Məhkəmə qərarları › İş №3(005)-2908/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2908/2024

24.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2908/2024 24.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, X2 katibliyiilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin rəis müavini X6 tərəfindən qəbul edilmiş 22 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan Cetin İsmailin verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Cetin İsmail şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin rəis müavini X6 tərəfindən qəbul edilmiş 22 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində X9 Xidməti (bundan sonra - DƏMX) tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərar tərtib edilmiş, xx.xx.2024-cü il tarixdə isə həmin qərar tərəfindən təhvil alınmışdır. Tərtib edilmiş qərar ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qərarda işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilən, adları qeyd olunmuş vətəndaşlar X8, X4 və X7 ilə direktoru olduğu "xxxx" MMC (VÖEN: **********) (bundan sonra “KAPPA”) arasında müvafiq xidmətlərin göstərilməsinə dair xidmət müqavilələri bağlanmışdır. Əmək Məcəlləsinin 2-3.4-cü maddəsinə əsasən tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Odur ki, “KAPPA”nın əsas və əlavə fəaliyyət sahələrinin aşağıdakı kimi olduğunu və vətəndaşların sürücülük fəaliyyəti ilə məşğul olduğunu nəzərə alsaq, həmin vətəndaşlar ilə “KAPPA” arasında yaranan münasibətlərin əmək qanunvericiliyinə əsasən mülki hüquqi müqavilələr ilə rəsmiləşdirilməsinə yol verilir: 4211001-avtomobil yollarının, küçələrin, şose, avtomobil nəqliyyatı üçün digər yolların tikintisi (əsas fəaliyyət), 7010005-qeyri-dövlət inzibati binası, 4213101-kəsişən yolların üstündən salınan körpülər də daxil olmaqla, körpülərin tikintisi, 4213102-tunellər və yeraltı keçidlərin tikintisi 4120001-bütün tiplərdən olan yaşayış binaların, o cümlədən: koteclərin, çoxmənzilli evlərin tikintisi, 4212001-yerüstü dəmir yollarının tikintisi. Göründüyü kimi, “KAPPA” ümumiyyətlə nəqliyyat xidmətləri göstərmir. Odur ki, DƏMX-nin “KAPPA”nın həmin sürücülər ilə əmək müqaviləsi bağlamalı olduğunu tələb etməsi əsassızdır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (bundan sonra AAYDA) tələbinə əsasən işğaldan azad edilmiş ərazilərə daxil olmaq üçün “KAPPA” tərəfindən müvafiq məlumatlar AAYDA-ya təqdim olunmuşdur. DƏMX isə AAYDA tərəfindən portala daxil edilmiş məlumatların düzgünlüyünü araşdırmadan inzibati xəta haqqında iş üzrə icraata başlamışdır. Aydındır ki, AAYDA tərəfindən daxil edilən məlumatlar inzibati xəta hadisəsinin mövcudluğunu göstərməsi üçün kifayət deyil. Bununla yanaşı, qeyd etmək zəruridir ki, DƏMX tərəfindən tərtib olunmuş sözügedən qərarda istinad edilən xx.xx.2024cü il tarixli, MN ******* nömrəli protokol ona, hər hansı nümayəndəsinə və ya “KAPPA”nın işçilərinə təqdim edilməmişdir. Beləliklə, DƏMX işin materiallarını hərtərəfli araşdırmadan, qanunun tələblərinə riayət etmədən barəsində inzibati tənbeh vermə haqqında qərar vermişdir. Bundan əlavə qeyd etmək zəruridir ki, barəsində tərtib edilmiş inzibati tənbeh haqqında qərarın məzmunu ilə eyni mahiyyəti daşıyan MN ******* nömrəli 08 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokola aidiyyəti üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən baxılmış və müvafiq olaraq 3(005)-2127/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış materialın natamam olduğundan X9 Xidmətinə qaytarılmasına dair qərardad qəbul edilmişdir. X9 Xidmətinin onun İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyi barədə nəticəyə gələrkən hansı sübutlara istinad etməsi qeyri-müəyyən olduğu kimi, araşdırma aparmadan, sadəcə portaldakı məlumata əsasən X8, X4 və X3 “KAPPA”nın işçiləri olduğu qənaətinə gəlməsi və bu səbəblə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etməsi qanunvericiliyə zidd və əsassızdır. Göstərilənlərə əsasən hesab edir ki, barəsində qəbul edilən inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, şikayət vermiş şəxs və qərarından şikayət verilən səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, işə şikayət vermiş şəxsin və qərarından şikayət verilən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. "xxxx" MMC-nin direktoru Cetin İsmail məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılaraq yekun məhkəmə aktının çıxarılmasını xahiş etmişdir. Məhkəmə, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin rəis müavini X6 tərəfindən qəbul edilmiş 22 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün həmin İdarəyə göndərilməlidir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin rəis müavini X6 tərəfindən qəbul edilmiş 22 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, vətəndaşlar vətəndaşlar X8 xx.xx.2024-cü il tarixdən, X4 və X7 xx.xx.2024-cü il tarixindən hazırki tarixədək əmək müqavilələri Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. X14 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə onun barəsində 3000 (üç min) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2127/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dar inzibati xəta haqqında protokol və toplanmış materialın natamam olduğundan X9 Xidmətinə qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 3-cü maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətin yaranması üçün tərəflər arasında əmək münasibətləri mövcud olmalı, yəni işəgötürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmalı, həmçinin bu hallar əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həyata keçirilməlidir. İş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" MMC-nin direktoru Cetin İsmail işçilərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərə cəlb edilməsinə görə inzibati məsuliyyətə cəlb edilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, işçilərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərə cəlb edilməsinə görə hüquqi şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Lakin, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2127/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər X9 Xidmətinə geri qaytarılmışdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında göstərilir ki, məhkəmələr inzibati xəta haqqında işin mühüm əhəmiyyət kəsb edən bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla müvafiq xətaya görə həm hüquqi, həm də vəzifəli şəxsin inzibati tənbeh edilməsinin məqsədəmüvafiqliyi məsələsini inzibati xətalar qanunvericiliyinin vəzifələri və prinsipləri, həmçinin inzibati tənbehin məqsədləri baxımından həll etməlidir. Məhkəmə, indiki vəziyyətdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)- 2127/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə X5, X1 və X3 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərə cəlb edilməsinə görə "xxxx" MMC-nin barəsində tərtib edilmiş protokolun geri qaytarılmasını, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)- 2127/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb etməsini nəzərə alır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Bundan başqa iş materiallarından müəyyən edilmişdir ki, X9 Xidməti tərəfindən iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən şikayət vermiş şəxsin qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. Habelə iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas göstərilmədən onun barəsində natamam araşdırma aparmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Səlahiyyətli orqan tərəfindən isə qeyd olunan xüsusatlar üzrə qanunvericiliyin tələblərinə uyğun araşdırmanın aparılmamış olması və araşdırma zamanı şəxsin hüquqlarının təmin edilməməsi, eləcə də Cetin İsmailin şikayətində göstərdiyi dəlilər məhkəmədə onun inzibati xətanın subyekti olmasına şübhə yaradır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə (Təqsirsizlik prezumpsiyası) əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi dəfələrlə öz qərarlarında vurğulamışdır ki, təqsirsizlik prezumpsiyası hüququna görə məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirli şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı bir şübhə onun xeyrinə həll olunmalıdır. Bu isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, Cetin İsmail barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla Cetin İsmail barəsində “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Bu səbəbdən də Cetin İsmail Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə, barəsində icraat aparılan şəxsin iştirakı ilə yenidən əsaslı qərar qəbul edilməlidir. Ona görə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin rəis müavini X6 tərəfindən qəbul edilmiş 22 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin İdarəyə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin rəis müavini X6 tərəfindən qəbul edilmiş 22 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin idarəyə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar