Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2849/2025 11.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamal Babayev Yunis oğlunun sədrliyi Məhkəmə iclas katibi X4 Etibar qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsinin polis sahə inspektoru X5, Bakı Şəhər DYPİ Yol Patrul Xidmətinin baş inspektoru X1, Müdafiəçi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1999-cu il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, ali təhsilli, subay, kuryer, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.3, 329.2 və 511.1.3-cü maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsindən və Bakı şəhər DYPİ-dən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsinin polis sahə inspektoru X8 tərəfindən Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 11 avqust 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. 11 avqust 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 10 radələrində polisin qanuni tələbinə tabe olmamışdır. Nəticədə Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bundan əlavə, Bakı şəhər DYPİ tərəfindən Şəxs barəsində İXP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İXP seriyalı ******* nömrəli protokoldan görünür ki, vətəndaş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.3, 329.2 və 511.1.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, protokoldan görünür ki, Şəxs dəbilqə taxmadan istifadəsində olan motosiklet ilə təhlükəli manevrlər edərək, svetoforun qadağanedici işarəsi verilərkən hərəkət etmiş, motosikleti qəsdən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına səbəb olan hərəkətlər etməklə avtoxuliqanlıq etmişdir. Barəsində inzibati icraat aparılan Şəxs müxtəlif tarixdə törətdiyi bir neçə inzibati xəta ilə bağlı ayrı-ayrı inzibati materiallar xx.xx.2025-ci il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmə İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, inzibati işlərin bir icraatda birləşdirilərək baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsinin polis sahə inspektoru X8 protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etdi. Qeyd etdi ki, hadisə günü Şəxs DYPİ əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq, hərəkəti davam etdirmiş, dayanmadan yol hərəkəti qaydalarını mütəmadi pozmuşdur. Sonda polis əməkdaşlarının müdaxiləsi nəticəsində bu hərəkətlərinin qarşısı alınmışdır. Bununla da, İXM-nin 535-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş orqanın nümayəndəsi Bakı Şəhər DYPİ Yol Patrul Xidmətinin baş inspektoru X2 izahat verərək göstərmişdir ki, Şəxs hadisə günü dəbilqə olmadan nəqliyyat vasitəsini idarə etməsi səbəbindən polis əməkdaşları tərəfindən saxla əmri verilmiş, lakin nəqliyyat vasitəsini saxlamayaraq, dəfələrlə svetoforun qırmızı işığında hərəkəti davam etdirmiş, digər nəqliyyat vasitələrinin hərəkəti üçün təhlükə yaratmış, digər yol hərəkəti qaydalarını pozmuş, dəfələrlə nəqliyyat vasitəsini anidən sürətləndirməklə səslərin çıxarılmasına səbəb olan hərəkətlər törədərək avtoxuliqanlıq etmişdir. Sonda onun arxası ilə 4 patrul maşını təqibə başlamış və birgə əməkdaşlıq nəticəsində onu saxlayaraq polis bölməsinə aparmışlar. Qeyd olunanları nəzərə alaraq, ən sərt formada cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək, izahatında göstərmişdir ki, hadisə günü nəqliyyat vasitəsini idarə edərkən dəbilqə taxmamış və polisin saxla əmrinə tabe olmamışdır. Lakin, buna səbəb avtoxuliqanlıq etmək niyyəti yox, üzərində 10 cərimə balı olması səbəbindən nəqliyyat vasitəsinin duracağa gedə biləcəyi ehtimalı olmuşdur. Belə ki, kuryer işlədiyi üçün tək dolanışığı buradan çıxır və başqa əlacı qalmamışdır. Polis əməkdaşları onun arxası ilə gələn zaman o, geriyə dönərək onlara qorxduğunu demişdir və arxası ilə gəlməmələrini xahiş etmişdir. Lakin, polis əməkdaşları onu sıxışdırmışdır. Banka 6000 manat borcu olduğunu, sürücülük hüququnun məhdudlaşdırılmasından qorxduğunu bildirmişdir. Bu səbəbdən də barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş BBPİ-nin DYPİ-nə tabe olan YPX Alayının yol-patrul xidməti inspektoru X3 bildirdi ki, hadisə günü Şəxs saxla əmrini verən o olmuşdur. Buna səbəb sonuncunun dəbilqə taxmaması olmuşdur. Lakin, sonuncu saxla əmrinə tabe olmamış və təhlükəli manevrlər edərək digər sürücülərə təhlükə yaratmışdır. Daha sonra rəhbərlik ilə əlaqə saxlamış və nəqliyyat vasitəsini izləməyə almışlar. Şəxsı saxlamaq üçün bir neçə polis avtomobili birlikdə hərəkət etmişdir. Lakin, onu saxlamaq mümkün olmamışdır. Dəstək gəldikdən sonra isə Fidanı sıxışdıraraq saxlamağa mümkün olmuşlar. Fidan hərəkətdə olan zaman bir çox təhlükəli manevrlər etmişdir və ümumilikdə 15 km-dən artıq hərəkət etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 11 avqust 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 10 radələrində polis qanuni tələbinə tabe olmamışdır. Nəticədə Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* nömrəli, inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2,327.3,329.2 və 511.1.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. “İnzibati qaydada tutma haqqında” xx.xx.2025-ci il tarixli, AZA seriyalı 004393 nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 10:02-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan 01 ədəd DVD-R formatlı diskə baxış zamanı müəyyən edilmişdir ki, təqdim edilmiş videogörüntülərdə aşkar surətdə “Bajaj Pulsar RS 200” markalı motosiklin sürücüsünün müxtəlif küçə və prospektlərdə ziq-zaq formalı hərəkətlər edərək, manevr etmə qaydalarını pozmuş, nəqliyyat vasitəsini qəsdən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına səbəb olan hərəkətlər etməklə avtoxuliqanlıq etmiş və polisin saxla əmrinə tabe olmamış, habelə dəbilqədən istifadə etməmişdir. Hüquqi məsələlər İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən, inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, (............) 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. 53-cü maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir 511.1.3-cü maddəsinə əsasən, avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə - nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, inzibati xəta haqqında iş üzrə toplanmış materialları, o cümlədən inzibati xəta haqqında protokolları, şahid izahatlarını, işə əlavə edilmiş videogörüntüləri, habelə tərəflərin verdiyi izahatları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinin tələblərinə uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiq edərək, öz daxili inamı ilə qiymətləndirərək hesab edir ki, Şəxs əməlində İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin mövcudluğu sübuta yetirildiyi halda, İXM-nin 535.1ci maddəsi ilə ona təqsir olunan əməlin tərkibi mövcud deyildir. İXM-nin 327.2, 327.3 və 329.2-ci maddələri ilə nəzərdə tutulan xətalar üzrə məsuliyyət məsələsinin həlli isə məhkəmənin səlahiyyətlərinə aid deyildir. İXM-nin 511.1.3-cü maddəsi (Avtoxuliqanlıq) üzrə: İXM-nin 511.1-ci maddəsi avtoxuliqanlığa izah verərək, onu mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər kimi müəyyən edir. Avtoxuliqanlıq inzibati xətasının obyekti həm ictimai qayda və əhalinin dincliyi, həm də yol hərəkətinin təhlükəsizliyidir. Məhkəməyə təqdim edilmiş və tədqiq olunmuş videogörüntülər, habelə polis əməkdaşlarının izahatları və Şəxs qismən etirafedici izahatı ilə təkzibedilməz şəkildə sübuta yetirilmişdir ki, o, idarə etdiyi motosikletlə uzun məsafə (15 km-dən artıq) boyunca yol hərəkətinin digər iştirakçıları üçün real təhlükə yaradan, nümayişkaranə və qərəzli hərəkətlərə yol vermişdir. Bu hərəkətlər, o cümlədən svetoforun qadağanedici işarələrinə dəfələrlə məhəl qoymamaq, digər nəqliyyat vasitələrinin arasında təhlükəli manevrlər etmək, qoşa xəttin tələbini pozaraq geriyə dönmək və nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə təkərlərin sürtünmə səsini çıxarmaqda ifadə olunmuşdur. Bu hərəkətlərin məcmusu İXM-nin 511.1.3-cü maddəsinin dispozisiyasında göstərilən "avtoxuliqanlıq" anlayışının bütün tərkib elementlərini tam əhatə edir. Onun hərəkətləri təcrid olunmuş bir qayda pozuntusu deyil, bir-birini izləyən, sistemli və davamlı xarakter daşıyan pozuntular silsiləsindən ibarət olmuşdur. İXM-nin 511.1.3-cü maddəsi konkret olaraq nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasını avtoxuliqanlığın bir forması kimi müəyyən edir. Videogörüntülər və şahid izahatları bu hərəkətlərin Şəxs tərəfindən dəfələrlə törədildiyini təsdiq edir. Subyektiv cəhətdən əməl birbaşa qəsdlə törədilmişdir. Barəsində icraat aparılan şəxs və onun müdafiəçisi tərəfindən irəli sürülən dəlil – onun hərəkətlərinin məqsədinin avtoxuliqanlıq etmək olmaması, mövcud 10 cərimə balına görə sürücülük hüququnun məhdudlaşdırılmasından yayınmaq olması ilə bağlı mövqeyinə məhkəmə tərəfindən tənqidi yanaşılır və onun təqsirini istisna edən hal kimi deyil, əksinə, onun təqsirinin qəsd formasında olduğunu bir daha təsdiq edən sübut kimi qiymətləndirilir. Hüquq nəzəriyyəsində subyektiv cəhətin elementləri olan əməlin motivi ilə onun niyyəti fərqli anlayışlardır. Mümkün halda Şəxs motivi cəzadan yayınmaq ola bilər, lakin polisdən qaçmaq üçün yol hərəkəti qaydalarını davamlı, qərəzli və nümayişkaranə şəkildə pozması məhz avtoxuliqanlıq əməlinin törədilməsinə yönəlmiş birbaşa qəsdi (dolus directus) sübut edir. O, öz hərəkətlərinin ictimai təhlükəli xarakterini tam dərk etmiş, bu hərəkətlərin nəticələrini arzulamış və məqsədinə çatmaq üçün şüurlu şəkildə bu yola əl atmışdır. Bu, əməlin təqsirli olduğunu sübut edir və onun məsuliyyətini istisna etmir. İXM-nin 535.1-ci maddəsi (Polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) üzrə: Məhkəmə müəyyən edir ki, Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol hüquqi cəhətdən əsaslı deyil. Belə ki, hüquq tətbiqetmə təcrübəsində ümumi və xüsusi normaların rəqabəti zamanı lex specialis derogat legi generali (xüsusi qanun ümumi qanunu üstələyir) prinsipi tətbiq olunmalıdır. İXM-nin 535.1-ci maddəsi ictimai qaydanın mühafizəsini həyata keçirən istənilən polis əməkdaşının qanuni tələbinə tabe olmamağı nəzərdə tutan ümumi normadır. Lakin İXMnin 327.3-cü maddəsi məhz yol hərəkəti sahəsində, müvafiq icra hakimiyyəti orqanı əməkdaşının (yol polisi əməkdaşının) nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə məsuliyyət müəyyən edən xüsusi (specialis) normadır. Hazırkı işdə hadisənin başlanğıc səbəbi DYPİ əməkdaşının yol hərəkəti qaydalarının (dəbilqə taxmama) pozulması ilə əlaqədar verdiyi “saxla” əmri olmuşdur. Şəxs bu əmrə tabe olmaması hərəkəti tam olaraq İXM-nin 327.3-cü maddəsinin tərkibi ilə əhatə olunur. Qanunvericilik texnikası baxımından, eyni əməl həm ümumi, həm də xüsusi norma ilə tənzimləndikdə, yalnız xüsusi norma tətbiq edilməlidir. Bu inzibati xətanın obyektiv cəhəti, şəxsin polis işçisinin ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən irəli sürdüyü qanuni tələblərə qəsdən və aktiv şəkildə tabe olmamasında ifadə olunur. Tabe olmama, məsələn, fiziki müqavimət göstərməkdə, əmrləri icra etməkdən açıq şəkildə imtina etməkdə özünü göstərməlidir. Videogörüntülərdən də aydın olur ki, nəqliyyat vasitəsi dayandırıldıqdan sonra Şəxs tərəfindən polis əməkdaşlarına qarşı hər hansı yeni, müstəqil tabesizlik hərəkətinə (məsələn, sənədləri təqdim etməkdən imtina, xidməti avtomobilə əyləşməkdən boyun qaçırma, fiziki müqavimət və s.) yol verilməmişdir. Belə olan halda, onun əməlində İXM-nin 535.1-ci maddəsinin müstəqil tərkibinin olması sübuta yetirilmir. İXM-in 8.3-cü maddəsinə əsasən, yaranmış şübhələr şəxsin xeyrinə həll edilməlidir. Bu səbəbdən, onun hərəkətlərinə İXMnin 535.1-ci maddəsi ilə hüquqi qiymət verilməsi yanlışdır və bu maddə üzrə onun əməlində inzibati xəta tərkibi mövcud deyildir. Buna görə də həmin hissədə iş üzrə icraata xitam verilməlidir. İXM-nin 327.2, 327.3 və 329.2-ci maddələri üzrə: Şəxs İXM-nin 329.2, 327.2 və 327.3-cü maddələri tənbeh edilməsinə münasibətdə məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda qeyd edən tələblərindən göründüyü kimi şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xətanı törətdikdə əgər bu xətalar eyni orqanın səlahiyyətinə aiddirsə, ona daha ciddi inzibati tənbeh tətbiq edilə bilər. İXM-nin 329.2, 327.2 və 327.3-cü maddələri ilə inzibati tənbeh tətbiq etmə səlahiyyəti rayon (şəhər) məhkəmələrinin deyil, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aiddir. Belə olan halda, məhkəmə tərəfindən Şəxs İXM-nin 329.2, 327.2 və 327.3-cü maddələri ilə inzibati tənbeh tətbiq edilməsi istisna edilir. Məhkəmə, inzibati tənbeh tədbiri təyin edərkən, İXM-in 31-ci maddəsinin tələblərini rəhbər tutur. Şəxs törətdiyi avtoxuliqanlıq əməli yüksək ictimai təhlükəlilik dərəcəsi ilə səciyyələnir. O, öz hərəkətləri ilə təkcə öz həyatını deyil, həm də çoxsaylı digər yol hərəkəti iştirakçılarının həyat və sağlamlığını real təhlükə altına qoymuşdur. Bu cür davranış ictimai qaydaya və təhlükəsizliyə qarşı açıq bir meydan oxumaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz presedent hüququnda dəfələrlə vurğulamışdır ki, yaşamaq hüququ (Konvensiyanın 2-ci maddəsi) dövlətin üzərinə təkcə insanları qəsdən həyatdan məhrum etməmək kimi neqativ öhdəlik deyil, həm də vətəndaşların həyatını qanunsuz təhdidlərdən qorumaq üçün lazımi preventiv tədbirlər görmək kimi pozitiv öhdəlik qoyur. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtoxuliqanlıq kimi təhlükəli əməllərə qarşı sərt və qaçılmaz məsuliyyət tədbirlərinin tətbiqi bu pozitiv öhdəliyin bir hissəsidir. İnzibati tənbeh növünü və həddini seçərkən məhkəmə, İXM-in 21-ci və 31-ci maddələrini rəhbər tutur. Şəxs törətdiyi avtoxuliqanlıq əməli müstəsna dərəcədə yüksək ictimai təhlükəlilik daşıyır. Bu cür davranış təkcə formal qayda pozuntusu deyil, həm də ictimai asayişə və təhlükəsizliyə birbaşa təhdiddir. Məhkəmə, Şəxs səmimi peşmançılığını və maddi vəziyyətini yüngülləşdirici hal kimi nəzərə alsa da, törədilmiş əməlin həddən artıq yüksək ictimai təhlükəliliyi, onun nümayişkaranə və davamlı xarakter daşıması fonunda cərimə tənbehinin tətbiqini qeyriadekvat və qeyri-mütənasib hesab edir. Belə bir halda yalnız cərimənin tətbiqi İXM-nin 21ci maddəsində nəzərdə tutulan tənbehin tərbiyəvi və preventiv (xəbərdaredici) məqsədlərinə nail olmağa imkan verməzdi. Məhz inzibati həbs kimi ultima ratio (son çarə) tədbiri və nəqliyyat vasitəsini idarəetmə hüququnun məhdudlaşdırılması kimi əlavə tənbeh, törədilmiş əməlin ciddiliyinə uyğundur və gələcəkdə bu kimi hüquq pozuntularının qarşısının alınmasına xidmət edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən, ağırlaşdıran halların müəyyən edilməməsini qeyd edib, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməli, İXM-nin 329.2, 327.2 və 327.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsinə göndərilməli, Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə təqsirli bilinməli və sonuncuya 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla inzibati həbs tənbeh növünün tətbiq edilməli, həbsetmənin əvvəlinin 10 avqust 2025-ci il tarixdən, saat 10:02-dən hesablanması məqsədəmüvafiqdir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 10 avqust 2025-ci il tarixdən, saat 10:02-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Şəxs əməlində inzibati xəta tərkibi aşkar edilmədiyindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Şəxs İXM-nin 329.2, 327.2 və 327.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamal Babayev
Məhkəmə qərarları › İş №3(005)-2849/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2849/2025
11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver