddəaları gömrük ərazisinin ərazi sularından və hava məkanından dayanmadan keçən nəqliyyat vasitələrində daşınan mallara şamil edilmir. Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 920 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə” Qaydalarının: 2.1-ci bəndinə əsasən qısa idxal bəyannaməsi əsasında malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılmasının yaşıl, mavi, sarı və qırmızı dəhliz buraxılış sistemləri mövcuddur; 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir; 3.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsi malları gömrük ərazisinə gətirən və ya onların daşınmasına cavabdeh olan şəxslər, həmin şəxslərin nümayəndələri, idxalatçı, malın alıcısı, yaxud malları gömrük rəsmiləşdirilməsi üçün gömrük orqanına təqdim edən şəxs tərəfindən göndərilə bilər; 4.1.1-ci bəndinə əsasən mallar və nəqliyyat vasitələri gömrük ərazisinə gətirilməzdən əvvəl bu Qaydaların 2.2-ci bəndində müəyyən olunmuş müddətdə gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati xata haqqında iş üzrə icraat materialında olan digər sənədlərlə sübuta yetirilmişdir ki, “BRİGHTSTONE” (Şəxs) Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı Baş Gömrük İdarəsində **********55939 və **********5921 sorğu nömrəli gömrük bəyannamələri ilə Bakı Baş Gömrük idarəsində bəyan edildiyi, lakin gələn malları Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələbinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Gömrük ərazisinə gətirilmiş həmin nəqliyyat vasitəsinə dair gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi verməməklə Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında iş üzrə icraat materialları ilə hüquqi şəxs “BRİGHTSTONE” (Şəxs) Məhdud Məsuliyyətli Cəmiyyətinin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, hüquqi şəxsin əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, “BRİGHTSTONE” (Şəxs) Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “BRİGHTSTONE” (Şəxs) Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar