Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2878/2020 24.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 barəsində İXP ******* saylı, xx xxxxxxx 2020-cı il tarixli tərtib edilmiş protokolun və xx xxxxxx 2020-ci il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 barəsində İXP ******* saylı, xx xxxxxxx 2020-cı il tarixli tərtib edilmiş protokolun və xx xxxxxx 2020-ci il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx xxxxxxx 2020-ci il tarixdə 20 yanvar dairəsində işlədiyi “xxxx” QSC-yə məxsus KİA Cerato markalı minik avtomobili ilə hərəkət edərkən təxminən saat 15:00 radələrində guya qırmızı işıqdan keçdiyi üçün YPX əməkdaşı onu saxlamağa çalışmışdır. Polis əməkdaşının onu saxlamağa çalışdığı yer avtomobilin saxlanılması üçün qadağan edildiyi yol olmuşdur. Əgər o, avtomobili saxlasaydı digər avtomobillərin fəaliyyətinə mane olacaqmış. Buna görə də, avtomobil onun tərəfindən saxlanılmamışdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin qarşısında avtomobili saxlayaraq əgər yol hərəkət qaydasını pozmuşdursa protokolu ünvanına göndərməsini bildirmişdir. Bundan başqa əməkdaşlar tərəfindən saxlanılmağa çalışarkən işlə bağlı ezam olunduğu ərazidən qayıdarkən işğal olunmuş torpaqların azad olunması uğurunda mübarizə aparan rəşadətli ordumuzun əsgərlərinə yardım payı verməkdən gəlirmiş. Buna görə də yorğun olduğunu, lazım olan protokolu yazıb göndərmələrini və onu qadağan olunmuş yolda maşın saxlamağa məcbur etməmələrini bildirmişdir. Buna görə ona İXM-nin 332.1, 327.2 və 327.3-cü maddələrinə əsasən 80 manat məbləğində cərimə yazılması qanunvericiliyin kobud surətdə pozulmasına gətirib çıxarmışdır. Avtomobilin saxlanılmasının qadağan olunduğu yolda onun qanuna uyğun olaraq avtomobili saxlamamağı əmrə tabe olmamağı deyildir. Əksinə polis əməkdaşının bunu tələb etməsi qanun pozuntusudur. Göründüyü kimi tərəfindən əmrə tabe olmama kimi inzibati xəta törədilməmişdir. Bundan əlavə o, qırmızı işıqdan keçməmişdir. Yaşıl işıq yanıb sönən zaman xəttin üzərində olduğu üçün avtomobili saxlaya bilməzdi, buna görə də, 327.2-ci maddə ilə cərimə yazılması qanunsuzdur. Bundan başqa o, avtomobili xx xxxxxx 2020-ci il tarixli etibarnamə əsasında idarə edir. İddia ərizəsinə əlavə olunmuş etibarnamənin surəti ilə də avtomobili etibarnamə əsasında idarə etdiyi bir daha sübut edilir. xx.xx.2020-ci il tarixdə şikayət vermiş şəxs X3 şikayət ərizəsinə əlavə verərək İXP ******* saylı xx xxxxxxx 2020-cı il tarixli tərtib edilmiş protokolun və xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X3 şikayətin məzmununa uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş Bakı şəhəri BPİ-nin Dövlət X7 nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında qərarı qəbul etmiş Bakı şəhəri BPİ-nin Dövlət X7 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri BPİ-nin Dövlət X7 YPX baş inspektoru X6 tərəfindən tərtib edilmiş İXP seriyalı ******* saylı, xx.xx.2020-ci il tarixli “İnzibati xəta haqqında” Protokoldan görünür ki, X3 tərəfindən xx.xx.2020-ci tarixdə, saat 16:12-də Azərbaycan Respublikası İXM-nin 332.1, 327.2 və 327.3-cü maddələrində nəzərdə tutulan inzibati xətalar törədilmişdir. İş materiallarında olan Bakı şəhəri BPİ-nin Dövlət X7 əməkdaşı X4 tərəfindən qəbul edilmiş TP seriyalı ******* saylı, xx xxxxxx 2020-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” Qərardan görünür ki, X1 barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli, İXP seriyalı ******* saylı protokola və inzibati xəta haqqında işin digər materiallarına baxılaraq, X1 Azərbaycan Respublikası İXM-nin 332.1, 327.2 və 327.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 80 manat məbləğində cərimə tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. İş materiallarında olan “xxxx” QSC tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, TQ- 104 nömrəli Etibarnamənin surətindən görünür ki, “xxxx” QSC-yə məxsus olan “Kia Cerato” markalı, **-AV-*** nömrəli qeydiyyat nişanlı avtomobilin idarə olunması X2 etibar edilmişdir. İş materiallarında olan portaldan çıxarışdan görünür ki, İXP seriyalı ******* nömrəli protokol üzrə cərimə mövcud deyil. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X1 barəsində inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - altmış manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsinə əsasən dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına, yaxud müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə - qırx manat məbləğində cərimə edilir. Qanunvericiliyin məzmunundan göründüyü kimi İXM-nin 327.2, 327.3 və 332.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın hər hansı sübutlar təqdim edilmədən araşdırılması mümkün deyildir. Məhkəmə iclasında təqdim edilən sübutlar isə X3 tərəfindən İXM-nin 327.2, 327.3 və 332.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsini sübut etmək üçün kifayət etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir: Həmin Məcəllənin 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla X3 barəsində TP seriyalı ******* saylı, xx xxxxxx 2020-ci il tarixli qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. X1 Azərbaycan Respublikası İXM-in 327.2, 327.3 və 332.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olmasının qanunla müəyyən olunmuş qaydada müəyyən edilməsi mümkün olmadığı üçün o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Bu baxımdan inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Buna görə də Bakı şəhəri BPİ-nin Dövlət X7 əməkdaşı X4 tərəfindən qəbul edilmiş TP seriyalı ******* saylı, xx xxxxxx 2020-ci il tarixli qərar ləğv edilməli, X1 Azərbaycan Respublikası İXM-in 327.2, 327.3 və 332.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunması barədə qərar yenidən baxılması üçün Bakı şəhəri BPİ-nin Dövlət X9 göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri BPİ-nin Dövlət X7 əməkdaşı X4 tərəfindən qəbul edilmiş TP seriyalı ******* saylı, xx xxxxxx 2020-ci il tarixli qərar ləğv edilsin. X3 barəsində Azərbaycan Respublikası İXM-in 327.2, 327.3 və 332.1-ci maddələri ilə inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri BPİ-nin Dövlət X9 göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-2878/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2878/2020
24.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver