Məhkəmə qərarları › İş №3(005)-2848/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-2848/2025

09.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-2848/2025 09.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, Qərarından şikayət verilən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional bölməsinin Qida təhlükəsizliyinin nümayəndəsi X2 iştirakı ilə, X5 tərəfindən verilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək üçün buraxılmış müddətin bərpa olunmasına dair ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar şikayət ərizəsi və həmin şikayətə baxılması üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayət və müddətin bərpasına dair vasatət onunla əsaslandırılmışdır ki, ona məxsus olan “TOP QAPİ” ictimai iaşə müəssisəsində 11 mart 2025-ci il tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin əməkdaşları tərəfindən yoxlama aparılmış və nəticədə bəzi kiçik nöqsanlar aşkar edilmişdir. Bununla bağlı ona rəsmi xəbərdarlıq edilmişdir. Qeyd olunan xəbərdarlıq əsasında dərhal tədbir görülmüş, aşkar edilmiş nöqsanlar yüksək səviyyədə tam şəkildə aradan qaldırılmışdır. Lakin buna baxmayaraq xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərara əsasən ona qarşı 4000 (dörd min) AZN məbləğində inzibati cərimə tətbiq edilmişdir. Lakin həmin müddətdə müəssisədə müştərilərə xidmət göstərilməmiş, yalnız nöqsanların aradan qaldırılması üçün təmir-bərpa işləri aparılmış, işçilərə isə yalnız daxili istifadə üçün yemək verilmişdir. Hesab edir ki, nöqsanların dərhal aradan qaldırılmasına və həmin dövr ərzində fəaliyyət göstərmədiyinə baxmayaraq belə yüksək məbləğdə cərimənin tətbiqi ədalətsizdir və qanunvericiliyin tələblərinə ziddir. xx.xx.2025-ci il tarixli qərar poçt vasitəsilə gec təqdim edildiyi üçün şikayət vermək üçün qanunla müəyyən olunmuş müddəti ötürmüşdür. Xahişi odur ki, vəsatəti təmin edilsin və şikayətinə baxılması mümkün hesab olunsun. Məhkəmə iclasında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin Qida təhlükəsizliyinin nümayəndəsi X3 izahatında göstərmişdir ki, bu şəxs məhkəməyə verdiyi şikayət ərizəsində göstərdiyi kimi xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar X4 ünvanına göndərilmiş və şəxs bu barədə məlumatlı olmuşdur. Belə ki, şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparıldığı ona məlum olmuşdur. Çünki xx.xx.2025-ci il tarixdə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, xx.xx.2025-ci il tarixdə isə inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında MN ******* nömrəli qərar qəbul edilmiş, hüquqpozmanın aradan qaldırılması üçün 7 gün müddət müəyyən olunmuşdur. Şəxs bu müddətdə hüquqpozmanı aradan qaldırmadan restoranın fəaliyyətini davam etdirdiyi üçün cərimənin ödənilməsi tələb edilmişdir. Buna görə də əvvəlcə məhkəməyə müraciət edilmiş, lakin müddəti ötürməklə şikayət verildiyinə görə müraciət geri qaytarılmış, onun da üzərindən uzun müddətdən keçəndən sonra müddətin bərpası barədə vəsatətlə yenidən məhkəməyə müraciət edilmişdir. Ona görə də xahiş etmişdir ki, müddətin ötürülməsi üçün heç bir üzrlü səbəb olmadığına görə vəsatət təmin edilməsin. Məhkəmə iclasının vaxtı və yeri barədə şikayət vermiş şəxs X5 lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərara əsasən, X5 Azərbaycan Respublikası İXM-in 544.2ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 4000 manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(005)-1632/2025 nömrəli qərardadından görünür ki, X5 tərəfindən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan verdiyi şikayət buraxılmış müddətin bərpasına dair vəsatət təqdim olunmadığına görə geri qaytarılmışdır. Hüquqi məsələlər, məhkəmənin hüquqi mövqeyi və gəldiyi nəticənin əsasları: Məhkəmə səalhiyyətli orqanın nümayəndəsinin çıxışını dinləyib, ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, məhkəməyə şikayət vermək üçün ötürülmüş müddətin bərpa edilməsi barədə vəsatət təmin edilməməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin tələbinə əsasən işlərə baxılmasında prosessual qənaət prinsipinə əməl olunması məqsədilə inzibati tənbeh vermə haqqında və ya digər qərarlardan şikayət verilmə müddətləri təsbit edilmişdir. Həmin müddətlər yalnız üzürlü səbəbdən buraxıldıqda ötürülmüş müddətin bərpa olunması mümkün ola bilər. Hazırkı işdə isə şikayətçi tərəfindən xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan qanunla nəzərdə tutulmuş 10 günlük müddətdən xeyli müddət keçdikdən sonra - xx.xx.2025-ci il tarixdə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. P.Dadaşov şikayət ərizəsində müddəti ötürmə səbəbini qərarın ona gec təqdim olunması ilə əsaslandırsa da, o, məhkəməyə qeyd olunan faktı təsdiq edəcək heç bir dəlil təqdim etməmişdir. Əksinə görünür ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayəti geri qaytarıldıqdan uzun müddət sonra məhkəməyə müraciət etmiş, bu halın da üzürlü olmasını hər hansı sübutla təsdiq edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 130.1-ci həmin Məcəllənin 126.1-ci və 127-4.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 130.2-ci maddəsinə əsasən həmin Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. 138.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qanuni qüvvəyə minir. Göründüyü kimi şikayət vermiş X1 orqan tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərarı qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddəti ötürməklə, yəni xx.xx.2025-ci il tarixdə şikayət ərizəsi ilə müraciət edərək məhkəmədə mübahisələndirmiş, həmçinin şikayət verilməsi üçün müddəti heç bir üzrlü səbəb olmadan ötürmüş, bununla bağlı tutarlı və əsaslı dəlil göstərə bilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan şikayət verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair X4 vəsatəti təmin edilməsin. Qərardadın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar