Məhkəmə qərarları › İş №3(005)-291/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-291/2021

21.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-291/2021 21.01.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 nömrəli Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov rayon İcra və Probasiya şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına xx xxxxxx 2021-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-8199/17 nömrəli, xx.xx.2017-ci il tarixli, 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2(82)-731/2016 nömrəli, xx.xx.2016-ci il tarixli, 48 saylı notariat orqanının 7E-705910 nömrəli, xx.xx.2018-ci il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2167/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədlərinə əsasən tələbi yerinə yetirməkdən yayınır. Beləliklə, barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN seriyalı ******* nömrəli, xx xxxxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokola əlavədən görünür ki, 2 nömrəli Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-731/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən, Şəxs Zilqədər oğlundan 10094 manat və 30 manat dövlət rüsumu tutularaq “xxxx” MMCnin xeyrinə tutulması qərara alınmışdır. Nərimanov rayon Məhkəməsinin 2(005)- 8199/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən, Şəxs Zilqədər oğlundan 183.27 manat tutularaq "xxxx” MMC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. 48 nömrəli Notariat kontorunun 7E-705910 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən, Şəxs Zilqədər oğlundan 24510 manat pul vəsaitinin X2 xeyrinə tutulması qərara alınmışdır. Nərimanov rayon Məhkəməsinin 2(005)-2167/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən, Şəxs Zilqədər oğlundan 5436.40 manat və 30 manat dövlət rüsumunun “xxxx” MMC-nin xeyrinə tutulması qərara alınmışdır. İcra sənədləri xx.xx.2016-cı il, xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il tarixlərdə icraata daxil olmuş, icra sənədləri üzrə müvafiq qaydada icraata başlanılmış və borclunun ünvanına tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Sonrakı müddət ərzində borclu Şəxs Zilqədər oğlu müəyyən edilmiş borcu tələbkarların xeyrinə ödəməmişdir. Dəfələrlə borclu icra şöbəsinə dəvət olunmuş, onun izahatı alınmış və bildirmişdir ki, yaranmış borcunu tələbkarların xeyrinə 150 manatdan 200 manatadək miqdarında ödəyə bilər. İcra sənədi icraatda olduğu müddətdə ona dair icra hərəkətləri həyata keçirilmiş, borclu Şəxs Zilqədər oğlunun əmlak vəziyyətini müəyyən edilməsi üçün müvafiq idarə və bank təşkilatlarına sorğular göndərilmiş borcluya məxsus “Vaz 21074” minik markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmiş və üzərinə məhkəmə qərardadı ilə həbs qoyulmuş icra olunması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X9 göndərilmişdir. Bundan əlavə borclu Şəxs Zilqədər oğlu icra məmurunun qanunu tələblərini yerinə yetirməyərək şöbəyə dəvət olunsa da qaçaraq gəlməmişdir. Bu səbəbdən xx.xx.2020-ci il tarixdə borclunun axtarılması barədə qərar qəbul edilərək icra olunması üçün Nərimanov rayon Polis İdarəsinə göndərilmişdir. xx.xx.2021-ci il tarixdə borclu Şəxs Zilqədər oğlu öz təşəbbüsü ilə şöbəyə gəlmiş, yazılı izahat verərək borclarını tam şəkildə ödəməyə heç bir imkanı olmadığını, yalnız ayda 150-200 manat miqdarında ödəyəcəyini bildirmişdir. 2 nömrəli Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-731/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə üzrə 9124 manat, Nərimanov rayon Məhkəməsinin 2(005)-8199/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə 183.27 manat, 48 nömrəli Notariat kontorunun 7E-705910 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə 24510 manat və Nərimanov rayon Məhkəməsinin 2(005)-2167/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə 5466.40 manat Şəxs Zilqədər oğlunun hazırda borcu qalmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Nərimanov rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun olaraq izahat verərək Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, hazırki pandemiya şəraiti və karantin rejimi ilə əlaqədar borcunu ödəyə bilmir. İcra sənədləri üzrə tələb olunan məbləğləri hissə-hissə ödəmək istəsə də, tələbkarlar buna razı olmamışlar. Maddi vəziyyəti düzələn kimi, yəni işlədiyi halda borcunu ödəyəcəyini bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili Vəkil Şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri 48 saylı Notariat kontorunun 7E-705910 nömrəli, xx.xx.2018-ci il tarixli icra qeydindən görünür ki, X3 xeyrinə Şəxs Zilqədər oğlundan müddət üçün vaxtında ödənilməmiş 24500 manat pul tutulmalıdır; “İcraata başlamaq haqqında” xx xxxx 2018-ci il tarixli qərarın və həmin tarixli tələbin könüllü icrası haqqında 125876/2018-15-2 nömrəli bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı şəhəri 48 saylı Notariat kontorunun 7E-705910 nömrəli, xx.xx.2018-ci il tarixli icra qeydinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2167/2018 nömrəli, xx xxx 2018-ci il tarixli icra vərəqəsindən görünür ki, iddiaçı “xxxx” MMC ilə cavabdeh Şəxs Zilqədər oğlu arasında bağlanmış xx.xx.2015-ci il tarixli, borcun etirafı və ödəniş qaydası haqqında müqaviləyə əsasən cavabdeh Şəxs Zilqədər oğlundan 5435,40 (beş min dörd yüz otuz beş manat qırx qəpik) manat məbləğində borc, 1 (bir) manat dəbbə borcu, cəmi 5436,40 (beş min dörd yüz otuz altı manat qırx qəpik) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq “xxxx" MMC-nə ödənilməlidir; “İcraata başlamaq haqqında” xx xxxx 2018-ci il tarixli qərarın və həmin tarixli tələbin könüllü icrası haqqında 156500/2018-15-20-İ nömrəli bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2167/2018 nömrəli, xx xxx 2018-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-8199/2017 nömrəli, xx xxxxxx 2017-ci il tarixli icra sənədindən görünür ki, borclu Şəxs kreditor “Azercell Telekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 163.27 manat borc və 20 manat dövlət rüsumu tutulmalıdır; “İcraata başlamaq haqqında” xx xxxxxx 2017-ci il tarixli qərarın və həmin tarixli tələbin könüllü icrası haqqında 334.262/2017 nömrəli bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-8199/2017 nömrəli, xx xxxxxx 2017-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; 2 nömrəli Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-731/2016 nömrəli, xx.xx.2016cı il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs 10094 manat məbləğində əsas borca görə pul vəsaiti və dövlət gəlirlərinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğ “xxxx” firmasının xeyrinə tutulmalıdır; “İcraata başlamaq haqqında” xx xxxxxx 2016-cı il tarixli qərarın və həmin tarixli tələbin könüllü icrası haqqında xx/xx-6429-14 nömrəli bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, 2 nömrəli Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-731/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). İnzibati material üzrə araşdırılan sübutlarla müəyyən olunmuşdur ki, Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, qərəzli olaraq icra sənədlərini icra etməmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafından başqa, tədqiq olunmuş sübutlarla tam təsdiqini tapmışdır. Belə ki, İXM-in 528.1-ci maddəsinin dizpozisiyasından məlum olur ki, həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs icra sənədini üzrsüz səbəbdən icra etmir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə qeyd edir ki, Şəxs törətdiyi xətanı etiraf etməsini əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini, tələbkarların mənafeyini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Əlavə olaraq məhkəmə qeyd edir ki, İXM-in 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarının: 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir; 4-cü bəndinə əsasən bu qərarla müəyyən edilən məbləğlər müdafiəçinin (vəkilin) təqdim etdiyi hesabata müvafiq olaraq məhkəmənin əsaslandırılmış qərarı əsasında bu məhkəmənin yerləşdiyi ərazinin maliyyə orqanları tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına vəkillərin müvafiq ərazi qurumu hesabına ödənilir; 5-ci bəndinə əsasən bu qərarın 1-ci və 4-cü hissələri İXM-in 66.3-cü maddəsində nəzərdə tutulmuş hallara, həmçinin mülki işlər və inzibati mübahisələrə dair işlər üzrə şəxsin Azərbaycan Respublikasının Ali Məhkəməsində təmsil edilməsi zamanı vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, vəkil tərəfindən göstərilən hüquqi yardım hallarına da şamil edilir. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 nömrəli Vəkil Bürosunun vəkili Vəkil dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə, həmçinin Vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 4 (dörd) iş saatı üçün cəmi 24 (iyirmi dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Azərbaycan Respublikası DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə tabe olan inzibati həbs olunanların saxlama məntəqəsinə həvalə edilsin. Vəkil tərəfindən Şəxs hüquqlarının məhkəmə iclasında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 4 (dörd) iş saatı üçün cəmi 24 (iyirmi dörd) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar