Məhkəmə qərarları › İş №3(005)-2858/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2858/2020

19.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2858/2020 19.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 485.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 00100-2319/20 nömrəli, xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs ünvanına Türkiyə Respublikasından AK77861/A1873E1 nəqliyyat vasitəsi ilə daxil olmuş yüklər **********3682 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə tərtib edilərək gömrük orqanına bəyan edilmişdir. **********3682 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi və digər sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, Şəxs ünvanına AK77861/A1873E1 nömrəli nəqliyyat vasitəsi ilə daxil olmuş yüklərə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhədini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Belə ki, gömrük orqanına təqdim edilən **********3682 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsinin 40-cı qrafasında AK77861/A1873E1 nömrəli nəqliyyat vasitəsi ilə daxil olmuş yüklərə dair sərhəd gömrük orqanına təqdim edilməli olan qısa idxal bəyannaməsinin nömrəsi qeyd olunmamışdır. Araşdırma zamanı Şəxs ünvanına AK77861/A1873E1 nömrəli nəqliyyat vasitəsi ilə göndərilmiş malların Azərbaycan Respublikasının gömrük ərazisinə xx.xx.2020-ci il tarixdə Şimal Ərazi Baş Gömrük İdarəsi “Samur” gömrük postundan keçməklə gətirildiyi, ancaq gətirilən mallara dair əvvəlcədən gömrük orqanlarına elektron qaydada qısa idxal bəyannaməsi verilmədiyi məlum olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə, qeyd olunan şəxslərin (nümayəndələrinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli raportdan görünür ki, Şəxs ünvanına AK77861/A1873E1 nömrəli nəqliyyatla daxil olmuş yüklər **********3682 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş, lakin idxalatçı tərəfindən gətirilən mallar və nəqliyyat vasitəsi gömrük ərazisinə daxil olmamışdan əvvəl qısa idxal bəyannaməsi təqdim edilmədiyi üçün **********3682 sorğu nömrəli bəyannamənin 40-cı qrafasında qeyd edilməmişdir. “X1 Sistemi informasiya resursuna baxış keçirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Şəxs ünvanına AK77861/A1873E1 nömrəli nəqliyyat vasitəsi ilə göndərilmiş mallar Azərbaycan Respublikasının gömrük ərazisinə xx.xx.2020-ci il tarixdə Şimal Ərazi Baş Gömrük İdarəsi “Samur” gömrük postundan keçməklə gətirilmiş, ancaq gətirilən mallara dair əvvəlcədən gömrük orqanlarına elektron qaydada qısa idxal bəyannaməsi verilməmişdir; Şəxs nümayəndəsi X2 izahatında nümayəndəsi olduğu Şəxs ünvanına AK77861/A1873E1 nömrəli nəqliyyat vasitəsi ilə daxil olmuş yüklər barədə daşıyıcı şirkət tərəfindən qabaqcadan məlumat verilmədiyinə görə qısa idxal bəyannaməsini təqdim etmədiklərini bildirmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs adına AK77861/A1873E1 nömrə nişanlı nəqliyyat vasitələri ilə daxil olmuş yüklər xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl həmin mallara dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhədini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət olunmamış, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, İXM-lə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. İXM-in 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Göründüyü kimi, Qanunla bəyannaməçi tərəfindən mallar gömrük ərazisinə gətirilməzdən əvvəl (fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla) gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilməsi məcburi hal kimi müəyyən edilmişdir ki, bu tələbin yerinə yetirilməməsinə görə də inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarından göründüyü kimi Şəxs tərəfindən bu tələb pozulmuşdur. İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası hədləri daxilində müəyyən məbləğdə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar