Məhkəmə qərarları › İş №3(005)-2886/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2886/2025

14.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2886/2025 14.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X7, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi (fərdi vəkil) X6 iştirakları ilə, xx.xx.1995-ci il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, ünvan 1 ünvanında yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 12 avqust 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs İmişli Rayon Məhkəməsinin e-16(036)- 18/202024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş icra məmuru X11 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, İmişli Rayon Məhkəməsinin e-16(036)-18/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Zərərçəkmiş şəxs xx.xx.2021-ci il təvəllüdlü övladı X4 ilə iş üzrə yekun qərar çıxarılanadək hər həftənin çərşənbə axşamı 17:00-dan 19:00-a qədər, hər həftənin bazar günü saat 12:00-dan 16:00-a qədər uşağın qaldığı ünvandan, götürüb qeyd olunan vaxtın sonuna həmin ünvana qaytarmaqla və hər gün 20 dəqiqədən az olmayaraq axşam saat 20:00-21:00 arası vıdeogörüntülü danışıq aparmaqla sərbəst ünsiyyət saxlanması müəyyən edilməklə ünsiyyətinə maneə yaradılması Şəxs qadağan edilməlidir. Həmin icra sənədi xx.xx.2024-cü il tarixdə şöbənin icraatına daxil olmuşdur. İcraata başlamaq haqqında qərarın surəti borclu tərəfindən qəbul etmişdir. Lakin borclu Şəxs hazırda icra sənədinin icrasını təmin etmir. Bununla da icra məmurunun qanuni tələblərinə əməl etməmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirmişdir ki, Raul adlı bir övladı var. Zərərçəkmiş şəxs onun əridir, hazırda boşanma ərəfəsindədirlər, İmişli Rayon Məhkəməsində boşanma ilə bağlı işə baxılır. Həmin məhkəmənin müvəqqəti təminat tədbiri barədə qərardadı ilə Zərərçəkmiş şəxs uşaqla ünsiyyəti nəzərdə tutulmuşdur. O, sonuncu dəfə xx.xx.2025-ci il tarixədək Şabanəlinin uşaqla ünsiyyətinə şərait yaratmış və məhkəmənin qərardadını icra etmişdir. Lakin son dövrlər Şabanəlinin Raulla ünsiyyətinin uşağın psixologiyasına mənfi təsir göstərməsinin şahidi olmuş və buna görə də bərk narahatlıq keçirir. Qarşı tərəf uşaqla düzgün davranmır, onunla videogörüntülü danışarkən spirtli içki qəbul edir, uşaq onun yanında olanda da spirtli içki qəbul edir və uşağa da içizdirir. Çünki uşaq evə gələndə ağlayaraq pivə içmək istədiyini, atasının ona içmək üçün pivə verdiyini demişdir. Bundan başqa uşaqla heyvan kimi rəftar edir, it və ya pişik kimi uşağa yemək yedizdirir. Uşaqla ünsiyyətin ləğv edilməsi üçün hüquqi müstəvidə mübarizəsini davam etdirir. Əvvəlcə Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə bu barədə xx.xx.2025-ci il tarixli ərizə ilə müraciət etmişdir. Lakin ona hər hansı köməklik göstərilməmiş, qarşı tərəf dəvət edilərək söhbətlər aparılmamışdır. Daha sonra əlində olan video və fotomaterialları Bakı şəhəri Nərimanov RİH-nə təqdim etmiş və xx.xx.2025-ci il tarixli məktubla Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə müraciət edilərək Zərərçəkmiş şəxs xx.xx.2021-ci il təvəllüdlü Raul Dadaşbəyli ilə ünsiyyətdə olan zaman onun psixi-emosional vəziyyətinə təsir etməsi, uşaq üçün zərərli hesab edilən vasitələrə təşviqedici yanaşma göstərməsi ehtimalları nəzərə alınaraq yetkinlik yaşına çatmayanın mənafeyinə uyğun müvafiq rəy verilənə qədər müvəqqəti təminat tədbiri olaraq təyin olunmuş görüş günlərini icra etməmək xahiş olunmuşdur. Bundan başqa avqust ayının 3-də uşağın xəstəliyi də olmuş, 38.5 dərəcə hərarəti müəyyən edilmiş, tibbi yardım göstərilmişdir. Bu səbəbdən də uşağı görüşdürmək üçün atasına verə bilməzdi. O, eyni zamanda xx.xx.2025-ci il tarixdə qeyd olunan video və fotogörüntülərlə Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə müraciət edərək Nərimanov RİH-nin məktubunu da əlavə etməklə, bu məsələ ilə bağlı komissiya yaradılmasını və qanunla müəyyən olunmuş qaydada atanın davranışına rəy verilməsini xahiş etmişdir. O, həmişə icra məmuruna bildirdiyi ünvanda olmuş, yaşayış yerini dəyişməmiş, barəsində formal olaraq axtarış elan edilmişdir. Ona görə də icra məmurunun axtarış elan etməsi və xx.xx.2025-ci il tarixdə onu ünvan 2 ünvanında tapa bilməməsi ilə razı deyildir. Onun hazırda məhkəmənin qərardadını yerinə yetirməməsi göstərdiyi üzürlü hallarla bağlıdır. Nərimanov RİH-nin məktubunu və uşağın mənafeyini nəzərə alaraq, bu məsələ ilə bağlı qəyyumluq və himayəçilik orqanı, yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi komissiyası, psixoloq, icra şöbəsinin nüməyəndəsi və s. vəzifəli şəxslərdən ibarət komissiyanın yaradılması və ata ilə ünsiyyətin uşağın mənafeyinə uyğunluğu barədə rəyin verilməsini gözləyir. O, bu barədə icra şöbəsinə və Ədliyyə Nazirliyinə müraciət etmiş, qabaqcadan məlumat vermişdir. Bu səbəbdən hazırkı məhkəmədə mühakimə edilməməli idi. Qeyd etdiyi halları göstərən videogörüntüləri məhkəməyə təqdim edərək barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi X9 eyniməzmunlu çıxış edərək, hüquqlarını müdafiə etdiyi Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs çıxış edərək bildirmişdir ki, Şəxs onun arvadıdır. Zümrüdlə münasibətləri alınmadığına görə boşanmaqla bağlı məhkəmədə iddia qaldırmışdır. Zümdür ondan boşanmaq istəmir. İmişli Rayon Məhkəməsinin qərardadı ilə azyaşlı oğlu Raulla ünsiyyəti nəzərdə tutulmuşdur. Bununla bağlı icra sənədi 2024-cü ilin yay aylarından bir neçə dəfə İmişli rayon İcra və Probasiya şöbəsi və Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsi arasında aidiyyəti üzrə göndərilmişdir. Buna səbəb isə Zümrüdün gah İmişli şəhərində, gah da Bakı şəhərində yaşamasını bəhanə etməsi olmuşdur. Həmin dövrlər də uşaqla ünsiyyətinə maneə yaradılmışdır. Bununla belə o, İmişli şəhərinə də gedib uşaqla görüşmüşdür. Boşanma işi ilə bağlı Zümrüd barəsində İmişli Rayon Məhkəməsi tərəfindən məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Lakin Zümrüd həmin ekspertizadan keçməkdən də imtina edir. Zümrüdün atası bir neçə dəfə, sonuncu dəfə isə 2025-ci ilin iyul ayının 24-25-də onun dostuna zəng edərək hədələmiş və əgər bu ekspertiza ləğv olunması uşağı ona göstərməyəcəyini demişdir. Ondan sonra sonuncu dəfə 2025-ci ilin iyul ayının sonlarında Raulla görüşsə də, sonrakı vaxtlarda uşağı ona göstərməmiş, videogörüntülü danışığı da təmin etməmişlər. O, bu barədə polis orqanına və icra şöbəsinə müraciət etmişdir. Uşaqla ünsiyyət üçün qərəzli olaraq Zümrüd tərəfindən müxtəlif bəhanələr irəli sürülür. Onun hazırda dediklərinin hamsı yalandır, o, uşağın psixologiyasına təsir etmir. Qarşı tərəfin təqdim etdiyi video öz kirayə qaldıqları evdə çəkilib, həmin vaxt onlar ailəli olmuşlar. Əksinə anası özü uşağın yanında içki içmişdir. Məhkəmənin uşaqla görüşlə bağlı qərardadı olmasına baxmayaraq tərəf onu icra etmir. Buna bəhanə kimi Nərimanov RİH-nin məktubunu göstərsə də, o, bu məsələni aydınlaşdırmaq üçün icra hakimiyyəti ilə əlaqə saxlamış, ona bu məktubun bir görüş üçün verildiyi bildirilmişdir. Qeyd olunanlara əsaslanaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İmişli Rayon Məhkəməsinin e-16(036)-18/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, tələbkar Zərərçəkmiş şəxs xx.xx.2021-ci il təvəllüdlü övladı X4 ilə iş üzrə yekun qərar çıxarılanadək hər həftənin çərşənbə axşamı 17:00-dan 19:00-a qədər, hər həftənin bazar günü saat 12:00-dan 16:00-a qədər uşağın qaldığı ünvandan, götürüb qeyd olunan vaxtın sonuna həmin ünvana qaytarmaqla və hər gün 20 dəqiqədən az olmayaraq axşam saat 20:00-21:00 arası vıdeogörüntülü danışıq aparmaqla sərbəst ünsiyyət saxlanması müəyyən edilməklə ünsiyyətinə maneə yaradılması Şəxs qadağan edilməlidir. “İcraata başlamaq haqqında” xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, İmişli Rayon Məhkəməsinin e-16(036)-18/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmiş, onun tərəfindən bildirişə imza edilməklə qəbul edilmişdir. Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən Nərimanov rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, vətəndaş Şəxs Nərimanov Rayon İcra Hakimiyyətinə etdiyi 5-14Z1-D-17-135/2025 nömrəli xx.xx.2025-ci il tarixli ərizəsinə əsasən sözügedən məsələ ilə bağlı əlavə olunmuş materiallar əsasında Zərərçəkmiş şəxs azyaşlı övladı xx.xx.2021-ci il təvəllüdlü X2 ilə ünsiyyətdə olan zaman onun psixi-emosional vəziyyətinə təsir etmiş, uşaq üçün zərərli hesab edilən vasitələrə təşviqedici yanaşma göstərmişdir. Qeyd olunanları nəzərə alaraq, yetkinlik yaşına çatmayanın mənafeyinə uyğun müvafiq rəy verilənə qədər Zərərçəkmiş şəxs müvəqqəti təminat tədbiri olaraq təyin olunmuş görüş günlərini icra edilməməsi xahiş edilmişdir. Borclunun axtarışı haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. xx.xx.2025-ci il tarixli Respublika Təcili və X5 Mərkəzi “PHŞ” həkiminin Xəbərdarlıq Vərəqəsindən görünür ki, X1 xx.xx.2025-ci il tarixdə tibbi yardım göstərilmişdir. Şəxs təqdim etdiyi “CD” diskdə mövcud olan görüntülərdən müəyyən olunur ki, uşağın yaşına uyğun olmayan, onun psixi saxlamlığına və tərbiyəsinə zidd olması ehtimal edilən hərəkətlər nümayiş etdirilmişdir. (uşağa içmək üçün pivə verilməsi, “it” və “pişik” kimi rəftar edilərək yemək yedizdirilməsi və s.) Zərərçəkmiş şəxs təqdim etdiyi “CD” diskdə mövcud olan fayllardan müəyyən olunur ki, ailə-məişət məsələləri ilə bağlı aralarında olan münaqişə, söz-söhbətlər əksini tapmışdır. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. Hüquqi məsələlər, məhkəmənin mövqeyi və gəldiyi nətəcənin əsasları: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, borclu tərəfindən icra sənədinin tələbləri uzun müddət yerinə yetirilmiş, 2025-ci ilin iyul ayının sonlarından Zərərçəkmiş şəxs övladı R.Dadaşbəyli ilə ünsiyyəti təmin edilməmişdir ki, borculu tərəfindən buna səbəb kimi Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən Nərimanov rayon İcra şöbəsinə ünvanlanmış uşaqla ünsiyyətin müvəqqəti dayandırılması barədə xx.xx.2025-ci il tarixli məktubun mövcudluğu göstərilmişdir. Qeyd olunan məktuba əsasən icra şöbəsindən yetkinlik yaşına çatmayanın mənafeyinə uyğun müvafiq rəy verilənə qədər Zərərçəkmiş şəxs müvəqqəti təminat tədbiri olaraq təyin olunmuş görüş günlərinin icra edilməməsi xahiş edilmişdir. Məhkəmə bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 50.1-ci maddəsinə əsasən uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir; 61.1-ci maddəsinə görə uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir; 61.2-ci maddəsinə əsasən uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır; 73.1-ci maddəsinə əsasən uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir; 73.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 oktyabr 2011-ci il tarixli 6 nömrəli Qərarının 2ci bəndində qeyd edilmişdir ki, məhkəmələr uşaqla ünsiyyətdə olma vaxtını müəyyən edərkən işin bütün hallarını, o cümlədən ailədə neçə uşağın olmasını, onların yaşını, bağçaya, yaxud məktəbə gedib-getməməsini, səhhətini, hansı valideynə daha çox bağlılığını, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amilləri nəzərə almalıdır. Tərəflərin qarşılıqlı münasibətləri, işin faktiki halları nəzərə alınmaqla məhkəmənin qətnaməsində uşaqla görüşün (ünsiyyətin) yeri, vaxtı, hansı şəraitdə keçirilməsi, eyni zamanda görüşdə iştirak edən şəxslərin dairəsi göstərilə bilər. Həmin qərarın 6-cı bəndində məhkəmələrə izah edilmişdir ki, uşaqların öz valideynləri və digər qohumları ilə ünsiyyətdə olmasının formaları (yazışma, şəxsi görüşlər, telefon danışıqları və s.) uşağın yaşından, onun və valideyninin yaşayış yerindən, ailədə münaqişələrinin olub-olmamasından və sair konkret hallardan asılı olaraq təyin edilə bilər. Göründüyü kimi, hazırda Zərərçəkmiş şəxs tərəflərin birgə nikahdan olan övladı R.Dadaşbəyli ilə ünsiyyətdə olma hüququnun təmin olunması İcra Hakimiyyətindən müvafiq rəy alınanadək dayandırılmışdır. Məhkəmə uşağın mənafeyini nəzərə alaraq hesab edir ki, həmin rəy əsasında Zərərçəkmiş şəxs uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına və tərbiyəsinə zərər yetirə bilməsi halının müəyyən edilməməsi halında onun uşağı ilə ünsiyyət hüququ yenidən təmin olunacaqdır. Qeyd olunanlara əsaslanaraq məhkəmə qənaətə gəlir ki, hazırda müvafiq məhkəmə qərarının icra edilməməsinə səbəb Şəxs icra sənədini icra etməkdən boyun qaçırmaq kimi qərəzli hərəkətləri ilə əlaqədar olmamışdır. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini məhz üzürsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan və borclu Şəxs tərəfindən icra sənədinin üzrlü səbəblərdən icra edilməməsi halı mövcud olduğundan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar