Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-2853/2025 05.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «X1» X5 nümayəndəsi X2, Zərərçəkmiş şəxs iştirakları ilə, «X1» X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Nizami rayon icra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru Nümayəndə tərəfindən «X1» X4 barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, «X1» X7 tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra sənədi icra olunmur. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə işin aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhər Nizami Rayon Məhkəməsi qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2021-ci il tarixli qərarının 2-ci bəndinə istinad etmişdir. Həmin qərara əsasən, müvafiq gömrük qaydaları əleyhinə olan inzibati xəta hərəkətsizlik formasında törədildiyi halda, işə qanunvericiliklə hüquqi şəxsin üzərinə düşən öhdəliyi icra etməli olduğu yer üzrə baxılmalıdır. Nizami Rayon Məhkəməsi hüquqi şəxsin hüquqi ünvanının Nərimanov rayon ərazisində yerləşməsini əsas gətirərək, hərəkətsizliklə törədilən inzibati xətanın Nərimanov rayonu ərazisində başa çatdığı qənaətinə gəlmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «X1» X5 nümayəndəsi X3 çıxış edərək bildirmişdir ki, hüquqi şəxs hazırda Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 13A ünvanında, Əmlak Məsələləri Dövlət Komitəsinin hüquqi ünvanında fəaliyyət göstərir. Məhkəmə qətnaməsində qeyd olunan Baş İdarədə həmin ünvanda yerləşir. Belə ki, hüquqi şəxsin sözügedən ünvandan başqa hüquqi ünvanı yoxdur. Qeydiyyat ünvanı kimi vaxtilə Nərimanov rayon ərazisində qeydiyyatdan keçsələr də, Əmlak Məsələləri Dövlət Xidməti İqtisadiyyat Nazirliyinin tabeçiliyinə verildikdən sonra həmin ünvana köçmüşlər və həmin tarixdən də bu ünvanda fəaliyyət göstərirlər. Bu səbəbdən işin aidiyyətinin Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsinə etirazlarının omladığını düşünürlər. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs çıxış edərək bildirmişdir ki, o, işinə bərpa olmaq istəyir. Ərazi aidiyyəti ilə bağlı mübahisənin həlli məsələsini məhkəmənin mülahizəsinə buraxır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli, 3-21-3-03/251/2025 nömrəli məktubundan göründüyü kimi «X1» X4 hüquqi ünvanı ünvan 5 Nizami rayonu, Heydər Əliyev prospekti 139 ünvanında yerləşən Əmlak Məsələləri Dövlət Xidmətinə məxsus inzibati binada fəaliyyət göstərir. Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2114/2023 saylı, 11 avqust 2023-cü il tarixli icra vərəqəsindən görünür ki, icra vərəqəsində borclu kimi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qeyd edilmiş və hüquqi ünvan kimi Bakı şəhər, H.Əliyev prospekti 139 olaraq qeyd edilmişdir. İcraata başlamaq haqqında qərardan və bildirişlərdən, xəbərdarlıqdan görünür ki, icra sənədi hazırda Bakı şəhər Nizami rayon İcra və Probasiya şöbəsinin icraatındadır. Elektron vergi sistemindən edilmiş çıxarışlardan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin hüquqi ünvanı Bakı şəhər Nizami rayonu H.Əliyev prospekti 139, X1 PHŞ-nin hüquqi ünvanı isə ünvan 10 məsələlər: Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair 17 mart 2021-ci il tarixli qərarından müəyyən edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərinə müvafiq olaraq gömrük qaydaları əleyhinə olan inzibati xəta hərəkətsizlik formasında törədildiyi halda, işə qanunvericiliklə hüquqi şəxsin üzərinə düşən öhdəliyi icra etməli olduğu yer üzrə baxılmalıdır. İcra haqqında qanunun: Borclu hüquqi şəxsdirsə, icra hərəkətləri onun olduğu yerdə və ya əmlakının olduğu yerdə həyata keçirilir. Mülki Məcəllənin: Hüquqi şəxsin daimi fəaliyyət göstərən orqanının, siyasi partiyanın qərargahının yerləşdiyi yer hüquqi şəxsin olduğu yer sayılır. Məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, təqdim olunmuş materialları hərtərəfli və tam araşdıraraq, tərəflərin mövqelərini dinləyərək, işin ərazi aidiyyətinin müəyyən edilməsi məsələsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə formalaşmış mövqe ilə razılaşmır və hesab edir ki, sözügedən inzibati xəta haqqında materiallara baxılması bu məhkəmənin yurisdiksiyasına aid olmamaqla, Bakı şəhər Nizami Rayon Məhkəməsinə aiddir. Bundan əlavə, məhkəmə ilkin olaraq inzibati xəta haqqında protokolun icraata qəbul edilməsinin hüquqi əsaslarının özünün fundamental qüsurlu olması məsələsinə diqqət yetirməyi zəruri hesab edir. Prosessual subyektin düzgün müəyyən edilməməsi: Məhkəmə ilk növbədə qeyd etməyi vacib bilir ki, inzibati məsuliyyətə cəlbetmənin qanuniliyi təkcə əməlin maddi hüquq normalarına uyğunluğundan deyil, həm də icraatın bütün mərhələlərində prosessual qaydalara ciddi riayət edilməsindən asılıdır. Təqdim edilmiş iş materiallarından görünür ki, inzibati məsuliyyətə cəlbetmənin əsasını təşkil edən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2114/2023 saylı, 11 avqust 2023cü il tarixli icra vərəqəsində borclu (cavabdeh) tərəf kimi “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti” göstərilmişdir. Lakin Bakı şəhəri Nizami rayon icra şöbəsinin xx.xx.2025-ci il tarixli protokolu isə tamamilə fərqli bir hüquqi şəxs, “X1” X7 barəsində tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkib elementinin mühüm hissəsi, məhkəmə qərarının icrası ilə bağlı öhdəliyi olan şəxsin icra məmurunun qanuni tələblərini yerinə yetirməməsidir. Hüquqi şəxslər mülki hüququn müstəqil subyektləri olaraq öz öhdəliklərinə görə özləri məsuliyyət daşıyırlar. "X1" PHŞ-nin "Əmlak Məsələləri Dövlət Xidməti"nin tabeliyində olması, onları eyni hüquqi subyekt etmir və birinin öhdəliyinə görə digərinin inzibati məsuliyyətə cəlb edilməsinə əsas yaratmır. Belə olan halda, icra sənədində borclu olmayan bir şəxs barəsində həmin icra sənədinin icra edilməməsinə görə protokol tərtib edilməsi, inzibati xəta tərkibinin subyekti olmaması səbəbindən icraatın başlanmasını istisna edən hal kimi qiymətləndirilməli idi. Məhkəmə aidiyyəti məsələsinin təhlili: Yuxarıda qeyd edilən fundamental qüsura baxmayaraq, məhkəmələr arasında yaranmış aidiyyət mübahisəsinin həlli üçün məsələnin bu tərəfinə də hüquqi qiymət verilməsi zəruridir. İXM-nin 110.1-ci maddəsi inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılmasını imperativ qayda kimi müəyyən edir. Hazırkı işdəki xəta, məhkəmə qərarının icra edilməməsi ilə ifadə olunan bir hərəkətsizlikdir. Hərəkətsizliklə törədilən xətaların törədildiyi yerin müəyyən edilməsi xüsusi hüquqi təfsir tələb edir. Bu məsələyə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2021-ci il tarixli Qərarında aydınlıq gətirilmişdir. Həmin qərara görə, hərəkətsizlik formasında törədilən inzibati xətaya dair işə qanunvericiliklə hüquqi şəxsin üzərinə düşən öhdəliyi icra etməli olduğu yer üzrə baxılmalıdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsi, hüquqi şəxsin hüquqi ünvanının Nərimanov rayonunda yerləşməsini əsas gətirərək, öhdəliyin də məhz orada icra edilməli olduğu nəticəsinə gəlmişdir. Bu, qanunun formalist və məhdudlaşdırıcı təfsiridir. Belə yanaşma öhdəliyin faktiki mahiyyətini və Mülki Məcəllənin hüquqi şəxsin ünvanı ilə bağlı müddəasının ruhunu nəzərə almır. Belə ki, Mülki Məcəllənin 47.3-cü maddəsinə görə, hüquqi şəxsin ünvanı onun daimi fəaliyyət göstərən orqanının olduğu yerə görə müəyyən edilir. İş materialları, o cümlədən Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli məktubu və hüquqi şəxsin nümayəndəsinin izahatı birmənalı şəkildə təsdiq edir ki, "X1" PHŞ-nin daimi fəaliyyət göstərən orqanı, rəhbərliyi və bütün strukturları faktiki olaraq Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 139 ünvanında yerləşir. İşçinin işə bərpası ilə bağlı məhkəmə qərarının icrası, mücərrəd bir hüquqi hərəkət deyil, işə bərpa haqqında əmrin verilməsi, iş yerinin təmin edilməsi və əmək funksiyalarının icrasına şərait yaradılması kimi real, fiziki hərəkətlər toplusudur. Bu hərəkətlər hüquqi şəxsin formal qeydiyyatda olduğu ünvanda deyil, onun faktiki fəaliyyət göstərdiyi və idarəetmə mərkəzinin yerləşdiyi ünvanda icra edilməlidir. Məhz bu səbəbdən də icra hərəkətləri Bakı şəhəri Nizami Rayon İcra Şöbəsi tərəfindən aparılır. Habelə, sözügedən vəzifə də həmin ünvanda yerləşən Baş idarədə təsis edilmişdir. Təsadüfi deyildir ki, İnzibati Xətalar Məcəlləsinə edilmiş sonuncu dəyişikliklərdə tərtib edilmiş protokollarda hüquqi şəxsin hüquqi və faktiki ünvanlarının fərqləndirilməsi zərurəti qanunvericinin diqqətindən kənarda qalmamışdır. Beləliklə, Konstitusiya Məhkəməsinin mövqeyinin düzgün təfsiri göstərir ki, öhdəliyin icra edilməli olduğu yer Nizami rayonudur və deməli, hərəkətsizliklə törədilən bu inzibati xətanın törədildiyi yer də Nizami rayonu hesab edilməlidir. Qanunvericilik məhkəmə aidiyyəti qaydalarının pozulmasının yolverilməzliyini təsbit edir və hər kəsin işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququna təminat verir. Məhkəmələr arasında aidiyyətə dair fikir ayrılığı yarandıqda, işin bir məhkəmədən digərinə göndərilməsi ilə süründürməçiliyin qarşısını almaq üçün qanunvericilik müvafiq mexanizm nəzərdə tutmuşdur. İnzibati xətalar qanunvericiliyində bu prosedur birbaşa tənzimlənməsə də, cinayət-prosessual qanunvericiliyin analogiyasına (analogia legis) əsasən, belə mübahisələr aidiyyəti yuxarı instansiya məhkəməsi tərəfindən həll edilməlidir. Məhkəmə hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi işin aidiyyəti ilə bağlı düzgün olmayan nəticəyə gələrək onu Nərimanov Rayon Məhkəməsinə göndərməklə prosessual səhvə yol vermişdir. Bu məhkəmə isə öz növbəsində həmin səhvi davam etdirərək işi yenidən Nizami Rayon Məhkəməsinə qaytara bilməz. Belə olan halda yeganə qanuni çıxış yolu, yaranmış aidiyyət mübahisəsinin həlli üçün işin materiallarını Bakı Apellyasiya Məhkəməsinə göndərməkdir. Göründüyü kimi hazırkı işlə bağlı məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığı yaranır və bu fikir ayrılığından yaranan mübahisə Bakı Apellyasiya Məhkəməsi tərəfindən həll edilməlidir. Yuxarıda göstərilənləri rəhbər tutaraq, QƏRARA ALDİ: «X1» X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Nizami rayon icra şöbəsindən daxil olmuş inzibati xəta haqqında material ilə əlaqədar məhkəmələr arasında aidiyyətlə bağlı yaranmış fikir ayrılığının həlli üçün inzibati xəta haqqında iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: Kamal Babayev
Məhkəmə qərarları › İş №3(005)-2853/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-2853/2025
05.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver